Gəncə şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
“İki sahil” xəbər verir ki, Anım Günü ilə bağlı tədbirlər çərçivəsində əvvəlcə Gəncə şəhərinin Heydər Əliyev adına Mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülərək onun əziz xatirəsinə dərin hörmət və ehtiram bildirilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin ehtiramla yad edilməsi məqsədilə Gəncə şəhərinin Şəhidlər xiyabanında ümumşəhər tədbiri keçirilib. Tədbirdə rəsmilərlə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda itkin düşmüş hərbi qulluqçuların adlarının əks olunduğu abidə ziyarət edilib. Daha sonra şəhidlərin fotoşəkillərinin əks olunduğu lövhəyə baxış keçirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
27 Sentyabr – Anım Gününə həsr olunmuş ümumşəhər tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub.
Tədbirdə bildirilib ki, 27 sentyabr 2020-ci il Azərbaycanın 30 illik işğala son qoyulmasına və tarixi Zəfərə aparan yolun başlanğıcı olub. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu böyük qəhrəmanlıq göstərərək torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi ilə Zəfərin əsas mərhələsi tamamlanıb. Qeyd olunub ki, 27 Sentyabr – Anım Günü Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Şəhidlərin qəhrəmanlığının gələcək nəsillər üçün Vətənə sədaqət, mərdlik və fədakarlıq nümunəsi kimi yaşayacağı vurğulanıb. Daha sonra din xadimi tərəfindən Vətən uğrunda canından keçmiş şəhidlərin ruhuna dualar oxunub. Saat 12:00-da Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri “Əbədi məşəl” abidəsinin önünə və şəhid məzarları üzərinə gül dəstələri qoyaraq şəhidlərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Həmçinin Anım Günü çərçivəsində Heydər Əliyev Park-Kompleksi ərazisində ağacəkmə aksiyası keçirilib, Gəncə Memorial Kompleksi ziyarət olunub.