15 sentyabr 2026 16:24
106

“SABAH.city”də BDU-nun tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq


Bakı Dövlət Universitetinin (BDU) “SABAH.city” innovasiya şəhərciyində fəaliyyətinin təşkili ölkədə müasir elm və təhsil sisteminin inkişafı, yüksək rəqabətli insan kapitalının formalaşdırılması, təhsil-elm-sənaye əlaqələrinin gücləndirilməsi və elmi nəticələrin praktiki tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Layihənin əsas məqsədi BDU-nun təhsil, elmi-tədqiqat və innovasiya potensialını “SABAH.city” innovasiya ekosistemi ilə inteqrasiya etməklə müasir əmək bazarının tələblərinə cavab verən, praktiki və tədqiqat bacarıqlarına malik yüksəkixtisaslı kadrların hazırlanması üçün yeni təhsil-tədqiqat-sənaye modelinin formalaşdırılmasıdır.

Bu çərçivədə tələbələrin nəzəri biliklərinin müasir laboratoriya şəraitində praktik bacarıqlara çevrilməsi, tədris prosesinin əmək bazarının və sənaye tərəfdaşlarının tələbləri ilə əlaqələndirilməsi, təhsil prosesinin elmi-tədqiqat fəaliyyəti ilə daha sıx inteqrasiyasının təmin edilməsi, nanofizika, nanotexnologiya, biotexnologiya, biokimya və nanobiologiya kimi prioritet və yüksək texnologiyalara əsaslanan istiqamətlər üzrə müasir kadr hazırlığının gücləndirilməsi, tələbə və gənc tədqiqatçıların innovasiya və sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, elmi nəticələrin patentləşdirilməsi və kommersiyalaşdırılması imkanlarının genişləndirilməsi, universitet-sənaye əməkdaşlığının institusional əsaslarının möhkəmləndirilməsi, BDU-nun beynəlxalq elmi və təhsil əməkdaşlığı imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Layihənin ilkin mərhələsində BDU ilə Yüksək Texnologiyalar Parkı arasında əməkdaşlıq mexanizmləri yaradılıb, “SABAH.city” MMC ilə razılaşma protokolu imzalanıb və müvafiq fəaliyyət planları hazırlanıb.

“SABAH.city”də BDU üçün tədris və tədqiqat infrastrukturu formalaşdırılacaq. Ümumilikdə 407,1 kv.m. sahədə 2 laboratoriya, 3 auditoriya və 1 inzibati otaq yaradılıb. İnfrastrukturun əsas hissəsini Nanobiologiya, biotexnologiya və biokimya laboratoriyası və Nanofizika laboratoriyası təşkil edir. Nanobiologiya, biotexnologiya və biokimya laboratoriyasında mikrobiologiya, hüceyrə kulturası, molekulyar biologiya, spektroskopiya və mikroskopiya istiqamətlərində praktiki məşğələlərin və tədqiqatların aparılması nəzərdə tutulur. Nanofizika laboratoriyasında optika, elektronika, nano-sintez, səth analizi və materialşünaslıq istiqamətlərində praktiki tədris və tədqiqat imkanları yaradılacaq. Laboratoriyalarda 331 adda fiziki avadanlıq və ləvazimat dəsti, 11 elmi sahəni əhatə edən təqribən 190 real təcrübə imkanı və tələbələr üçün praktiki məşğələlərin təşkili nəzərdə tutulur.

Fiziki laboratoriyaların fəaliyyətini tamamlayan mühüm komponentlərdən biri virtual laboratoriya platformasıdır. Platforma 11 elmi modul və 60-dan çox interaktiv təcrübəni əhatə edir, Azərbaycan və ingilis dillərində istifadəyə imkan verir və 24/7 əlçatanlıq prinsipi ilə fəaliyyət göstərir. Tələbə əvvəlcə təcrübəni virtual mühitdə bir neçə dəfə həyata keçirir, daha sonra dərs zamanı real avadanlıq üzərində həmin təcrübəni icra edir və sonda qiymətləndirmədən keçir. Bu yanaşma həm tələbənin hazırlıq səviyyəsini yüksəldir, həm də real laboratoriyada vaxtın daha səmərəli istifadəsinə imkan verir.

Layihənin ən mühüm nəticələrindən biri yüksəkixtisaslı və praktiki bacarıqlara malik insan kapitalının formalaşdırılmasıdır. İlkin olaraq “SABAH.city”də magistratura səviyyəsində Biologiya, Kimya və Fizika ixtisasları üzrə tədrisin, bakalavriat səviyyəsində isə uyğun ixtisaslarda müəyyən fənlərin tədrisinin təşkili nəzərdə tutulub. Bununla yanaşı, əmək bazarının tələblərinə uyğun beynəlxalq peşəkar sertifikatlaşdırma proqramlarının kurikuluma inteqrasiyası və  təhsilalanların bu proqramlara cəlb olunması nəzərdə tutulur.

Layihə çərçivəsində tələbə və tədqiqatçıların sahibkarlıq, innovasiya və elmi nəticələrin kommersiyalaşdırılması üzrə bilik və bacarıqları da inkişaf etdiriləcək.