17 sentyabr 2026 10:31
91

Bu ilin 8 ayında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 26 milyard 788 milyon kubmetr qaz nəql edilib.

“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin 8 ayı ilə müqayisədə 0,5 % çoxdur. Hesabat dövrünə qazın nəqlinin 56,1 %-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Bu kəmərlə 15 milyard 038,1 milyon kubmetr qaz ötürülüb. Bu, illik müqayisədə 0,7 % azdır.

Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.