29 sentyabr 2026 19:16
102

Azərbaycan qlobal investisiya və sabitlik mərkəzi kimi

Azərbaycanın beynəlxalq mövqeyi hər keçən gün daha da möhkəmlənir, qlobal proseslərdəki rolu və nüfuzu artır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət kursu və çoxşaxəli diplomatiya sayəsində respublikamız regionun lider dövləti olmaqla yanaşı, həm də qlobal miqyasda söz sahibi olan, etibarlı tərəfdaş kimi qəbul edilir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son 20 ildən artıq müddət ərzində ölkənin qazandığı uğurlar göz qabağındadır. Nailiyyətlərimizi bütün dünya görür. Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu bunu bir daha tədiqlədi. 

Məlum olduğu kimi sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunub.

Forum çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbirdə dövlətimizin başçısı ilə söhbətdə moderatorun xatırlatdığı fakt və rəqəmlər də bunu göstərir. Belə ki, sözügedən dövrdə ÜDM 10 dəfə artaraq 7 milyarddan 76 milyarda yüksəlib. Adambaşına düşən ÜDM 8 dəfədən çox artaraq 900-dən 7500-ə yüksəlib. Yoxsulluq səviyyəsi 45 faizdən 5 faizə enib. Dövlət Neft Fondunun aktivləri 90 dəfə artaraq 840 milyon dollardan 75 milyard dollara yüksəlib. 

İqtisadiyyat qeyri-neft-qaz sektorunun həcmini dörd dəfə yarım artırmaqla genişləndirilib. Nəticədə 2025-ci ildə qeyri-neft-qaz iqtisadiyyatı ÜDM-in 71 faizini təşkil edib. Eyni zamanda, neft hasilatı azaldığı halda, 2003-cü ildə 5 milyard kubmetr olan qaz hasilatı 2025-ci ildə 50 milyard kubmetrə qədər artıb. 

Bu gün Azərbaycan 16 ölkəyə qaz ixrac edir. Azərbaycan artıq Avropa və Türkiyə üçün təbii qazın mühüm təchizatçısına çevrilib, bu məsələ xüsusilə Ukraynadakı müharibə ilə əlaqədar son dərəcə böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev indiyədək görülən işlərin gələcək inkişaf üçün ilkin şərt olduğunu bildirərək deyib: “Neft və qaz iqtisadiyyatımızda aparıcı rolunu qoruyacaq və əldə olunan gəlirlər yenidən iqtisadiyyata investisiya şəklində yönəldiləcək”.

Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu göstərir ki, siyasi sabitlik və iqtisadi dayanıqlıq qorunduğu halda, mövcud potensialı yeni imkanlara çevirmək mümkündür. Qarşıdakı mərhələdə əsas məsələ bu potensialın daha da genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın qlobal iqtisadi proseslərdə rolunun gücləndirilməsidir.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri