"Azerbaijan International Mining Company Limited" şirkətinin qızıl ekvivalentində hasilatı 7,1 dəfə artıb.
“İki sahil” xəbər verir ki, bunu "AzerGold"in İdarə Heyətinin sədri Zakir İbrahimov Prezident İlham Əliyevin sədrliyi ilə "2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş müşavirədə bildirib.
Onun sözlərinə görə, qızıl hasilatı, gəlirlər, EBITDA və vergi ödənişləri fəaliyyət dövrü ərzində davamlı artım nümayiş etdirib: "Qızılın hasilatı 2017-ci illə müqayisədə 2 dəfədən çox artıb. Gəlirlər 3,5 dəfə yüksəlib. Ümumi gəlirlərin 92 %-i ixracdan, 8 %-i isə daxili bazarda satışdan formalaşır. 2019-cu ildən qızıl və gümüş məhsullarının istehsalına başlanılıb və daxili pərakəndə satış əlavə dəyər mənbəyinə çevrilib. Digər mühüm göstərici EBITDA-dır. 2017-ci ildə 46 milyon manat olduğu halda, 2025-ci ildə 260 milyon manata çatıb, yəni təxminən 6 dəfə artıb. EBITDA marjası isə orta hesabla 50 %-dən yüksək olub. Eyni zamanda, şirkətin vergi ödənişləri 15 dəfə artıb. Ən vacib məqamlardan biri ehtiyat bazasının genişləndirilməsidir. Ehtiyatların 6 dəfə artması nəticəsində "Çovdar"da istehsal müddəti 11 il uzadılıb. 2025-ci ildə əldə olunan mənfəətin təqribən 42 milyon manatı səhmdara – dövlətə dividend olaraq ödəniləcək. Bu nəticələr şirkətin mövcud ehtiyatları səmərəli istismar etməklə yanaşı, hasilat dinamikasının qorunmasına və yeni strateji istiqamətlərə investisiyaların genişləndirilməsinə imkan yaradır", - deyə o qeyd edib.
"AzerGold" birbaşa fəaliyyəti ilə yanaşı, Hasilatın Pay Bölgüsü haqqında Saziş çərçivəsində dövlət təmsilçiliyi istiqamətində də mühüm nəticələr əldə edib. 2024-cü ilin iyun ayından etibarən həyata keçirilən nəzarət tədbirləri nəticəsində "Azerbaijan International Mining Company Limited" şirkətinin istehsal və maliyyə göstəricilərində də ciddi artım əldə olunub. Qızıl ekvivalentində hasilat 2024-cü ilin ilk yarısındakı 5,3 min unsiyadan 2026-cı ilin ilk yarısında 37,6 min unsiyaya yüksəlib, yəni 7,1 dəfə artıb. Dövlətin mənfəətdən payı isə 2,4 milyon manatdan 37,6 milyon manata çatıb. Bu, 15 dəfədən çox artım deməkdir. Ümumilikdə "AzerGold"un dövlət təmsilçiliyi dövründə cari tarixə dövlətin mənfəətdən payı 77,5 milyon manat təşkil edib. 2026-cı ildə artımın əsas hissəsi işğaldan azad edilmiş Ağdərə rayonunda yerləşən "Dəmirli" mis mədənində hasilatın bərpası hesabına əldə olunub. Cari ilin əvvəlində Sizin də təşrif buyurduğunuz emal kompleksi "AzerGold"un dəstəyi və nəzarəti ilə təqribən bir il ərzində yenidən qurularaq istifadəyə verilib. Nəticədə investor 2025-ci ildə ölkənin qeyri-neft ixracatçıları arasında birinci yerə yüksəlib və bu tendensiya 2026-cı ildə də davam etdirilib", - deyə sədr əlavə edib.
Mikayıl Cabbarov: “Zəylik” alunit yataqları üzrə araşdırmalar davam etdiriləcək