21 sentyabr 2026 17:48
79

Xəyanətkar antimilli marginalları xalq və tarix heç zaman bağışlamayacaq

Prezident İlham Əliyev: Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır

Danılmaz faktdır ki, İkinci Qarabağ müharibəsində möhtəşəm Qələbə qazanaraq regionda yeni reallıqlar yaradan, beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirən Azərbaycanın imicini, eləcə də ölkəmizdəki milli birliyi və həmrəyliyi pozmaq istəyən məkrli xarici dairələr ölkəmizdə, eləcə də ondan kənarda fəaliyyət göstərən marginal qruplardan, “təsir agentləri”ndən, necə deyərlər, məharətlə istifadə edirlər. Məhz həmin dairələr xəyanətkarları, zombiləşdirilərək şeytani məqsədlərə xidmət edən dönükləri, antimilli ünsürləri çirkli pullar, qrantlar vasitəsilə ələ alaraq onları uzun illərdən bəri ölkəmizin əleyhinə apardıqları ideoloji təxribatda və informasiya terrorunda ön xətdə yerləşdiriblər.

Müxtəlif xarici ölkələrdə məskunlaşaraq pərdə arxasından idarə olunan, erməni lobbisi ilə sıx işbirliyində olan qüvvələrin maliyyəsi ilə fəaliyyət göstərən bəzi “azərbaycanlı” “siyasi mühacirlərin” atdıqları hər addımdan aydın olur ki, bu xəyanətkarlar xarici anti-Azərbaycan şəbəkənin tezisləri ilə silahlanaraq külli miqdarda qrantların, inalərin müqabilində onların tapşırıqlarını böyük cənfəşanlıqla yerinə yetirirlər.

Ölkəmizin əleyhinə qarayaxma kampaniyası aparanların, o cümlədən sosial şəbəkələrdə təhrikedici çıxışlar edənlərin bu pozuculuq cəhdləri cəmiyyətimiz tərəfindən ciddi narazılıqla qarşılanır. Bütün bu çirkin oyunlarla, yaramaz vasitələrlə, “qurşaqdan aşağı zərbə” əxlaqı ilə hərəkət edənlərin ölkənin ictimai rəyinə təsir edəcəklərini, bununla hansısa məqsədlərə nail olunacağını düşünənlər şübhəsiz, növbəti dəfə yanılacaqlar. “Sapı özümüzdən olan baltalar”ın əli ilə Azərbaycana tələ qurmaq istəyən həmin məkrli dairələr həmişə olduğu kimi, yenə də uduzacaqlar. Çünki uydurma və yalanlarla tarixi gerçəkləri dəyişdirmək mümkün deyil.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən bildirib: “Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıca tendensiyadır”.  Dövlətimizin başçısı həmçinin vurğulayıb ki, müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır. Belə ki, onların metodları və məqsədlərinə nail olmaq cəhdləri kifayət qədər şablon xarakter daşıyır, deyərdim ki, primitivdir. Məlum mərkəzlər demək olar ki, əsas səylərini hələ formalaşmamış, formalaşma mərhələsində olan və manipulyasiya etməyin daha asan olduğu gənc nəslə yönəldirlər. Bu baxımdan respublikamızda, həm də qardaş türkdilli ölkələrdə fəal gənclər siyasətinin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.

Milli mənlik şüurundan, vətəndaşlıq qürurundan, Vətənə məhəbbət hissindən uzaq olan belələri zombiləşərək köləcəsinə öz ölkələrinə düşmən kəsilirlər. Xarici havadarlarının maliyyə dəstəyi ilə istənilən yola baş vurmağa, hətta iğtişaşlar törətməyə hazır olan bu dağıdıcı ünsürlərin iç üzünü artıq xalqımız yaxşı tanıyır, onların kimlərə, hansı məkrli məqsədlərə xidmət etdiklərini də yaxşı bilir. Antimilli ünsürlərin bu yalanları, əsassız iddiaları və ictimai rəylə uğursuz manipulyasiya cəhdləri nəticəsiz qalacaq və sabun köpüyü kimi dağılıb gedəcək. Azərbaycana, onun uğurlarına qənim kəsilən, qırx dörd günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfəri həzm edə bilməyən ermənipərəst dairələrə, xaricdəki marginal qruplara qulbeçəlik edən, cəmiyyətin qınaq obyektinə çevrilən antimilli ünsürlər öz mənfur əməllərinə, anti-Azərbaycan fəaliyyətlərinə görə gec-tez layiqli cəzalarını alacaqlar.

Zahid Rza, “İki sahil”