17 sentyabr 2026 13:55
123

Zəfərdən sülhə: Azərbaycanın Türk dünyası və İslam aləmində həmrəylik siyasəti

Azərbaycan tarixən müxtəlif sivilizasiyaların, mədəniyyətlərin və dini ənənələrin qovuşduğu məkan kimi Şərq ilə Qərb, Türk dünyası ilə İslam aləmi arasında qarşılıqlı anlaşma və əməkdaşlığın inkişafına mühüm töhfələr verib. Müasir dövrdə də ölkəmiz milli-mənəvi dəyərlərin qorunması, dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və xalqlar arasında sülhün gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirir.

Bu baxımdan Bakıda Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısının, eləcə də böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu tədbirlər Azərbaycanın Türk dünyasının, Qafqazın və İslam aləminin ortaq dəyərlərinin təşviqində oynadığı fəal rolu bir daha nümayiş etdirir.

Sentyabrın 15-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi, müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçiləri, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçıları və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Dövlət başçısının çıxışı Azərbaycanın sülh, həmrəylik, dini-mənəvi dəyərlər və əməkdaşlıqla bağlı mövqeyini əks etdirən mühüm mesajlarla zəngin olub.

Prezident İlham Əliyev vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının 7-ci toplantısı böyük beynəlxalq tədbirdir. Eyni günlərdə Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi isə bu tədbirlərin məzmun baxımından bir-birini tamamlamasına imkan yaradır. XV əsrdə yaşamış və zəngin elmi-fəlsəfi irs qoymuş Seyid Yəhya Bakuvi Nizami Gəncəvi, Xaqani Şirvani, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və Məhəmməd Füzuli kimi böyük şəxsiyyətlərlə birlikdə xalqımızın zəngin mənəvi-mədəni irsində xüsusi yer tutur.

Seyid Yəhya Bakuvinin irsinin müasir dövrdə öyrənilməsi və təbliği də mühüm əhəmiyyət daşıyır. Onun irsində mənəvi kamillik, insan ləyaqətinə hörmət, qarşılıqlı anlaşma və sülh kimi dəyərlər mühüm yer tutur. Bu dəyərlər dünyada qarşıdurmaların, ayrı-seçkiliyin və islamofobiyanın müşahidə olunduğu bir dövrdə xüsusi aktuallıq kəsb edir.

Bakıda müxtəlif ölkələrdən müsəlman dini rəhbərlərinin, Qafqaz xalqlarının nümayəndələrinin və Türk dünyasının dini liderlərinin bir araya gəlməsi də mühüm rəmzi məna daşıyır. Azərbaycan həm Türk dünyasının ayrılmaz hissəsi, həm də Qafqazın mühüm ölkəsi kimi bu coğrafiyalar arasında dialoq və əməkdaşlığın inkişafına öz töhfəsini verir.

Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət ardıcıl və praktik xarakter daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmiz İslam həmrəyliyini konkret əməli addımlarla gücləndirməyə çalışır. 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da bunun mühüm nümunələrindən biridir. Qarşıdakı mərhələdə isə 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Bakıda keçirilməsi Azərbaycanın İslam dünyasında artan rolunun göstəricisidir.

Prezident İlham Əliyevin çıxışında Azərbaycanın keçdiyi tarixi yolun mühüm məqamlarına da diqqət yetirilib. Otuz il ərzində torpaqlarımızın işğal altında qalması, yüz minlərlə insanın doğma yurdlarından didərgin salınması, şəhər və kəndlərin dağıdılması, tarixi və dini-mədəni irsin məhv edilməsi xalqımızın yaddaşında dərin iz buraxıb.

Lakin Azərbaycan xalqı bu ədalətsizliyə son qoydu. Xalqın birliyi, dövlətin qətiyyətli siyasəti və Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa edildi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycan xalqı bir yumruq kimi birləşərək öz ərazi bütövlüyünü, suverenliyini, beynəlxalq hüququ və ədaləti bərpa edib.

Bu gün isə Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq mərhələsi yaşanır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir, şəhər və kəndlər yenidən qurulur, həyat canlanır. “Böyük Qayıdış” Proqramı çərçivəsində genişmiqyaslı işlər həyata keçirilir.

Qarabağın dirçəlişi həm də Azərbaycanın milli-mənəvi irsinə münasibətinin göstəricisidir. Bərpa işlərinə məsciddən başlanılması təsadüfi deyil. İşğaldan azad edilmiş ərazilərdə məscidlər, dini və tarixi abidələr bərpa olunur. Bu proses yalnız fiziki quruculuğu deyil, tarixi yaddaşın və milli-mənəvi irsin də bərpasını ifadə edir.

Prezident İlham Əliyev Azərbaycanın müharibə dövründə mülki şəxslərə qarşı müharibə aparmadığını da vurğulayıb. Bu mövqe Azərbaycanın hərbi qələbədən sonra sülh gündəliyinə keçidini xarakterizə edən mühüm məqamlardandır.

Bu gün sülh var və müharibə dayanıb. Azərbaycan sülh gündəliyini seçib və regionda uzunmüddətli sabitliyin təmin olunmasını qarşısına məqsəd qoyub. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə Azərbaycan ilə Ermənistan arasında sülhün əldə olunması istiqamətində göstərdiyi səylərə görə təqdim edilməsi də bu baxımdan diqqətəlayiqdir. Mükafatın 500 min ABŞ dolları məbləğində maliyyə hissəsinin Qarabağ Dirçəliş Fonduna yönəldilməsi sülh ideyasının konkret quruculuq fəaliyyəti ilə əlaqələndirilməsinin nümunəsidir.

Müasir dünyada İslam həmrəyliyinin və müsəlman icmaları arasında qarşılıqlı dəstəyin gücləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev islamofobiyanın İslam dünyasına qarşı mənfi meyillərin bir hissəsi olduğunu qeyd edərək belə hallara qarşı əsas vasitələrdən birinin birlik olduğunu vurğulayıb. Bu baxımdan dini liderlərin sülhə, mərhəmətə, qarşılıqlı hörmətə və əməkdaşlığa çağırışları xüsusi əhəmiyyət kəsb edir.

Azərbaycanın mövqeyi aydındır: Türk dünyasının, Qafqazın və İslam aləminin birliyi hər bir ölkənin və xalqın gücünü artırır. “Bizim birliyimiz hər birimizi gücləndirəcək” fikri də bu siyasətin mahiyyətini ifadə edir.

Bu baxımdan Bakıda keçirilən tədbirlər yalnız dini və elmi toplantılar deyil, həm də ortaq mənəvi dəyərlərin, qarşılıqlı hörmətin, sülh və əməkdaşlıq iradəsinin nümayişidir. Seyid Yəhya Bakuvinin irsi isə bu dəyərlərin müasir dünyaya çatdırılması baxımından xüsusi aktuallıq daşıyır.

Azərbaycanın multikultural və tolerant mühiti, müxtəlif dinlərin və xalqların nümayəndələri arasında qarşılıqlı hörmət ənənələri ölkənin beynəlxalq təşəbbüslərinin mühüm dayaqlarındandır. Bu siyasət Azərbaycanın Türk dünyasında, Qafqazda və İslam aləmində dialoq və əməkdaşlıq platforması kimi rolunu daha da gücləndirir.

Bu gün dünyada müxtəlif qarşıdurmaların davam etdiyi bir vaxtda sülhün qorunması hər bir dövlət və cəmiyyət qarşısında mühüm vəzifə kimi dayanır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türk dünyasını və Qafqaz bölgəsini sülh şəraitində saxlamaq və sülhü qorumaq üçün hər birimiz böyük səylər göstərməliyik.

Beləliklə, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının Bakıda keçirilən 7-ci toplantısı, Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfrans və gələn il İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün Azərbaycanda keçirilməsi ölkəmizin Türk dünyası və İslam aləmində artan rolunu nümayiş etdirir.

Azərbaycanın Zəfərdən sonra seçdiyi quruculuq və sülh yolu, milli-mənəvi irsin qorunması, dini həmrəyliyin möhkəmləndirilməsi və xalqlar arasında qarşılıqlı anlaşmanın təşviqi dövlət siyasətinin mühüm istiqamətlərini təşkil edir. Bu yolun əsas qayəsi güclü dövlət, həmrəy cəmiyyət, sülh və sabitliyin təmin olunduğu region və qarşılıqlı hörmətə əsaslanan beynəlxalq münasibətlər sistemidir.

Azərbaycan bu məqsədlər naminə öz təşəbbüslərini bundan sonra da davam etdirəcək, Türk dünyasının və İslam aləminin birliyinə, Qafqazda davamlı sülhə və qlobal miqyasda insan həmrəyliyinin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri