AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniya Federativ Respublikasına səfər çərçivəsində Hamburq Limanının rəhbərliyi ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə Hamburq Limanının yükdaşımalar üzrə törəmə şirkəti “Metrans”ın nümayəndələri də iştirak edib. Tərəflər Hamburq və Bakı limanları arasında əməkdaşlığın inkişaf etdirilməsi, liman-logistika zəncirinin təkmilləşdirilməsi və Orta Dəhliz üzrə tranzit imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı Avropa ilə Asiya arasında artan yük axınları fonunda dəmir yolu və dəniz nəqliyyatının inteqrasiyasının əhəmiyyəti vurğulanıb. Tərəflər multimodal daşımaların inkişafı, konteyner daşımalarının həcminin artırılması, logistika proseslərinin rəqəmsallaşdırılması və yükdaşımaların daha səmərəli təşkili üzrə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Görüşdə Hamburq Limanının çoxillik beynəlxalq təcrübəsinin, xüsusilə liman əməliyyatlarının idarə olunması, logistika mərkəzlərinin fəaliyyəti və rəqəmsal həllərin tətbiqi sahəsində əldə olunan təcrübələrin paylaşılmasının əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, Bakı Limanında müasir texnika və texnologiyalardan istifadənin genişləndirilməsi, eləcə də dəmir yolu-liman əməliyyatlarının koordinasiyasının gücləndirilməsi Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılmasına mühüm töhfə verir.
Görüşün yekununda ADY və Hamburq Limanı arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb. Sənəd çərçivəsində tərəflər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, birgə təşəbbüslərin həyata keçirilməsi və logistika sahəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi