27 sentyabr 2026 12:21
110

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan şanlı səhifə - Vətən müharibəsi

Azərbaycan Silahlı Qüvvələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qırx dörd günlük Vətən müharibəsində tarixi Qələbə qazandı.

2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistanın silahlı qüvvələri səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. İşğalçı Ermənistanın bu növbəti təxribatının qarşısını almaq, mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başladı. Silahlı Qüvvələrimizin apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi obyektləri və döyüş texnikaları məhv edildi. İşğal edilmiş rayonlarımız Azərbaycan əsgərinin qəhrəmanlığı, rəşadəti və şücaəti ilə bir-bir düşmən tapdağından təmizləndi.

Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbə ilə Azərbaycan torpaqlarını işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılmasına dair məlum qətnamələrini öz gücünə yerinə yetirdi. Prezident İlham Əliyev 2026-cı ilin sentyabrında Bişkekdə “ŞƏT plyus” formatında keçirilən görüşdəki çıxışında bildirib ki, 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi 30 ildən sonra, üç il əvvəl icra edilib: “Azərbaycan artıq Ermənistana neft məhsulları tədarük edir və üçüncü ölkələrin yüklərinin tranzitini təmin edir. Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması, onun nomenklaturasının genişləndirilməsi və yeni quru nəqliyyat kommunikasiyalarının yaradılması üzərində çalışırıq. Lakin təəssüf ki, BMT bu qətnamələrin yerinə yetirilməsində heç bir rol oynamayıb. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü özü tam şəkildə bərpa edib”. 

Şiddətli döyüşlər nəticəsində 300-ə yaxın yaşayış məntəqəsi, habelə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərləri, Hadrut və Suqovuşan qəsəbələri düşmən işğalından azad edildi. Vətən müharibəsi Şuşa zəfəri ilə başa çatdı. Kapitulyasiya aktına imza atan düşmən Ağdam, Kəlbəcər və Laçın rayonlarını boşaltmaq məcburiyyətində qaldı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Üçtərəfli Bəyanatın imzalanmsı ilə otuz illik işğal başa çatdı.

Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. 

Dövlətimizin başçısı 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2024-cü il noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etdilər.

Azərbaycanın yalnız hərbi gücünü deyil, milli qürurunu, birliyini və tarixi ədaləti bərpa etmək gücünü bütün dünyayya nümayiş etdirən İkinci Qarabağ müharibəsində qazanılan şanlı Zəfərin ən mühüm amillərindən biri xalqımızın Vətən torpaqlarının azad olunması naminə öz dövləti və ordusu ətrafında sıx birləşməsi oldu. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, ölkəmizin haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. 

2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 43 dəqiqə saat ərzində düşmən aldığı ağır zərbələrdən sonra silahı yerə qoymağa və Azərbaycanın şərtlərini qəbul etməyə məcbur oldu. Bununla da, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa edildi. Dövlətimizin başçısının sərəncamlarına əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü və Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. Həmçinin 26 Avqust-Laçın Şəhəri Günü, 4 Oktyabr-Cəbrayıl Şəhəri Günü, 17 Oktyabr-Füzuli Şəhəri Günü, 20 Oktyabr-Zəngilan Şəhəri Günü, 25 Oktyabr-Qubadlı Şəhəri Günü, 8 Noyabr- Şuşa Şəhəri Günü, 20 Noyabr -Ağdam Şəhəri Günü, 25 Noyabr- Kəlbəcər Şəhəri Günüdür.

Dünya hərb tarixinə yeni səhifə kimi yazılan Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən igid əsgər və zabitlərimizin qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz indi qalib ölkə, müzəffər xalq kimi yaşayır, yağı tapdağından azad edilmiş torpaqları qururuq, bərpa edirik və böyük qürur hissi ilə deyirik: Qarabağ Azərbaycandır!

Zahid Rza, “İki sahil”