12 sentyabr 2026 16:28
96

Azərbaycan və Türkiyənin diaspor qurumları aarsında növbəti Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair növbəti Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyəyə işgüzar səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirib. Səfərin əsas məqamlarından biri sözügedən Anlaşma Memorandumunun imzalanması olub.

Sənədi Fuad Muradov və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin sədri Abdulhadi Turus imzalayıblar. Məlumata görə, memorandum hər iki ölkənin diaspor qurumları arasında mütəmadi fikir mübadiləsinin aparılması, birgə tədbir, layihə və təşəbbüslərin həyata keçirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin artırılması və xaricdə yaşayan icmaların potensialından daha səmərəli istifadə olunması üçün yeni imkanlar yaradır.

Sənədin əsas məqsədlərindən biri xaricdə yaşayan soydaşların milli-mədəni dəyərlərinin qorunması və təbliği, icmaların təşkilatlanmasının dəstəklənməsi, gənclərin diaspor fəaliyyətinə daha fəal cəlb edilməsi və dövlət-diaspor əlaqələrinin müasir və səmərəli mexanizmlər əsasında inkişaf etdirilməsidir. Tərəflər memorandumun həyata keçirilməsi ilə diaspor sahəsində qarşılıqlı əməkdaşlığın institusional əsaslarının daha da güclənəcəyinə, uğurlu təcrübələrin paylaşılması və yeni təşəbbüslərin formalaşmasına, xaricdə yaşayan icmalar arasında həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə ediblər.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi nəzdində Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsi arasında diaspor siyasəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu ilk dəfə 10 noyabr 2018-ci il tarixində imzalanıb. Memorandum iki qardaş ölkənin diaspor qurumları arasında əlaqələrin daha sistemli və davamlı şəkildə inkişaf etdirilməsi üçün mühüm hüquqi və institusional baza formalaşdırıb.

Əlavə edilib ki, Dövlət Komitəsi beynəlxalq əməkdaşlığın genişləndirilməsi və diaspor fəaliyyəti sahəsində təcrübə mübadiləsinin gücləndirilməsi məqsədilə 2018-2025-ci illərdə Rumıniya, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Meksikanın müvafiq dövlət qurumları ilə diaspor fəaliyyəti sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumları imzalayıb. İmzalanmış sənədlər Dövlət Komitəsinin beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi, Azərbaycanın diaspor siyasətinin qlobal müstəvidə daha sistemli şəkildə təşviq edilməsi, xaricdə yaşayan soydaşlarımızın imkan və potensialının daha səmərəli əlaqələndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.