12 sentyabr 2026 18:45
93

Anım Günü ilə bağlı mühüm müzakirə - Hərbi təşkilatlar fəaliyyətlərini gücləndirir

Sentyabrın 12-də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Səbail rayon şöbəsinin ofisində Hərbi Yönümlü Təşkilatlar İttifaqına üzv olan qurumların rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Görüşdə əsas müzakirə mövzularından biri 27 Sentyabr – Anım Günü ilə bağlı keçiriləcək tədbirlərin təşkili və bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsi olub.

“İki sahil” xəbər verir ki,  toplantıda Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirməsi İctimai Brliyinin sədri, Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranlar və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev, Şəhid Ailələri Müharibə Əlilləri və Veteranları Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov, Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai Birliyinin sədri Radə Abbas, Ehtiyatda Olan Zabitləri Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik Həsən Əmirov, “20 Yanvar Cəmiyyəti” İctimai Birliyinin sədri Sultan Əzimzadə və digər hərbi-vətənpərvərlik fəalları iştirak ediblər.

Toplantının giriş sözü ilə Emin Həsənli açıb. Ölkənin ərazi bütövlüyü canlarından keçən şəhidləri xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Görüşdə şəhid ailələri və qazilərlə bağlı dövlət siyasətinin ictimaiyyətə daha geniş şəkildə çatdırılmasının vacibliyi vurğulanıb.

Eyni zamanda, şəhid ailələri və qazilərin qarşılaşdıqları problemlərin müəyyənləşdirilməsi və onların həlli istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Qeyd olunub ki, bu sahədə fəaliyyət göstərən hərbi yönümlü təşkilatların fəaləiyyətinin əlaqələndirilməsinə ehtiyac var. 

Emin Həsənli bildirib ki, Vətən müharibəsində əldə olunan tarixi Qələbə nəticəsində Qarabağ işğaldan azad edilib. Onun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı çərçivəsində genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzura böyük qayıdış prosesi uğurla davam etdirilir. 

“Bütün bu proseslərlə yanaşı, cəmiyyətdə hərbi-vətənpərvərlik tərbiyəsi və maarifləndirmə işi bir an belə səngiməməlidir. Xüsusilə gənclərin milli-mənəvi dəyərlər, vətənpərvərlik və dövlətçilik prinsipləri ruhunda maarifləndirilməsi mühüm əhəmiyyət daşıyır”-deyə, o, bildirib. E.Həsənli hərbi yönümlü təşkilatların rəhbər və üzvlərini, eləcə də gəncləri sosial şəbəkələrdə daha fəal olmağa çağırıb. O bildirib ki, Vətən müharibəsi ilə bağlı həqiqətlərin, Azərbaycan Ordusunun Qələbəsinin və şəhidlərimizin qəhrəmanlığının geniş ictimaiyyətə çatdırılmasında sosial medianın imkanlarından daha səmərəli istifadə edilməlidir.

Emin Həsənli qeyd edib ki, hərbi yönümlü təşkilatlar dövlət qurumları, parlament və nazirliklərlə şəhid ailələri və Qarabağ qaziləri arasında mühüm körpü rolunu oynamalıdır. Onun sözlərinə görə, bu təşkilatlar şəhid ailələri və qazilərin qarşılaşdığı problemlərin aidiyyəti qurumlara çatdırılmasında fəal iştirak etməlidirlər. 

Füzuli Rzaquliyev xüsusilə gənc qazilər arasında işlərin daha da gücləndirilməsini vacib hesab edib. O, gənc qazilərin qarşılaşdığı problemlərin diqqətdə saxlanılmasının və onların həlli istiqamətində məqsədyönlü addımların atılmasının əhəmiyyətini vurğulayıb. F.Rzaquliyev bu sahədə hərbi yönümlü təşkilatların fəallığının artırılmasının vacibliyini qeyd edib.

Mehdi Mehdiyev Qarabağ qaziləri arasında maarifləndirmə və təbliğat işlərinin daha da gücləndirilməsinin vacibliyini bildirib. O, qazilərin cəmiyyətə inteqrasiyası, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ruhunun təbliği istiqamətində tədbirlərin artırılmasını təklif edib. M.Mehdiyev qeyd edib ki, bu istiqamətdə hərbi yönümlü təşkilatların fəaliyyəti və qazilərlə mütəmadi görüşlər mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, gənc nəslin Vətənə, dövlətə və milli dəyərlərə bağlılığının gücləndirilməsində qazilərin nümunəsi xüsusi rol oynayır.

Asəf Əliyev son dövrlər sosial şəbəkələrdə şəhid ailələrinin adının mənfi məqamda hallandırılmasını kəskin şəkildə qınayıb. O, belə halların yolverilməz olduğunu və cəmiyyətdə mənfi təsirlər yaratdığını bildirib. Asəf Əliyev qeyd edib ki, şəhid ailələrinin nüfuzuna xələl gətirən ifadələrdən və yanaşmalardan çəkinmək lazımdır. O, sosial şəbəkə istifadəçilərini bu məsələdə daha həssas və məsuliyyətli olmağa çağırıb.

“20 Yanvar Cəmiyyəti” İctimai Birliyinin sədri Sultan Əzimzadə son illər müharibə veteranları və əlillərə göstərilən dövlət qayğısından danışıb. O, bu kateqoriyadan olan şəxslərin mənzillərlə təmin edildiyini bildirib. Sultan Əzimzadə görülən işləri yüksək qiymətləndirməklə yanaşı, bu məsələnin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, şəhid ailələri, veteranlar və əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilməlidir.

Şəhid Ailələri, Müharibə Əlilləri və Veteranları Müdafiəsi İctimai Birliyinin sədri Tahir Məmmədov məhkəmə proseslərində daha fəal iştirak etməyin vacibliyini vurğulayıb. O, həssas təbəqələrdən olan insanların hüquqlarının müdafiəsi istiqamətində işlərin gücləndirilməsinə çağırıb. Tahir Məmmədov bildirib ki, bu kateqoriyadan olan şəxslərə həm hüquqi, həm də mənəvi dəstəyin göstərilməsi mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, problemlərin yerində öyrənilməsi və aidiyyəti qurumların diqqətinə çatdırılması üçün vətəndaş cəmiyyəti institutları daha fəal olmalıdır. O, şəhid ailələri, müharibə əlilləri və veteranların hüquqlarının müdafiəsinin daim diqqətdə saxlanılmasının vacibliyini qeyd edib.

Radə Abbas 15 Sentyabr – Bakının Qurtuluş Günü ərəfəsində şəhid ailələri və Qarabağ qazilərinin Türkiyəyə nəzərdə tutulan səfərindən danışıb. Onun sözlərinə görə, səfər çərçivəsində Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Killigilin məzarı ziyarət olunacaq. Türkiyədə şəhid ailələri və Qarabağ qazilərinin yerli qazi və veteranlarla görüşlərinin keçirilməsi də nəzərdə tutulur. Radə Abbas bildirib ki, bu görüşlər iki qardaş ölkənin veteranları və şəhid ailələri arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək. O, səfərin tarixi yaddaşın yaşadılması və Azərbaycan-Türkiyə qardaşlığının təbliği baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Toplantının sonunda qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi üçün birgə fəaliyyətin davam etdirilməsi və konkret addımların atılması barədə razılıq əldə olunub.