Muxtar respublikanın mədəniyyət müəssisələrində 20 Yanvar faciəsini əks etdirən sərgi və guşələr təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan şəhərində fəaliyyət göstərən Naxçıvan Dövlət Tarix Muzeyində 20 Yanvar guşəsi ilə yanaşı təşkil edilən sərgidə muxtar respublikanın Əməkdar Rəssamı Əli Səfərlinin “20 Yanvar”, Qədirulla Bağırovun “Şəhidin kitabı” adlı rəsm əsərləri, 20 Yanvara aid sənədlər, 20 Yanvar şəhidlərinin fotoşəkilləri nümayiş olunur.
Həmin gecə Bakıda şəhid olan Ordubad rayon sakini Rahim Babayevin və Şahbuz rayon sakini Teymur Alməmmədovun da fotoları sərgidə yer alıb.
M.S.Ordubadi adına Muxtar Respublika Kitabxanasında isə kitablardan ibarət sərgi təşkil olunub. Burada müxtəlif tarixi əsərlər və Qanlı Yanvar hadisələrindən bəhs edən bədii kitablar yer alıb.
Xatirə Muzeyində 20 Yanvar faciəsinə həsr edilən bir neçə guşə yaradılıb. Guşələrdə əsasən 20 Yanvar şəhidlərinin fotoşəkilləri, ümummilli lider Heydər Əliyevin həmin faciə ilə bağlı fərmanları və digər tarixi sənədlər sərgilənir.