18 sentyabr 2026 01:23
99

İslam həmrəyliyi sadəcə şüar deyil...

Azərbaycanın dövlətçilik tarixində milli və dini dəyərlər, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət və həmrəylik ənənələri mühüm yer tutur. Bu gün də ölkənin dövlət siyasətində dini həmrəylik yalnız daxili münasibətlərin tənzimlənməsi ilə məhdudlaşmır. Azərbaycan uzun illərdir dinlərarası və sivilizasiyalararası dialoqun təşviq edildiyi mühüm beynəlxalq platformalardan biri kimi çıxış edir.    

Bu siyasətin mühüm istiqamətlərindən biri də İslam dünyası ilə əlaqələrin inkişaf etdirilməsidir. Son illər Bakıda İslam Əməkdaşlıq Təşkilatı, ICESCO təşkilatı xətti ilə keçirilən tədbirlər, o cümlədən 2017-ci ildə bütün müsəlman ölkələrinin dəstəyi ilə Bakıda təşkil olunan IV İslam Həmrəylik Oyunları bu siyasətin aktuallığını bir daha göstərir. Həmin tədbirlərin ana xəttini dini birliyə nail olmaq təşkil edib. Şübhəsiz, belə tədbirlər, eyni zamanda, humanizm, sülh, qarşılıqlı hörmət və sivilizasiyalararası dialoq kimi ümumbəşəri dəyərlərin təşviqinə də xidmət edir. Bu baxımdan tolerant ölkə kimi tanınan Azərbaycanın siyasətində dini həmrəylik yalnız dini sahəyə aid məsələ deyil. Bu, həm də dövlətimizin milli-mədəni siyasətinin, beynəlxalq əməkdaşlığının və humanitar diplomatiyasının mühüm istiqamətlərindən biridir. Elə bu kimi səbəblərdən İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın qlobal səviyyədə oynadığı vacib rol təqdir olunur.

Yeri gəlmişkən, sentyabrın 14-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində Bakı Bəyannaməsi də qəbul edilib. Sentyabrın 15-də isə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşüb. Həmin görüşdə də dini həmrəylik məsələsi ön planda olub. Dövlətimizin başçısı vurğulayıb ki, gələn il Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünün çox gözəl nəticələri olacaq: “Öz tərəfimizdən əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin, bütün lazımsız söz-söhbətlər yığışdırılsın, qarşıdurmalar dayandırılsın. Bizi ayırmaq istəyən, əslində, İslam dininə zərbə vurmaq istəyən ünsürlər də öz yerlərinə otursunlar. Əlbəttə ki, biz ancaq müştərək səylərlə buna nail ola bilərik”.

Müsəlman dünyasına qarşı hələ də ədalətsizliklərin, ikili standartların hökm sürdüyünü bildirən Prezident  dini birliyin vacibliyini bir daha xatırladıb. “İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir”, deyən Prezident haqlı olaraq suallar ortaya qoyub və onları cavablandırıb: “Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi! Ona görə bu birliyə çağırış, sadəcə olaraq, şüar deyil.” Prezidentin fikrincə, biz hər birimiz tək qalanda çətinliklərlə üzləşə bilərik: “Amma Türk dünyası, Qafqaz, İslam aləmi bir yerdə olanda heç kim bizə bata bilməz. Heç kim bizə qarşı ədalətsizlik edə bilməz. Ona görə də biz dövlət olaraq və dövlət siyasəti apararaq bu amili həmişə üstün tuturuq”.

Bu isə bir daha göstərir ki, belə bir həssas dövrdə Azərbaycan İslam həmrəyliyini sadəcə şüarlarla deyil, konkret və əməli-praktiki addımlarla möhkəmləndirmək xəttini ardıcıl şəkildə davam etdirir. Çünki Azərbaycanın əsas məqsədi İslam həmrəyliyini real əməkdaşlıq imkanlarına çevirməkdir. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan bir tərəfdən İslam Əməkdaşlıq Təşkilatının üzvüdür, digər tərəfdən Avropa Şurasında təmsil olunur, həm Türk, həm də İslam dünyasının bir hissəsidir. Bütün bunlar da rəsmi Bakıya mədəni məkanlar arasında dialoq yaratmaq imkanı da verir.

Bir məsələni də vurğulayaq ki, Azərbaycanın dini həmrəylik siyasətində  İslam həmrəyliyi dinlərarası dialoqa qarşı qoyulmur. Əksinə, ölkənin yanaşmasında İslam dünyası ilə əməkdaşlıq və müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşma bir-birini tamamlayan istiqamətlər kimi təqdim olunur.

Qvami Məhəbbətoğlu, “İki sahil”