Azərbaycan 2027–2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlayır. Strategiyanın əsas istiqamətlərini iqtisadiyyatın şaxələndirilməsi, özəl sektorun rolunun artırılması, sənayeləşmə və insan kapitalının inkişafı təşkil edəcək.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.
Nazir bildirib ki, yeni mərhələdə insan kapitalına investisiyaların artırılması, enerji transformasiyası, süni intellekt texnologiyalarının tətbiqi və biznes mühitinin yaxşılaşdırılması əsas prioritetlər olacaq.
M.Cabbarov qeyd edib ki, strategiyanın icrasında maliyyə sektorunun aktivləşdirilməsi, kapital bazarlarının inkişafı və uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsi də mühüm rol oynayacaq.
Mikayıl Cabbarov diqqətə çatdırıb ki, əsas hədəflərdən biri ixracyönümlü iqtisadi modelin formalaşdırılmasıdır. Bu məqsədlə Azərbaycanın Orta Dəhlizin imkanlarından daha geniş istifadə etməsi, regional logistika və tranzit qovşağı rolunu gücləndirməsi nəzərdə tutulur.
Nazir vurğulayıb ki, regional tərəfdaşlıq, iqtisadi qarşılıqlı asılılıq və birgə fəaliyyət həm Azərbaycanın inkişaf strategiyasının, həm də regionun dayanıqlı inkişafının mühüm şərtlərindəndir.
Azərbaycanın istehsal, investisiya, logistika üzrə regional platformaya çevrilməsini istəyirik
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycanın regionlar arasında strateji keçid kimi rolu müzakirə olunub
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalanıb
Suriya iqtisadiyyatını qlobal iqtisadi sistemə yenidən inteqrasiya etməyə çalışır
Mikayıl Cabbarov: Azərbaycan maliyyə buferləri hesabına inkişaf kursunu qoruyub saxlayıb