16 sentyabr 2026 14:30
117

Növbəti qurultaya hazırlaşan YAP-ın inkişaf tarixində yeni mərhələ - MÖVQE

Doğma məmləkətimizin ictimai-siyasi həyatında böyük və əlamətdar hadisə hesab olunacaq vacib tədbirin keçirilməsi nəzərdə tutulur. Mətbuatda Yeni Azərbaycan Partiyasının rayon təşkilatları tərəfindən təşkil olunan konfranslar və həmin konfranslarda Partiyanın VIII Qurultayına nümayəndələrin seçilməsi haqqında məlumatlar dolaşır. Beləliklə, hakim Partiya növbəti Qurultayının keçirilməsinin rəsmi olaraq anonsunu vermiş olur.

Hakim Partiya sadəcə Qurultayın anonsunu vermir, yerlərdə təşkil olunan konfranslarda ötən dövr ərzində görülmüş işlər haqqında səsləndirilən hesabatlar da mətbuat vasitəsilə cəmiyyətə təqdim olunur. Təkcə sözügedən fakt hakim Partiyanın tənqidlərə açıq olduğundan və rəqabətdən çəkinmədiyindən xəbər verir. Etiraf etməliyik ki, Azərbaycan ictimaiyyəti hər-hansı bir siyasi partiyanın Qurultayı haqqında məlumatı əksər hallarda yalnız tədbir keçirildikdən sonra əldə edə bilir. Konkret bir Partiyanın Qurultayı haqqında məlumatlarının internet məkanında yayılmasının əsas səbəbi isə adətən tədbir zamanı yaşanmış hansısa qalmaqal olur. Hər bir siyasi partiyanın ali qurumu hesab oluna biləcək Qurultayda müəyyən qalmaqal yaşanırsa, deməli həmin Partiyanın daxilində narazılıqlar, idarəetmədə isə əsaslı çətinliklər mövcuddur.

Altından xətt çəkərək məsuliyyətlə qeyd edə bilərik ki, neqativ ictimai imicindən siyasi partiyalar və onların bəzi rəhbərləri yalnız aktiv şəkildə təşviq olunan siyasi dialoq mühiti sayəsində xilas olmağı bacardılar. Məhz iqtidarın dialoq təşəbbüsləri sayəsində siyasi partiyalar cəmiyyət tərəfindən sivil siyasi institut kimi qəbul olunmağa başlandı, partiya sədrləri isə ictimai diskussiyaların əsas iştirakçılarına çevrildilər. Müxalif siyasi partiyalar bu gün mətbuatdadır, Milli Məclisdədir, açıq diskussiyalardadır, müxtəlif təşəbbüslərdə iştirak edir və nəhayət ən önəmlisi, vətənpərvər qüvvələri öz ətrafında toplayaraq dövlətçilik və milli maraqlar naminə cəmiyyətdə həmrəylik mühitinin təmin olunması prosesində fəal iştirak edir.

Əlbəttə ki, ölkəmizdə fəaliyyət göstərən bütün digər partiyalar ilə müqayisədə hakim Yeni Azərbaycan Partiyasının açıq üstünlüyü ilə bağlı heç kimin şübhəsi belə olmaz. Bəli, 755 mindən artıq üzvü olan və regionun ən böyük siyasi təşkilatı sayılan YAP nəhəng siyasi qüvvədir və bu nəhəng qüvvə öz növbəti Qurultayına hazırlaşır. Qurultayın keçirilməsi sadəcə Nizamnamənin tələbi deyil. Qalib xalqın ən böyük siyasi təsisatı hesab olunan YAP üçün Qurultay ilk növbədə hesabatlılığın, yeni hədəflərin müəyyən olunmasının və islahatçı ruhun təzahürüdür. Müzəffər Ali Baş komandan Prezident İlham Əliyev kimi bir şəxsin Partiyaya sədrlik etməsi böyük avantaj olmaqla yanaşı, Partiyanın hər bir üzvünü öz işinə daha böyük məsuliyyətlə yanaşmasını tələb edir. Bəli, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyev ilə birgə eyni Partiyanın üzvü olmaq şərəfli olduğu qədər də məsuliyyətlidir. Bu məsuliyyət hissini hər bir üzv duymalı və qorumalıdır.

Hansısa bir üzvün fərdi məsuliyyətsizliyi və nöqsanı əsla YAP kimi nəhəng siyasi təsisatının nüfuzuna təsir edə bilməz. Bəli, üzvlərinin sayı yüz minlərlə olan bir təşkilatda bəzilərinin üzvlükdən sui-istifadə etməsi və öz məsuliyyətsiz yanaşması ilə “seçilməsi” də olacaq. Ancaq biz əsla YAP-ın nəhəng miqyasından çəkinməməliyik, əksinə onu dövlət və cəmiyyətin avantajına çevirməliyik. Dünyanın siyasi xəritəsində öz nüfuzunu artıran dövlətin hakim partiyasının da inkişafı və miqyası bu cür iddialara adekvat olmalıdır.

Bu da bir obyektiv həqiqətdir ki, yüz minlərlə üzvü olan YAP Azərbaycan cəmiyyətində konkret isimlər ilə assosiasiya olunur. Sözügedən təzahür qaçılmazdır və bundan heç çəkinmək də lazım deyil. Konkret təşkilatı effektiv, təsirli və nüfuzlu edən onun üzvləridir. Eyni zamanda YAP kimi nəhəng siyasi təşkilatdan danışanda prinsipial olaraq unutmaq olmaz ki, tanınmış simalar ilə yanaşı sözügedən Partiyanın sıralarında üzdə görünməyən, ancaq öz dövlət və millətinə sadiq olan minlərlə təvazökar qəhrəmanlar da var. Bu həmin o qəhrəmanlardır ki, öz vicdanlı və peşəkar işi ilə dövlətin inkişafına xidmət edir, həmçinin cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak edir. Odur ki, hakim Partiyanın Qurultayı hər bir məsuliyyətli vətəndaşın diqqət mərkəzində dayanmalı vacib siyasi hadisədir.

Qurultay həm də hər-hansı bir Partiyanın inkişaf tarixində yeni mərhələnin başlanmasının təcəssümüdür. Bu mənada YAP-ın qarşısında olduqca çətin vəzifələr dayanır. YAP-a üzvlük hər zaman qürur və şərəf hesab olunub. “Mən həmişə fəxr etmişəm bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, - sözlərinin müəllifi olan Ulu Öndər Heydər Əliyev zamanında sədrlik etdiyi Partiyanın üzvü olmaq nə qədər şərəflidirsə, Azərbaycanın ərazi bütövlüyünü təmin edən, Qələbənin memarı olan Müzəffər Ali Baş Komandan ilə birgə eyni Partiyanın üzvü olmaq da o qədər qürurludur.

Bu gün də öz dövlətinə daha yaxın və ona daha faydalı olmaq niyyəti ilə Vətəni sevən minlərlə vətəndaş könüllü şəkildə YAP-ın sıralarına qoşulur. YAP hər zaman gənclər arasında uğur və fərdi inkişaf ilə assosiasiya olunub. Minlərlə tanınmış alim, ziyalı və pedaqoq öz taleyini YAP ilə bağlayıb. Minlərlə şəxsin fərdi uğur və inkişafında YAP-ın danılmaz payı olub. Böyük ümid və əminliklə deyə bilərik ki, YAP-ın bu cür müsbət ənənələri bundan sonra daha da inkişaf edəcəkdir.

Bəli, Prezident İlham Əliyevin dövlət siyasətində YAP xüsusi yer tutur. YAP sadəcə dövlətçilik ənənələrin qorunmasının rəmzi deyil, YAP eyni zamanda ölkəmizdə milli həmrəyliyin və dayanıqlı inkişafının rəmzidir. Odur ki, YAP-a üzvlük kiməsə qarşı olmaq demək deyil, əksinə milli həmrəyliyə dəstək göstərmək deməkdir. Təsadüfi deyil ki, Partiyanın Proqramında öz əksini tapmış Prezident İlham Əliyevin sözləri YAP-ın əsas şüarıdır: “Biz birlikdə güclüyük!” Zamanında şəxsi ambisiyaların gerçəkləşdirilməsi və məkrli niyyətlər üçün yaradılmış bir çox siyasi partiyalarından fərqli olaraq, YAP cəmiyyəti birləşdirən partiyadır. Odur ki, milli birliyi, dövlətin maraqlarını və fərdi uğuru hədəf seçmiş hər bir vətəndaşın seçimi əlbəttə ki, Yeni Azərbaycan Partiyası olmalıdır. YAP nəticəyə hesablanmış, populizmdən uzaq, strategiyasına sadiq və prinsipial partiya kimi öz yoluna davam edir.

Asif Adil,
politoloq