16 sentyabr 2026 15:57
88

Azərbaycanın suveren ərazisinə beynəlxalq səfəri hədəfə almaq ziddiyyətli mövqedir

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin  sentyabrın 11-12-də Qarabağ və Şərqi Zəngəzura səfəri mühüm siyasi əhəmiyyət daşıyır.  Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150-yə yaxın diplomatik nümayəndənin iştirakı təsadüfi deyil. Bu səfər xarici diplomatların beynəlxalq ictimaiyyətin Azərbaycanın suveren ərazisində baş verən proseslərlə yerində tanışlığı baxımından mühüm hadisədir.  Xarici diplomatların Azərbaycan ərazisinə səfəri tamamilə qanuni, legitim və beynəlxalq diplomatik praktikaya uyğun addımdır. Buna görə də həmin səfərə Ermənistan cəmiyyətinin ayrı-ayrı dairələrində göstərilən aqressiv münasibət yalnız təəccüb doğurmur, eyni zamanda bəzi dairələrin regiondakı yeni reallıqları qəbul etməkdə çətinlik çəkdiyini nümayiş etdirir.

Səfər çərçivəsində Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcərdə həyata keçirilən bərpa-quruculuq işləri, yeni infrastruktur layihələri və sosial-iqtisadi inkişaf prosesi nümayiş etdirilib. Diplomatlar gördükləri mənzərənin Ermənistanın illərlə formalaşdırdığı saxta təsəvvürlərin tam əksi olduğunu qeyd ediblər. : “Şuşada, Xankəndidə və digər ərazilərdə aparılan bərpa-quruculuq işləri, Zəfər Parkı ilə tanışlıq bölgənin bu gün necə dəyişdiyini göstərib. Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərinin taleyi bu baxımdan xüsusilə diqqətçəkəndir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bütün ərazisində bərpa edib. Bu reallıq artıq diplomatik təmasların və beynəlxalq nümayəndələrin bölgəyə səfərlərinin praktikasında da öz əksini tapır. Burada yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri, inzibati binalar, hava limanları və digər sosial obyektlər tikilir. Ən başlıcası isə, vaxtilə öz doğma yurdlarından didərgin salınmış Azərbaycan vətəndaşlarının qayıdışı təmin edilir. Təbii ki, bu prosesin beynəlxalq diplomatların diqqətində olması tamamilə normal hal kimi qəbul edilməlidir.

Son illərdə Ermənistan hakimiyyəti Azərbaycanla sülh prosesinə sadiq olduğunu dəfələrlə bəyan edib. Lakin, Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan dövlətinin apardığı bərpa işlərini mübahisə predmetinə çevirmək, Azərbaycan ərazisindəki tarixi və dini abidələrə dair birtərəfli iddialar irəli sürmək, xarici diplomatların bölgəyə səfərinə etiraz etmək eyni qərəzli yanaşmanın müxtəlif təzahürləridir. Bu yanaşma regionda sülhün və etimadın möhkəmlənməsinə xidmət etmir. Ermənistan mediasının Gəncəsər, Xudavəng və digər dini-mədəni abidələr ətrafında manipulyativ iddiaları da eyni yanaşmanın tərkib hissəsidir. Azərbaycan bütün dini və mədəni irsin qorunmasını, bərpasını və beynəlxalq ictimaiyyətə təqdim edilməsini təmin etdiyini bildirir. Lakin sülh yalnız sənədlərin imzalanması ilə məhdudlaşmır. Sülh, eyni zamanda cəmiyyətlərin düşüncəsində, siyasi ritorikada və qarşı tərəfin legitim hüquqlarına münasibətdə özünü göstərməlidir. Azərbaycan ərazisinə səfər edən xarici diplomatların hədəfə alınması isə bu baxımdan sağlam siyasi atmosfer yaratmır.

Azərbaycan dəfələrlə bəyan edib ki, regionda uzunmüddətli sülh və sabitlik üçün yeni səhifə açılmalıdır. Bu səhifənin əsasını qarşılıqlı olaraq suverenliyə hörmət, ərazi bütövlüyünün tanınması, daxili işlərə müdaxilədən çəkinmək və regional əməkdaşlığın genişləndirilməsi təşkil edir. Ermənistanın da eyni prinsiplərə sadiq qalması Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşması üçün vacib şərtdir. Bu mənada diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinə göstərilən reaksiya sadəcə ayrı-ayrı sosial media paylaşımlarından ibarət hadisə kimi qiymətləndirilməməlidir. Bu münasibət Ermənistan cəmiyyətində hansı siyasi və psixoloji yanaşmaların hələ də mövcud olduğunun göstəricilərdən biridir. Sülhün gələcəyi üçün isə revanşist çağırışların deyil, reallıqların qəbul edilməsi, qarşılıqlı hörmətin və məsuliyyətli siyasi üslubun üstünlük təşkil etməsi zəruridir.

Ermənistan cəmiyyəti üçün əsas məsələ bu səfərlərə etiraz etmək deyil, yeni regional reallığı qəbul etmək və sülhün möhkəmlənməsinə mane olan revanşist yanaşmalardan uzaqlaşmaq olmalıdır. Əsl sülh məhz keçmişin siyasi stereotiplərindən imtina etmək, qarşı tərəfin suveren hüquqlarına hörmət göstərmək və gələcəyi qarşıdurma deyil, əməkdaşlıq üzərində qurmaq kontekstində başlayır.  Qərbi Azərbaycanda məscidlərin, qəbiristanlıqların və digər abidələrin dağıdılması faktları fonunda Qarabağdakı ayrı-ayrı abidələr üzərində müstəsna iddia irəli sürülməsi açıq ikili standartdır. Tarixi irsin qorunmasının yolu onu siyasi məqsədlərlə saxtalaşdırmaq deyil, obyektiv araşdırmaqdır. Sülh haqqında danışarkən Azərbaycanın suveren ərazisinə beynəlxalq səfəri hədəfə almaq ziddiyyətli mövqedir.

Azərbaycan isə fərqli yol seçib. Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri davam edir, xarici nümayəndələr bölgəyə dəvət olunur və reallıqları yerində görmələrinə şərait yaradılır.  Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mahiyyəti həqiqəti gizlətmək deyil, onu beynəlxalq ictimaiyyətə göstərməkdir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri