AMEA Naxçıvan Bölməsi tərəfindən “Elmi əsərlər” jurnalının 2026-cı il üçün 2-ci nömrəsi işıq üzü görüb. Bölmənin “Tusi” nəşriyyatında “İctimai və humanitar elmlər” seriyası üzrə 100 nüsxə tirajla nəşr olunan jurnalın baş redaktoru AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.
“İki sahil” xəbər verir ki, yeni nəşrdə “Tarix”, “Arxeologiya və etnoqrafiya”, “Azərbaycan dili”, “Ədəbiyyat və folklor”, “İncəsənət” sahələrini əhatə edən 36 tədqiqatçının müxtəlif aktual mövzularda elmi məqalələri yer alıb. Bunların içərisində “Ermənilərin Naxçıvan diyarına yiyələnmək cəhdləri (XIX-XX əsrlər)”, “XX əsrin sonlarında Naxçıvanın sosial-iqtisadi inkişaf modelinin formalaşmasında Heydər Əliyev amili”, “Naxçıvanın erkən Eneolit dövrü abidələri”, “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyasında dil və milli kimlik problemi”, “Dil siyasəti və rəqəmsal texnologiyalar kontekstində Azərbaycan dilinin qorunması”, “Bir xatirənin izi ilə”, “Musiqi mədəniyyətimizin Məmməd Məmmədov mərhələsi” və digər məqalələr dərc olunub.
Qeyd edək ki, 2005-ci ildə təsis edilən “Elmi əsərlər” jurnalı ölkəmizin ən nüfuzlu elmi nəşrlərindən biri sayılır.