15 sentyabr 2026 22:46
82

20 Sentyabr - Dövlət Suverenliyi Günü: Milli dövlətçilik tariximizin qürur səhifəsi

Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq Azərbaycan xalqının müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.

Prezident İlham Əliyevin 2024-ci il 19 sentyabr tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında bildirilir ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir: “Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”

Azərbaycan qırx dörd günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə ilə ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edərək BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsin nail oldu. İkinci Qarabağ müharibəsində məğlub olan Ermənistan və qondarma Dağlıq Qarabağ rəhbərliyi heç bir vəchlə sülh müzakirələrinə başlamaq istəmədilər, konstruktiv davranmadılar. BMT-yə üzv olan heç bir dövlət tərəfindən müstəqilliyi tanınmayan qondarma rejimin Qarabağda fəaliyyətini davam etdirməsi qeyri-qanuni və əlbəttə ki, suveren dövlət daxilində qəbuledilməz idi.

2022-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan öz qoşunlarını Azərbaycan ərazisindən tam şəkildə çıxarmaq öhdəliyini üzərinə götürdü. Lakin Ermənistan xüsusilə 2020-ci ildən sonra istehsal edilmiş silah-sursatı, o cümlədən minaları qanunsuz yollarla Qarabağın Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərinə daşıyıb, 480 kilometrədək təmas xətti boyunca yeni minalanmış ərazilər, 500-dən artıq döyüş mövqeyi və möhkəmləndirilmiş uzunmüddətli atəş nöqtəsi, müxtəlif tipli artilleriya qurğuları üçün 350-dən artıq atəş mövqeyi, kəşfiyyat-müşahidə vasitələri quraşdırdı. Bundan başqa Ermənistan ərazidə hücum əməliyyatlarını yerinə yetirə bilən hərbi qüvvələr cəmləşdirdi.

Ermənilər mütəmadi olaraq atəşkəsi pozur, təhlükəsizliyi ciddi şəkildə təhdid edirdilər. 2023-cü il sentyabrın 19-da Xocavənd rayonu ərazisində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus avtomobilin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həyatını itirdi. Həmin gün bu terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edən polis işçilərinin də maşını minaya düşdü nəticədə DİN-in 4 polisi həyatını itirdi, 5 polis isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Daha sonra məlum oldu ki, maşın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşüb.

Azərbaycan hökuməti qətiyyətli addım ataraq, peşəkarlıqla həyata keçirilən əməliyyat nəticəsində 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayının üzərində Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu, hakimiyyətin aliliyinin və nəzarət funksiyasının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində atılan ən ciddi addım idi.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.

Qarabağdakı qondarma rejim özünü buraxdığını elan etdi. Bununla da Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir. 20 sentyabr, həmçinin bu gün üçrəngli Bayrağımızın qürurla dalğalandığı Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin erməni sepratçılarından təmizlənməsi kimi tariximizə yazılıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. Bu Sərəncam Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə qırx dörd günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha nümayiş etdirir.

Zahid Rza, “İki sahil”