15 sentyabr 2026 21:36
190

Ordubad rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirilib - FOTO

Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ordubad Rayon İcra Hakimiyyətinin inzibati binasında icra hakimiyyətinin başçısı Nurlan Hacıyevin, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 13-cü ərazi sektorunun müdiri Çingiz Əliyevin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Firidun Tağıyevin, Rayon İcra Hakimiyyətində yaradılmış rayon qərargahının üzvlərinin, həmçinin zona müşavirəsində təşəbbüsləri səsləndirilmiş sahibkarların iştirakı ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, görüş zamanı Dövlət Proqramında qarşıya qoyulmuş vəzifələrin Ordubad rayonunda icrası, rayonun aqrar potensialının genişləndirilməsi, müasir və intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi, istehsal həcminin və məhsuldarlığın artırılması, eləcə də kənd təsərrüfatının inkişafı üçün mövcud imkanlardan səmərəli istifadə məsələləri müzakirə olunub. Aqrar sahədə fəaliyyət göstərən sahibkarların qarşılaşdıqları problemlər, onların həlli yolları və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün ardından təsərrüfat subyektlərində görülən işlərlə yerində tanış olmaq məqsədilə baxış keçirilib. Baxış zamanı intensiv bağçılıq, quşçuluq, istixana təsərrüfatı, heyvandarlıq və konserv məhsullarının istehsalı sahələrinə diqqət yetirilib, təsərrüfat sahiblərinin qarşılaşdıqları problemlər dinlənilib. Təsərrüfat sahiblərinə Dövlət Proqramının məqsəd və vəzifələri, aqrar sahənin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər, tətbiq olunan subsidiya mexanizmləri və dövlət dəstəyi imkanları barədə məlumat verilərək, mövcud imkanlardan səmərəli istifadə, istehsal həcminin və məhsuldarlığın artırılması, müasir aqrotexniki yanaşmaların tətbiqi, istehsal proseslərinin təkmilləşdirilməsi və yeni istehsal sahələrinin yaradılması istiqamətində müvafiq tövsiyələr verilib. Eyni zamanda, aqrar sahədə fəaliyyət göstərən sahibkarların təşəbbüslərinin dəstəklənməsi və kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın əhəmiyyəti vurğulanıb.