18 sentyabr 2026 16:38
153

Kamal Abdulla Türk Dünyası Yörük-Türkmən Birliyinin nümayəndə heyəti ilə görüşüb

 

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Türk Dünyası Yörük-Türkmən Birliyinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə birliyin Baş katibi və Alternativ Araşdırmalar Mərkəzinin sədri Cemal Akkuş, təşkilatın Beynəlxalq Münasibətlər Komissiyasının rəhbəri Ləman Əzizova və Beynəlxalq Münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu iştirak ediblər.

ADU ilə Türkiyənin bir sıra nüfuzlu elm və təhsil təşkilatları arasında mövcud olan sıx əməkdaşlıq əlaqələrinin cari vəziyyəti təhlil olunub. Tərəflər gələcəkdə həyata keçiriləcək ortaq akademik layihələrin, elmi konqreslərin və tələbə-müəllim mübadiləsi proqramlarının perspektivlərini ətraflı müzakirə ediblər.

Görüşdə türk dünyasının elmi potensialının gücləndirilməsi və ortaq mədəniyyətin ali təhsildə təbliği məsələlərinə  diqqət yetirilib. Həmçinin Türk Dünyası Yörük-Türkmən Birliyi tərəfindən görkəmli azərbaycanlı alim, AMEA-nın müxbir üzvü Rafiq Əliyevə xüsusi riyaziyyat mükafatının verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, azərbaycanlı alim süni intellekt və tətbiqi riyaziyyat sahəsindəki böyük xidmətlərinə görə bu birliyin nüfuzlu “Qiyasəddin Cəmşid əl-Kaşi Riyaziyyat Mükafatı”na layiq görülüb.

Rəsmi məlumatlara əsasən, 15 fərqli kateqoriya üzrə təqdim edilən bu beynəlxalq mükafat türk dünyasında elmə, təhsilə və elmi əməkdaşlığın inkişafına mühüm töhfələr vermiş şəxslərə verilir. Bu xüsusi mükafat elmi araşdırmaları, innovativ ideyaları və dövlətlərarası inteqrasiyanı stimullaşdırmaq məqsədi daşıyır. Alimə mükafatın Türk Dövlətləri Təşkilatı, TİKA və TÜRKSOY-un dəstəyi ilə Qazaxıstanın Almatı şəhərində keçiriləcək möhtəşəm mərasimdə təqdim ediləcəyi bildirilib.

Rektor Kamal Abdulla türk dünyasının elm adamlarına və azərbaycanlı ziyalılara göstərilən bu yüksək qiymətə görə qonaqlara öz təşəkkürünü bildirib. Akademik Kamal Abdulla qeyri-səlis məntiq və tətbiqi elmlər sahəsində birgə araşdırmaların türk dünyası elmi üçün böyük üfüqlər açdığını vurğulayıb. Görüşün sonunda tərəflər elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı davamlı və sistemli etmək barədə razılığa gəliblər.

Müzakirələrin yekunu olaraq gələcək tərəfdaşlığın institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyi bəyan edilib.