16 sentyabr 2026 09:30
103

ABŞ və Almaniya hərbi-sənaye əməkdaşlığını genişləndirir

ABŞ-ın hərbi naziri Pit Heqset və Almaniyanın müdafiə naziri Boris Pistorius Vaşinqtonda keçirilən görüşdə iki ölkə arasında hərbi-sənaye əməkdaşlığının inkişaf etdirilməsi barədə razılığa gəliblər.

“İki sahil” xəbər verir ki,  bu barədə Pentaqonun mətbuat xidməti tərəfindən yayılan bəyanatda bildirilib.

Sənədə əsasən, Heqset və Pistorius NATO-nun yenilənməsi ilə bağlı "NATO 3.0" konsepsiyasını, Avropanın hərbi xərclərinin artırılmasını, eləcə də iki ölkənin hərbi-sənaye bazasını müzakirə ediblər.

Bəyanatda vurğulanıb ki, iki nazir Pentaqonun silah və hərbi texnika satınalma sisteminin islahatı strategiyasını Almaniyada silah və Bundesver üçün avadanlıqların satın alınması prosesinin sürətləndirilməsinə dair qanunla əlaqələndirməyə yönəlmiş saziş imzalayıblar.

Heqsetin sözlərinə görə, əldə olunan razılaşmalar iki ölkə arasında hərbi-sənaye sahəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə genişləndirilməsinə imkan verəcək.

Onun sözlərinə görə, bu razılaşmalar həmçinin ABŞ və Almaniyanın NATO üzrə müttəfiqlərinə silah tədarükünün sürətini və həcmini artırmağa imkan verəcək.