25 sentyabr 2026 15:48
95

Elnur Bağırov: Azərbaycan əlverişli coğrafi mövqeyə, sənaye platformalarına və güclü regional əlaqəliliyə malikdir

Azərbaycan əlverişli coğrafi mövqeyə, sənaye platformalarına və güclü regional əlaqəliliyə malikdir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən "Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi" mövzusunda panel müzakirəsində deyib.

O qeyd edib ki, Azərbaycan üçün strateji imkan yalnız daha çox yük daşımaqdan deyil, həm də limanları, dəmir yollarını, enerji infrastrukturunu, logistika mərkəzlərini və sənaye zonalarını vahid funksional şəbəkədə birləşdirməklə bu yükün ətrafında daha çox əlavə dəyər yaratmaqdan ibarətdir. Türk Dövlətləri Təşkilatı bu şəbəkəyə həm bazar miqyası, həm də təsisat çərçivəsi qazandırır. Üzv dövlətlərin iqtisadiyyatları böyüməklə yanaşı, onların arasındakı ticarət də genişlənir. Gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsal nəqliyyat sənədləri, iqtisadi zonalar arasında əməkdaşlıq və Türk İnvestisiya Fondu sahəsindəki irəliləyişlər bu miqyası investisiya layihələrinə çevirə bilər.