29 sentyabr 2026 10:09
184

Müəllim insan həyatına toxunan peşədir


Bəzən illər əvvəl dərs dediyiniz bir şagirdin uğurunu eşitmək, onun sizi xatırladığını bilmək müəllim üçün ən böyük mükafatdır

 

- Müəllimlikdən məktəb rəhbərliyinə keçid sizin üçün hansı məsuliyyətləri ön plana çıxarıb? Direktor kimi fəaliyyətinizdə müəllimlik təcrübəniz sizə nə verir?

Müəllimlik də, məktəb rəhbərliyi də böyük məsuliyyət tələb edir. Ancaq direktor kimi məsuliyyət daha genişdir. Çünki artıq yalnız bir sinfin və ya bir fənnin deyil, bütöv bir təhsil ocağının uğuru, müəllimlərin fəaliyyəti, şagirdlərin inkişafı və valideynlərin etimadı sizin məsuliyyətinizə çevrilir.

Amma direktor kürsüsündə oturarkən müəllim Rüxsarə müəlliməni itirməmək mənim üçün xüsusilə vacibdir. Çünki rəhbərliyin əsasını da müəllimlikdən qazandığım təcrübə təşkil edir. Müəllimin çətinliyini, şagirdlə işləməyin məsuliyyətini və sinifdə yaranan problemləri hiss etmək rəhbər kimi daha düzgün qərarlar qəbul etməyə kömək edir. Məncə, yaxşı rəhbər əvvəlcə yaxşı müəllim olaraq qalmağı bacarmalıdır.

– Sizcə, müasir dövrdə yaxşı müəllimi fərqləndirən əsas xüsusiyyətlər hansılardır və müəllim şagird qarşısında nüfuzunu necə qorumalıdır?

Məncə, bu gün yaxşı müəllimi fərqləndirən əsas xüsusiyyət öyrənməkdən heç vaxt imtina etməməsidir. Müəllim yalnız öz fənnini bilməklə kifayətlənməməli, daim yenilənməli, müasir texnologiyaları və şagirdlərin dəyişən dünyasını izləməlidir.

Müasir şagird informasiyaya əvvəlkindən daha asan çıxış əldə edir. Buna görə müəllimin nüfuzu yalnız “mən müəlliməm, sən şagirdsən” yanaşması ilə qorunmur. Müəllim öz biliyi, ədalətli münasibəti, şəxsiyyətinə hörməti və şagirdlə sağlam ünsiyyəti ilə nüfuz qazanmalıdır. Şagird müəllimdə həm bilik mənbəyi, həm də güvənə biləcəyi bir insan görməlidir.

– N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyində təhsil prosesində əsas hədəfinizi necə müəyyənləşdirirsiniz? Akademik nəticələrlə yanaşı, hansı keyfiyyətlərin formalaşmasına xüsusi önəm verirsiniz?

Liseydə əsas məqsədimiz yalnız yüksək nəticə göstərən şagird yetişdirmək deyil, düşünən, araşdıran, məsuliyyətli və cəmiyyət üçün faydalı şəxsiyyət formalaşdırmaqdır.

Akademik nəticələr, əlbəttə ki, bizim üçün vacibdir. Lakin şagirdin müstəqil düşünməsi, fikrini əsaslandırmağı bacarması, fərqli düşüncələrə hörmət etməsi, milli və mənəvi dəyərlərimizi qoruması da ən az nəticələr qədər əhəmiyyətlidir. Biz istəyirik ki, məzunlarımız liseydən yalnız biliklə deyil, həyata hazırlıqlı bir şəxsiyyət kimi ayrılsınlar.

– Məktəbdə sağlam və uğurlu kollektiv formalaşdırmaq üçün hansı prinsiplərə əsaslanırsınız? Müəllimlərin əməyinin şagird uğurlarına təsirini necə qiymətləndirirsiniz?

Sağlam kollektivin təməlində ilk növbədə qarşılıqlı hörmət, etimad və ədalətli münasibət dayanır.

Məktəb rəhbəri hər bir müəllimin əməyini görməyi, onun fikrinə qulaq asmağı və potensialını düzgün istiqamətləndirməyi bacarmalıdır. Müəllim özünü kollektivin dəyərli üzvü kimi hiss etdikdə daha həvəslə çalışır. Mənim üçün kollektivdə rəqabətdən daha çox əməkdaşlığın, bir-birinin uğuruna sevinməyin və ümumi məqsəd ətrafında birləşməyin önəmi böyükdür.

Bu yanaşmanın real nəticələrini şagirdlərimizin uğurlarında da görürük. Şagirdimiz Zeynəb Məmmədli Dünya Fizika Olimpiadasında gümüş medal qazanaraq liseyimizi beynəlxalq səviyyədə layiqincə təmsil edib. N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin 4E sinif şagirdi Rəhmli Söhbət Elm və Təhsil Nazirliyinin keçirdiyi “BilBacar” müsabiqəsində uğur qazanaraq I yerə layiq görülüb və qızıl medalla təltif olunub. Eyni zamanda, “Şahinlər” komandamız region birincisi olaraq ölkə birinciliyinə vəsiqə qazanıb. Bu uğurlar bizim üçün yalnız nəticə deyil, şagirdlərin istedadının, zəhmətinin və müəllim-valideyn əməkdaşlığının göstəricisidir.

– Rəhbər kimi müəllimlər qarşısında tələbkarlıqla insan amili arasında necə tarazlıq yaradırsınız? Müəllimin motivasiyasında hansı amilləri əsas hesab edirsiniz?

Tələbkarlıq və insan amili bir-birinə zidd anlayışlar deyil. Əksinə, düzgün rəhbərlik zamanı onlar bir-birini tamamlamalıdır.

Mən müəllimdən nəticə gözləyirəmsə, onun həmin nəticəyə çatması üçün lazımi şəraiti də yaratmağa çalışmalıyam. Müəllimin əməyini qiymətləndirmək, onu dinləmək, çətinliklərini nəzərə almaq və uğurlarını görmək motivasiyanın əsas hissəsidir. Tələbkarlıq olmalıdır, amma bu tələbkarlıq hörmət və anlayış üzərində qurulmalıdır.

– Məktəb, müəllim, şagird və valideyn arasında əməkdaşlığın keyfiyyətli təhsilin nəticələrinə təsirini necə qiymətləndirirsiniz?

Keyfiyyətli təhsilin əsas şərtlərindən biri tərəflərin bir-birinə qarşı etimad və məsuliyyət hissi daşımasıdır.

Məktəb öz üzərinə düşən işi görməli, müəllim peşəkar yanaşmalı, şagird öyrənməyə məsuliyyətlə yanaşmalı, valideyn isə məktəblə əməkdaşlıq etməlidir. Bu tərəflərdən biri prosesdən kənarda qalanda nəticənin tam olması çətinləşir. Mən məktəb–valideyn münasibətlərində qarşılıqlı hörmət və açıq ünsiyyəti xüsusilə vacib hesab edirəm.

– Süni intellekt və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə müəllimin rolu necə dəyişir? Gələcəyin müəllimi hansı bacarıqlara sahib olmalıdır?

Süni intellekt və rəqəmsal texnologiyalar müəllimin rolunu aradan qaldırmayacaq, əksinə, onun rolunu daha da dəyişəcək. Müəllim artıq yalnız məlumat ötürən şəxs deyil, məlumatı seçməyi, düzgün qiymətləndirməyi və tətbiq etməyi öyrədən mentor olmalıdır.

Gələcəyin müəllimi rəqəmsal savadlılıqla yanaşı, tənqidi düşünmə, yaradıcılıq, kommunikasiya və adaptasiya bacarıqlarına malik olmalıdır. Ən əsası isə texnologiyanın verdiyi imkanlardan istifadə edərkən müəllim-insan münasibətinin əhəmiyyətini qorumaq lazımdır. Çünki texnologiya bilik verə bilər, amma uşağın şəxsiyyət kimi formalaşmasında müəllimin insani təsiri əvəzsizdir.

– Sizin üçün uğurlu məzun anlayışı yalnız yüksək akademik nəticə ilə məhdudlaşırmı? Lisey məzununda hansı keyfiyyətləri görmək istərdiniz?

Mənim üçün uğurlu məzun yalnız yüksək balla universitetə qəbul olunan şagird deyil. Uğurlu məzun öz ayaqları üzərində dayana bilən, düzgün qərar verməyi bacaran, cəmiyyətə fayda vermək istəyən və öyrənməyi davam etdirən insandır.

Əlbəttə, yüksək nəticə və ali məktəbə qəbul böyük uğurdur. Lakin mən istəyərdim ki, məzunlarımız illər sonra həyatlarının müxtəlif mərhələlərində qazandıqları biliklərlə yanaşı, liseydə qazandıqları dəyərləri də özləri ilə aparsınlar.

– İdarəçilik fəaliyyətinizdə əsaslandığınız prinsipləri necə ifadə edərdiniz? Qərar qəbul edərkən hansı meyarları ön planda saxlayırsınız?

Mənim idarəçilik prinsipimi bir cümlə ilə ifadə etsəm, deyərdim: ədalət, məsuliyyət və inkişaf.

Qərar qəbul edərkən ilk növbədə bunun şagirdə, müəllimə və bütövlükdə liseyin inkişafına necə təsir edəcəyini düşünürəm. Hər bir qərarın arxasında şəxsi münasibətlər deyil, obyektiv meyarlar dayanmalıdır. Eyni zamanda müxtəlif fikirləri dinləməyi vacib hesab edirəm. Çünki yaxşı qərar bəzən yalnız bir insanın deyil, kollektivin təcrübəsindən doğur.

– 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə həmkarlarınıza hansı mesajı çatdırmaq istərdiniz?

Müəllimlər Günü münasibətilə bütün həmkarlarıma demək istərdim ki, gördüyünüz işin dəyəri yalnız bu gün əldə etdiyiniz nəticələrlə ölçülmür. Bəzən illər əvvəl dərs dediyiniz bir şagirdin uğurunu eşitmək, onun sizi xatırladığını bilmək müəllim üçün ən böyük mükafatdır.

Müəllim insan həyatına toxunan peşədir. Biz bəzən bir cümlə, bir tövsiyə və ya sadəcə göstərdiyimiz inamla bir şagirdin gələcəyinə təsir edə bilərik. Mən bütün həmkarlarıma səbir, sağlamlıq, yaradıcılıq və öz əməyindən mənəvi zövq almağı arzulayıram.

– İllər sonra şagirdlərinizin sizi necə xatırlamasını istərdiniz? Müəllimlik peşəsinin sizin üçün ən böyük mənası nədən ibarətdir?

İllər sonra şagirdlərimin məni yalnız direktor və ya müəllim kimi deyil, onların yoluna işıq tutmağa çalışan bir insan kimi xatırlamalarını istəyərdim.

İstəyərdim ki, illər sonra hansısa şagirdim “Rüxsarə müəllimə mənə inanmışdı”, yaxud “Onun bir sözü mənə yol göstərmişdi” desin. Məncə, müəllim üçün bundan böyük xatirə yoxdur.

Müəllimlik mənim üçün sadəcə bir peşə deyil. Bu, insan yetişdirmək, gələcəyə töhfə vermək və hər gün özündən bir parça qoyaraq yeni nəsillə yol getməkdir. Müəllimin ən böyük əsəri onun şagirdidir. Mənim üçün müəllimlik peşəsinin ən böyük mənası da məhz budur.

 

Səmimi və ətraflı müsahibə üçün sizə təşəkkür edirik. Müəllimlik fəaliyyətinizdə qazandığınız zəngin təcrübəni məktəb rəhbərliyi ilə birləşdirərək təhsilin inkişafına, müəllimlərin peşəkar fəaliyyətinə və şagirdlərin hərtərəfli formalaşmasına verdiyiniz töhfələrin bundan sonra da uğurla davam etməsini arzulayırıq.

Fürsətdən istifadə edərək, qarşıdan gələn 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə sizi və bütün həmkarlarınızı ürəkdən təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar, tükənməz enerji və yetirmələrinizin nailiyyətlərindən daim qürur duymağı arzulayırıq. Əminik ki, müəllimə bəslədiyiniz sevgi və məsuliyyət, şagirdlərin gələcəyinə verdiyiniz dəyərli töhfələr bundan sonra da yeni uğurlarla davam edəcək.