Nevroloq: Beyin sağlamlığı üçün bir “möcüzəvi preparat” axtarmaqdansa, gündəlik vərdişləri düzəltmək daha effektlidir
Beyin və sinir sistemi orqanizmin fəaliyyətinin tənzimlənməsində və insanın həyat keyfiyyətinin təmin olunmasında mühüm rol oynayır. Bu sistemlə bağlı xəstəliklər isə geniş klinik müxtəlifliyi ilə seçilir və onların bir qismi ilkin mərhələdə özünü qeyri-spesifik əlamətlərlə göstərə bilir. Baş ağrısı, başgicəllənmə, yaddaş və diqqət pozuntuları, yuxu problemləri, ətraflarda keyimə və zəiflik kimi şikayətlər bəzən gündəlik yorğunluq və streslə əlaqələndirilir. Lakin bəzi hallarda həmin əlamətlər daha ciddi nevroloji vəziyyətlərin ilkin göstəricisi ola bilər.
Xüsusilə insult kimi təxirəsalınmaz tibbi müdaxilə tələb edən hallarda simptomların vaxtında tanınması və tibbi yardıma müraciət edilməsi mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, miqren, epilepsiya, Parkinson xəstəliyi və digər nevroloji xəstəliklərin diaqnostikası və müalicəsində müasir tibbin imkanları ilbəil genişlənir. Profilaktika, risk amillərinin vaxtında müəyyənləşdirilməsi və düzgün həyat tərzi isə sinir sisteminin sağlamlığının qorunmasının əsas istiqamətləri sırasında yer alır.
Nevroloji xəstəliklərin ilkin əlamətlərinin hansı hallarda ciddi siqnal kimi qiymətləndirilməsi, insult riskinin azaldılması, stress və yuxu pozuntularının sinir sisteminə təsiri, müasir diaqnostika və müalicə imkanları, eləcə də beyin sağlamlığının qorunması yolları ilə bağlı suallarımızı Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim-nevroloqu Nərmin Məmmədova cavablandırır.

- Bu gün insanlarda ən çox rast gəlinən nevroloji problemlər hansılardır və hansı əlamətlərin vaxtında ciddiyə alınmaması sonradan daha ağır nəticələrə səbəb ola bilər?
- Gündəlik praktikada baş ağrıları, başgicəllənmə, yuxu pozğunluqları, boyun-bel problemləri, sinir sıxılmaları və neyropatiyalarla qarşılaşırıq. Daha ciddi problemlər arasında isə insult, epilepsiya, Parkinson və demensiyalar xüsusi yer tutur. İnsanların ən çox gözardı etdiyi əlamətlər qəfil nitq pozğunluğu, üzdə yaranan asimmetriya, qol-ayaqda zəiflik və ya keyimədir. Bu simptomlarda “bir az gözləyək, keçər” yanaşması ciddi nəticələrə səbəb ola bilər.
-Baş ağrısı cəmiyyətimizdə çox vaxt adi narahatlıq kimi qəbul edilir. Hansı baş ağrıları təhlükəli siqnal hesab olunmalı və insan hansı hallarda dərhal nevroloqa müraciət etməlidir?
-Hər baş ağrısı təhlükəli deyil, lakin bəzi xüsusiyyətlər ciddi səbəbləri düşündürür. Həyatda ilk dəfə yaranan və saniyələr-dəqiqələr ərzində maksimum şiddətə çatan “ildırımvari” baş ağrısı, xüsusilə subaraxnoidal qanaxma ehtimalına görə təcili qiymətləndirilməlidir. Ağrıya nitq pozğunluğu, iflic, görmə dəyişiklikləri, huş pozulması, qızdırma və boyun sərtliyi qoşulursa, təcili yardım lazımdır. 50 yaşdan sonra ilk dəfə yaranan və ya getdikcə xarakteri dəyişən baş ağrısı da mütləq araşdırılmalıdır. Belə hallarda sadəcə ağrıkəsici qəbul edib gözləmək düzgün deyil.

-İnsultun qarşısının alınması nə dərəcədə mümkündür? Yüksək qan təzyiqi, şəkərli diabet, stress, yuxusuzluq və həyat tərzi bu riskə necə təsir edir?
-İnsultların böyük hissəsinin qarşısını risk faktorlarının düzgün idarə olunması ilə almaq mümkündür. Ən vacib dəyişdirilə bilən risk faktoru arterial hipertenziyadır; diabet, siqaret, piylənmə, dislipidemiya, fiziki passivlik və atrial fibrilasiya da riski əhəmiyyətli dərəcədə artırır. Düzgün qidalanma, müntəzəm fiziki aktivlik, siqaretdən uzaq durmaq və arterial təzyiqin nəzarətdə saxlanılması əsas profilaktik tədbirlərdir. Xroniki stress və yuxu çatışmazlığı da metabolik və ürək-damar risklərini artıraraq dolayı yolla insult riskinə təsir göstərə bilər. Yəni insult yalnız “qəfil baş verən” xəstəlik deyil; onun riski illər əvvəl formalaşmağa başlayır.
-Yaddaş zəifləməsi və diqqət dağınıqlığı nə zaman sadəcə yorğunluğun nəticəsidir, hansı hallarda isə beyində gedən ciddi prosesdən xəbər verə bilər?
-Yuxusuzluq, stress, depressiv vəziyyət, həddindən artıq iş yükü və bəzi dərmanlar diqqət və yaddaşı müvəqqəti zəiflədə bilər. Lakin unutqanlıq gündəlik fəaliyyətə mane olmağa başlayırsa, eyni sualları təkrar vermək, tanış yerlərdə istiqaməti itirmək, maliyyə və ya dərman qəbulunu idarə edə bilməmək kimi dəyişikliklər yaranırsa, bu, artıq qiymətləndirilməlidir. Xüsusilə simptomların tədricən proqressivləşməsi nevroloji və ya digər tibbi səbəbləri düşündürür. B12 vitamini çatışmazlığı, qalxanabənzər vəz xəstəlikləri, depressiya, yuxu apnesi və bəzi dərmanlar da “demensiya”ya bənzər klinika yarada bilər. Buna görə yaddaş şikayətini avtomatik olaraq yalnız yaşlanma ilə əlaqələndirmək düzgün deyil. Erkən qiymətləndirmə bəzən tamamilə düzəldilə bilən vəziyyətləri də aşkar etməyə imkan verir.
-Müasir insanın həyatında uzunmüddətli stress, yuxu çatışmazlığı, telefon və kompüter qarşısında çox vaxt keçirmək beyin və sinir sisteminə hansı təsirləri göstərir?
-Xroniki stress və yuxu çatışmazlığı diqqət, yaddaş, emosional tənzimləmə və ağrı həssaslığına mənfi təsir göstərə bilər. Yuxunun davamlı pozulması hipertoniya, piylənmə, diabet və ürək-damar xəstəlikləri kimi vəziyyətlərin riskini də artırır. Uzun müddət ekran qarşısında qalmaq birbaşa “beyin zədələnməsi” yaratmır, lakin yuxu rejiminin pozulması, fiziki hərəkətsizlik, göz yorğunluğu və boyun-çiyin əzələ gərginliyini artırır. Xüsusilə yatmazdan əvvəl intensiv ekran istifadəsi yuxuya getməyi çətinləşdirə bilər. Problem texnologiyanın özündən çox onun yuxunu, hərəkəti və real sosial fəaliyyəti əvəz etməsidir. Buna görə “telefonu tamamilə atın” deməkdənsə, yuxunu qoruyun, hərəkəti artırın və ekran istifadəsini xüsusilə gecə saatlarında məhdudlaşdırın demək daha doğrudur.
-Epilepsiya, Parkinson xəstəliyi, miqren və digər nevroloji xəstəliklərlə bağlı cəmiyyətdə hansı yanlış təsəvvürlər hələ də qalmaqdadır?
-Epilepsiya psixi xəstəlik deyil və yalnız qıcolma ilə müşayiət olunmur; bəzi tutmalar qısamüddətli şüur, davranış və ya hiss dəyişiklikləri ilə özünü göstərə bilər. Parkinson xəstəliyi isə sadəcə “əlin əsməsi” demək deyil və hərəkətlərin yavaşlaması, əzələlərin tonusunun artması, eyni zamanda, illər əvvəl başlayan qəbizlik, yuxu və qoxu pozğunluqları ilə də özünü göstərə bilər. Miqren də “adi baş ağrısı” deyil, beynin kompleks neyrobioloji xəstəliyidir. Epilepsiya yoluxucu deyil və düzgün müalicə ilə bir çox pasiyent normal həyat sürə bilər. Ən təhlükəli yanlış təsəvvürlərdən biri nevroloji xəstəliklərin mütləq əlillik və ya sağalmazlıqla nəticələnəcəyinə inanmaqdır.
-MRT və digər müasir müayinə üsullarının imkanları genişlənib. İnsan hər hansı nevroloji şikayət zamanı nə vaxt görüntüləmə müayinəsinə ehtiyac olduğunu necə bilməlidir?
-MRT çox qiymətli müayinədir, lakin hər baş ağrısı və ya başgicəllənmə zamanı MRT tələb olunmur. Qırmızı bayraqlar, yeni nevroloji defisit, epileptik tutma, proqressivləşən simptomlar və bəzi xüsusi klinik vəziyyətlərdə görüntüləmə xüsusilə vacibdir. Kəskin insult şübhəsində isə KT/KT-angioqrafiya kimi müayinələr müalicə qərarının sürətlə verilməsi üçün daha uyğun ola bilər. Əsas prinsip “KT/ MRT çəkək, sonra baxarıq” yox, əvvəl klinik qiymətləndirmə, sonra düzgün müayinədir.

-Beyin sağlamlığını uzun illər qorumaq üçün elmi baxımdan ən vacib gündəlik vərdişlər hansılardır? Yuxu, qidalanma, fiziki aktivlik və zehni fəaliyyət arasında hansı balansı saxlamaq lazımdır?
-Beyin sağlamlığının ən yaxşı “dərmanı” əslində çox sadədir: normal yuxu, hərəkət, sağlam qidalanma və damar risklərinin nəzarəti. Həftə ərzində müntəzəm fiziki aktivlik, təzyiq və xolesterinin nəzarətdə saxlanması, siqaretdən uzaq durmaq və kifayət qədər yuxu xüsusilə vacibdir. Beyni daim aktiv saxlamaq — oxumaq, yeni şeylər öyrənmək, sosial münasibətləri qorumaq da faydalıdır. Yəni beyin sağlamlığı üçün bir “möcüzəvi preparat” axtarmaqdansa, gündəlik vərdişləri düzəltmək daha effektlidir.
-Nevrologiyada son illərdə hansı yeni müalicə və texnologiyalar daha böyük ümidlər yaradır? Xüsusilə insult, miqren, epilepsiya və neyrodegenerativ xəstəliklərin müalicəsində hansı dəyişiklikləri gözləmək olar?
-Nevrologiyada ən böyük dəyişikliklərdən biri müalicələrin artıq konkret xəstəlik mexanizmlərini hədəfləməsidir. Məsələn, miqren zamanı CGRP — kalsitonin geni ilə əlaqəli peptid adlı zülalın miqren tutmasının yaranmasında mühüm rolu olduğu müəyyən edilib və onu bloklayan yeni preparatlar həm tutmaların qarşısını almaqda, həm də müalicədə istifadə olunur. İnsultda mexaniki trombektomiya, epilepsiyada neyrostimulyasiya və Alzheimer xəstəliyində anti-amiloid müalicələr də müasir nevrologiyanın əsas yeniliklərindəndir. Əsas dəyişiklik isə xəstəlikləri yalnız simptomatik müalicə etməkdən onların molekulyar mexanizmlərini hədəfləməyə keçiddir.
-Sonda oxucularımıza ən vacib mesajınız nə olardı: insan hansı əlamətləri heç vaxt “keçib gedər” deyərək gözardı etməməli və beyin sağlamlığını qorumaq üçün bu gündən başlayaraq nə etməlidir?
-Beynimiz bizə ağrı, keyimə, başgicəllənmə, yaddaş və ya hərəkət dəyişiklikləri ilə siqnal verir və bu siqnalları uzun müddət görməzdən gəlmək düzgün deyil. Xüsusilə qəfil başlayan hər hansı nevroloji dəyişiklikdə vaxt itirmək olmaz, çünki insult kimi vəziyyətlərdə itirilən hər dəqiqə önəmlidir. Ümumiyyətlə, bir çox xəstəliklərdə vaxt itirməmək bəzən müalicənin özündən daha vacibdir. Digər tərəfdən, beyin sağlamlığı yalnız nevroloji xəstəlik yarandıqdan sonra düşünülməməlidir. Təzyiqə nəzarət, fiziki aktivlik, keyfiyyətli yuxu, düzgün qidalanma və siqaretdən uzaq olmaq əslində beynə qoyulan uzunmüddətli investisiyadır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Rubio: Ukraynadakı münaqişənin başa çatması Rusiyanın maraqlarına cavab verir