20 sentyabr 2026 17:45
149

Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu

Bu gün, sentyabr ayının 20-si Azərbaycanın müasir tarixinə yazılan əlamətdar günlərlə, hadisələrlə xarakterizə olunur. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamları əsasında 20 Sentyabr Dövlət Suverenliyi Günü, eyni zamanda, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasının əbədiləşdirilməsinə xidmət edən bu qürurverici günləri yaşamaq üçün təbii ki, böyük bir yol qət edilib, səylər göstərilib, düşünülmüş və gələcəyə hesablanmış siyasətə söykənərək mühüm addımlar atılıb, təşəbbüslər irəli sürülüb, qərarlar qəbul edilib. Bunlar ümumilkdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan yeni mərhələnin reallıqlarıdır. 20 sentyabr 1994-cü ildə Azərbaycanın bugünkü reallıqlarının əsasında dayanan, tarixi Zəfərə, suverenliyimizin tam bərpasına gedən yolu daha uğurlu olmasını şərtləndirən, hədəflərə yüksək səviyyədə nail olacağımıza böyük inamı yaradan  mühüm addımın atılması ilə tarixə yazıldı. Bu, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalandığı gündür. 1994-cü il sentyabr ayının 20-də 7 ölkəni (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Səudiyyə Ərəbistanı) təmsil edən 11 məşhur neft şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi və siyasi dividend qazandırdı,  müstəqil dövlət kimi varlığını möhkəmləndirdi, müstəqilliyimizin əbədiliyini təmin etdi, ölkəmizi  regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirdi. Ümummilli Lider bu mühüm hadisəni belə şərh etmişdir ki,  biz bu addımı  atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq.

 Artıq o zamandan 32 il keçir. Bu illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolunun xronologiyasına diqqət yetirdikdə bir daha Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışının reallıqda öz əksini tapdığının şahidinə çevrilirik. Azərbaycanın dayanıqlı inkişafına geniş imkanlar yaradan “Əsrin müqaviləsi”ndən başlanan inkişaf, tərəqqi, quruculuq bizi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına qovuşdurdu. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi bu zəfərlərdə həlledici rol oynadı. Azərbaycan 30 illik işğal dövründə həm artıq tarixə qovuşan Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına, münaqişənin ədalətli həllini tapmasına səy göstərdi, eyni zamanda, iqtisadi qüdrətini artırmaqla bütün sahələrdə inkişafa nail oldu, müstəqilliyimizin, suverenliyimizin qarantı olan güclü ordu formalaşdırdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

 Milli Məclisin deputatı  “Əsrin müqaviləsi”nin imzalandığı dövrə nəzər salaraq qeyd edib ki, 1994-cü ilin  12 may tarixində Ümummilli Lider Heydər Əliyevin gərgin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu mühüm addım ölkəmizdə həm sabitliyin möhkəmləndirilməsinə, həm də digər sahələrin inkişafına geniş imkanlar açdı. Məlum olduğu kimi, müstəqilliyimizin bərpasının ilk illərində ölkə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin, şirkətlərin tərəddüdlərinə səbəb olmuşdu. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan yeni mərhələnin əsas çağırışlarından biri təbii ki, sabitliyin yaradılması oldu. Ulu Öndər bildirdi ki, sabitlik olmadan heç bir sosial,iqtisadi layihənin icrasından söhbət gedə bilməz. Azərbaycanın qısa müddətdə sabitlik diyarı kimi tanınması və nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında mövcud tərəddüdlərin aradan qaldırılmasına səbəb oldu. Ölkədə mövcud  sabitlik xarici investorların ölkə iqtisadiyyatına yatıracaqları investisiyaların təhlükəsizliyi ilə bağlı narahatlıqlarını ardan qaldırdı. Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalandı. “Əsrin müqaviləsi” Azərbaycanın qarşısında geniş imkanlar açdı, dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi. Ölkəmizə inamın artması fonunda illər geçdikcə imzalanan sazişlərin, Anlaşma memorandumlarının sayı artdı. “Əsrin müqaviləsi”nin əhəmiyyətindən bəhs edərkən onun yalnız iqtisadi deyil, siyasi tərəfi də xüsusi önəm daşıyır. Müstəqillik yollarında ilk addımlarını atan ölkə üçün onun beynəlxalq aləmdə tanıtımı və mövqeyini möhkəmləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycana artan diqqət, inam növbəti uğurları şərtləndirən əsas amilə çevrildi.

Vüqar Rəhimzadə vurğulayıb ki, Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi onun uzaqgörən siyasətinin nəticəsi idi. Ulu Öndərin neft strategiyasının əsas tərkib hissəsi olan  “Əsrin müqaviləsi” Azərbaycanın qlobal enerji xəritəsində rolunu gücləndirdi, ölkənin iqtisadi müstəqilliyinin təmın olunmasında mühüm rol oynadı. “Əsrin müqaviləsi” müstəqillik erasının iqtisadi dayağı kimi dəyərləndirilir. Bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, Ümummilli Lider Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında Onun ən yaxın silahdaşı,  məhz o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xidmətləri böyük idi. Həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev Azərbaycanın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir. Dövlət başçısı İlham Əliyev çıxışlarında həmin dövrün reallıqları fonunda bildirir ki, o günü mən çox yaxşı xatırlayıram, o gün mənim gözümün qabağındadır. Doğrudan da Azərbaycan öz tarixində ən önəmli addımlarından birini atırdı. “Əsrin kontraktı”nın imzalanması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. O vaxtdan bu günə qədər Heydər Əliyev neft strategiyası uğurla icra edilir, zənginləşir. Yeni önəmli sərmayələr cəlb edilir, addımlar atılır. Əgər biz 1994-cü ildən neft-qaz sahəsində xronologiyaya baxsaq görərik ki, bu, ancaq uğurlar xronologiyasıdır.

  Milli Məclisin deputatı bildirib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun gələcək uğurlarına inanmırdı. Hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və geo­siyasi məsələlər öz həllini tapmalı idi. Ulu Öndər Heydər Əliyevin gələcəyə hesablanmış neft strategiyası və diplomatiyası qarşıda dayanan bütün məsələlərin uğurlu icrasına geniş imkan yaratdı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin reallığa çevrilməsi ilə Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə çevrildi. 2002-ci il sentyabr ayının 18-də Səngəçal terminalında Azərbaycan, Gürcüstan və Türkiyənin dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan  kəmərinin təməli qoyuldu.  2006-cı ilin 28 may tarixində Respublika Günündə (hazırda Müstəqillik Günü)  Azərbaycan nefti Ceyhan terminalına çatdı. Dövlətimizin başçısı İlham Əliyev bu münasibətlə  xalqa təbrikində bir daha “Əsrin müqaviləsi”nin əhəmiyyətindən geniş bəhs etdi. 2006-cı ilin iyulun 13-də isə kəmərin təntənəli açılış mərasimi keçirildi.  “Üç dəniz əfsanəsi” adlandırılan və strateji əhəmiyyəti ilə seçilən layihənin əfsanədən gerçəkliyə çevrilməsi ötən zamanda Azərbaycana çox böyük siyasi və iqtisadi qazanclar gətirib. İllər geçdikcə əməkdaşlığın coğrafiyasının genişləndirilməsi, regional çərçivədən beynəlxalq səviyyəyə çıxması Azərbaycanın dünyada etibarlı tərədaş kimi mövqeyinin möhkəmləndirməsinin göstəricisidir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Azərbaycan nəhəng enerji layihələrinin fəal iştirakçısına və mərkəzinə çevrilib.

   Vüqar Rəhimzadə qeyd edib ki, regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası illər keçdikcə genişləndi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu, 2017-ci ilin 14 sentyabr tarixində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. Dövlət başçısı mərasimdəki çıxışında “Bu gün ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Bu tarixi mərasimdə bizimlə bərabər iştirak etmək üçün xaricdən gələn bütün qonaqları səmimiyyətlə salamlayıram. Onların bu tədbirdə iştirakı bir daha bugünkü tədbirin önəmini əks etdirir” söyləyərək onu da əlavə etdi ki, bu gün imzalanacaq kontraktın ölkəmiz üçün çox böyük əhəmiyyəti var. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Yeni imzalanacaq kontrakt Azərbaycan üçün daha da əlverişlidir, baxmayaraq ki, 1994-cü ildə imzalanmış kontrakt da bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha da yaxşı şərtlərlə kontrakt imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək; SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək; SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılır və Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bunlar əsas şərtlərdir. Əsas şərtlər artıq göstərir ki, Azərbaycanın gələcək inkişafı, maliyyə imkanlarımızın genişləndirilməsi üçün bu kontraktın çox böyük əhəmiyyəti var. Dövlətimizin başçısı çıxışında, “Əsrin müqaviləsi”nin qazandırdığı uğurlardan geniş bəhs edərək bildirdi ki, Azərbaycan bu gün o ölkələrdəndir ki, öz hesabına yaşayır. Bizim kifayət qədər böyük valyuta ehtiyatlarımız var, iqtisadiyyat dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində çox önəmli addımlar atılmışdır və ölkəmizin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Azərbaycan bundan sonra ancaq uğurla inkişaf edəcək, ölkəmizin böyük potensialı var. Son illər ərzində biz bu potensialı gücləndirmişik və bu potensialın inkişafında “Əsrin kontraktı”nın xüsusi rolu vardır. İndi təsəvvür etmək çətindir ki, əgər 1994-cü ildə “Əsrin kontraktı” imzalanmasaydı, biz hansı vəziyyətlə üzləşə bilərdik. Biz bu gün müstəqil siyasət aparan ölkələrdənik. Bunun təməlində bizim həm güclü siyasi iradəmiz və iqtisadi müstəqilliyimiz dayanır. Biz heç kimdən asılı deyilik, öz taleyimiz öz əlimizdədir və müstəqil siyasət aparmaq imkanlarımız, ilk növbədə, iqtisadi imkanlarımızdan qaynaqlanır. Bu imkanları da bizə “Əsrin kontraktı” yaratdı.

   Millət vəkili bildirib ki, 32 ilin uğurlarını bir yazıda əhatə etmək çətindir. Möhkəm təməl davamlı uğurların açarıdır. Ümummilli Liderin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında Azərbaycan Dövlət Neft Şirkətinin böyük rolu, payı var. SOCAR-ın həyata keçirdiyi layihələr beynəlxalq nüfuzunu daha da artırır. Azərbaycanın enerji diplomatiyasının uğurları SOCAR-ın fəaliyyətinin aydın mənzərəsini nümayiş etdirir. Azərbaycan neft strategiyasının uğurlu icrası nəticəsində dayanıqlı inkişafını təmin edir.  2018-ci ilin may ayının 28-də Cənub Qaz Dəhlizinin rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas seqmentlərindən olan TANAP, 2020-ci ilin dekabr ayının sonunda isə TAP istifadəyə verildi. Azərbaycan hazırda etibarlı və arzuolunan tərəfdaş kimi dünyada mövqeyini möhkəmləndirir. Azərbaycan 16 ölkəyə qaz ixrac edir. Təbii ki, bu, son rəqəm deyil. Ölkəmizin malik olduğu ehtiyatlar  bu coğragiyanın genişləndirilməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu artır.  Hazırda ölkəmiz yaşıl enerjiyə keçid prosesi ilə diqqətdədir. Bu sahədə də əməkdaşlığın coğrafiyası genişlənir. İmzalanan sənədlərə qarşıdakı dövrün aydın mənzərəsini təqdim edir. Azərbaycanın uğurlu neft siyasəti  qeyri-neft sektorunun inkişafını şərtləndirir. Dövlət başçısı İlham Əliyev 2003-cü ildən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bir sözlə,  “Əsrin müqaviləsi”  imkan verdi ki, neftdən gələn gəlirləri qeyri-neft sektoruna yönəldək. Azərbaycan nefti insan kapitalına çevirdi.  Bu gün abadlaşan paytaxtımızın,  bölgələrimiz, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin fonunda “Əsrin müqaviləsi”nin uğurlarını aydın şəkildə görürük. Enerji infrastrukturumuzun, iqtisadi inkişafımızın, iqtisadiyyatın şaxələndirilməsinin  təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır. Bu da Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Onun Fərmanı ilə ilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondu neft gəlirlərinin istifadəsində şəffaflığın qorunmasını təmin edir. Fondun vəsaitləri hesabına həyata keçirilən sosial-iqtisadi layihələr ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. “Əsrin müqaviləsi”ndən başlanan inkişaf yolu Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan neftçilərinin əməyini, fəaliyyətini xüsusi qeyd etmək istərdik. Prezident İlham Əliyevin  “Azərbaycan o ölkədir ki, burada 1846-cı ildə dünya miqyasında sənaye üsulu ilə ilk neft hasil edilmişdir. Birinci neft buruğu artıq bir tarixi abidə kimi qorunur və şəhərimizin mərkəzində yerləşir. Azərbaycanda ilk dəfə dünya miqyasında dənizdən də neft çıxarılmışdır – XX əsrin ortalarında “Neft Daşları”ndan. Yəni, bizim çox böyük və zəngin ənənələrimiz var. Azərbaycan neftçiləri bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanmışlar. Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir. Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm” fikirləri neftçilərimizin fəaliyyətinin aydın mənzərəsini təqdim edir.  Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, “Əsrin  müqaviləsi”nin imzalandığı tarix – 20 Sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.