24 sentyabr 2026 08:26
87

Kanada ABŞ-nin mümkün hərbi müdaxiləsinə hazırlaşıb

Kanada hakimiyyəti son bir il ərzində ABŞ tərəfindən mümkün hərbi müdaxilə ssenarisinə hazırlıq görüb.

“İki sahil” xəbər verir ki, bunu Kanadanın Baş naziri Mark Karni The New York Times qəzetinə müsahibəsində bildirib.

Karni qeyd edib ki, Kanada hökuməti belə bir ssenarini son dərəcə az ehtimal olunan hal kimi qiymətləndirib. Bununla belə, onun sözlərinə görə, dövlət rəhbərləri hətta baş verməsi ehtimalı çox aşağı olan fövqəladə riskləri də nəzərə almalıdırlar.

"Düşünürəm ki, belə vəzifələrdə olan insanlar hətta son dərəcə az ehtimal olunan fövqəladə riskləri də qiymətləndirməlidirlər", - deyə Karni bildirib.

Baş nazir vurğulayıb ki, söhbət ABŞ-ın Kanadaya müdaxiləsinin əsas ssenari kimi qəbul edilməsindən getmir. "Bu, sadəcə risklərin izlənilməsidir. Bu, əsas ssenari deyil, amma buna hazırlaşmamaq məsuliyyətsizlik olardı", - deyə o əlavə edib.

Karni ABŞ Prezidenti Donald Trampın Kanadanı ABŞ-ın 51-ci ştatına çevirmək istəyi ilə bağlı açıqlamalarına da toxunub. Bununla yanaşı, Kanada ABŞ-ın "Starlink" peyk rabitə sistemindən asılılığını azaltmaq niyyətindədir.

"Starlink məsələsində, şübhəsiz ki, diversifikasiya həyata keçirəcəyik", - deyə Kanada Baş naziri bildirib.

Onun sözlərinə görə, Ottava bu sahədə Avropa ölkələri və Cənubi Koreya ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.