27 Sentyabr Anım Günü Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edildiyi mühüm tarixi gün olmaqla, şəhidlərimizin müqəddəs xatirəsinə dərin hörmət və ehtiramın ifadəsi, həmçinin, xalqımızın vətənə, dövlətə və milli dəyərlərə bağlılığını nümayiş etdirən bir gündür. Məhz cənab İlham Əliyevin 27 Sentyabrın Anım Günü kimi qeyd olunmasına dair verdiyi 2 dekabr 2020-ci il tarixli Sərəncam, həmin tarixin əhəmiyyətliliyini bir daha özündə ehtiva edən olduqca vacib təşəbbüsdür.

2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin mühüm hadisələrindən biri kimi yaddaşlara həkk olunub. Müharibə dövründə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi qulluqçuları ilə bərabər arxa cəbhədə çalışan mülki şəxslər bir yumruq və bir ideya altında birləşərək, ordumuzun ruhdan düşməməsi, əksinə, daha da şücaətlə döyüşərək düşmənə qalib gəlməsi və qətiyyətli zəfərin əldə edilməsi naminə hər cür çətinliklərə sinə gərmiş və uzun illər düşmən tərəfindən işğal olunan torpaqlarımızın azad edilməsinə nail olmuşlar.
Məlumdur ki, təxminən 30 ilə yaxın müddət ərzində qonşu Ermənistan dövləti öz işğalçı siyasətini davam etdirərək, Qarabağ torpaqlarında müxtəlif təxribatlar törətmiş, bu ərazilərdə yaşayan dinc sakinlərimizə qarşı tarixdə misli-bərabəri görünməyən təcavüzlər və soyqırımlar törədərək, insanların öz yurd-yuvalarında rahat yaşamasına imkan verməmişlər. Bütün bu əziyyətlərə sinə gərən və haqsızlıqlarla barışmayan xalqımızın mərd, şücaətli oğul və qızları nəhayət 2020-ci il sentyabrın 27-də Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli fikrini dəstəkləyərək, ölkə Başçısının tək bir əmri ilə bir olub ayağa qalxmış və uzun illər əsarətdə olan torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi naminə öz canlarından və qanlarından keçmişlər.
Belə ki, bu 30 ilə yaxın müddətdə Qarabağ torpaqlarının azadlığı ilə bağlı bir çox beynəlxalq təşkilatların “ikili standartlar” siyasəti, iki tərəf arasında mövcud olmuş münaqişənin dondurulmasına çalışması və bununla da illər ərzində aparılan siyasi danışıqların nəticəsiz qalması xalqımızın səbrinin tükənməsinə, məsələnin müharibə yolu ilə bir dəfəlik həll edilməsinə gətirib çıxartmışdır. Bu illər ərzində BMT tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndiyi üçün BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi icra olunmadan qalmışdır. Buna baxmayaraq, 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını, qəbul edilmiş beynəlxalq qətnamələrin icrasının ölkəmizin qüdrəti və xalqımızın gücü hesabına həyata keçirilməsini nümayiş etdirmişdir. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmamış, Azərbaycana qarşı təxribatlarını davam etdirmişdir.
Nəhayət, 2020-ci il 27 sentyabr tarixində atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan silahlı qüvvələri Azərbaycan silahlı qüvvələrinin cəbhə boyu mövqelərinə və bir çox rayonlarımızın yaşayış məntəqələrinə davamlı artileriya zərbələri endirməklə xalqımıza qarşı növbəti təcavüzə başlamışlar. Bu isə, hərbi qulluqçularımız ilə bərabər ikisi azyaşlı olmaqla, on bir dinc sakinimizin həlak olması ilə nəticələnmişdir. Bununla da düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdir. Beləliklə, 27 sentyabr 2020-ci il tarixində Azərbaycan Ordusunun Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 9 noyabr tarixinədək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilmişdir.
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə və həmrəylik nümayiş etdirərək düşməni son nəfərinə kimi torpaqlarımızdan qovub çıxartmış və onlara 30 iliik səbrin nəticəsini göstərmişdir. Bütün bu uğurlu qalibiyyətimiz isə qəhrəman şəhidlərimizin, həmçinin qazi və veteranlarımızın sayəsində baş vermişdir. Bu səbəbdən də, döyüş meydanında qəhrəmanlıq nümayiş etdirən, Vətən uğrunda canını və qanını fəda edən şəhidlərimizin xatirəsinə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bundan başqa, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunumuşlar.
Bu gün ölkənin müxtəlif bölgələrdə şəhidlərin məzarları ziyarət edilir, onların ailələrinə diqqət və qayğı göstərilir, Vətən müharibəsində həyatını itirmiş insanların xatirəsi müxtəlif tədbirlərlə yad olunur. Dövlət və cəmiyyət səviyyəsində keçirilən anım mərasimləri şəhidlərin həyat yolunun və qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu səbəbdən şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət cəmiyyətin mənəvi məsuliyyətinin mühüm istiqamətlərindən birinə çevrilmişdir. Şəhidlərin ailələrinin və övladlarının daim diqqətdə saxlanılması, onların sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi həyata keçirilir.
Beləliklə, şəhidlik Azərbaycan cəmiyyətində Vətən uğrunda ən böyük fədakarlıq kimi qəbul olunur. 27 Sentyabr – Anım Günü bu fədakarlığın unudulmaması və şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı
İcma: Ermənistanın dövlət məsuliyyətini və cinayətlərini danması siyasəti iflasa məhkumdur
Azərbaycan Prezidenti: İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır
Prezident İlham Əliyev: Cənubi Qafqazda bərqərar olmaqda olan sülh regional ticarət və investisiyalar üçün yeni imkanlar yaradır