22 sentyabr 2026 08:59
64

“Mercedes” markalı yük avtomobilinin sürücüsü sıxılı vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

“İki sahil” xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobilinin yol kənarında dayanan "Kamaz" markalı yük avtomobilinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və hadisə nəticəsində “Mercedes” markalı yük avtomobilinin sürücüsü sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1971-ci il təvəllüdlü Talışov Elşən Firdovsi oğlunu xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.