30 sentyabr 2026 11:22
73

1993-cü ilin 3 oktyabrı dövlətçiliyə sədaqətin tarixidir

Tarixi şəxsiyyətlər xalqının sabahlarının qayğısına qalmaqla dövlətin, dövlətçiliyin inkişaf kontur­la­rını vaxtında müəyyənləşdirir, onların həyata keçirilməsi üçün bütün zəruri siyasi və iq­ti­sadi mənbələri səfərbər edə bilir. Tarixən belə olub. XX əsrdə Azərbaycan xalqının mənəvi dün­yasının bütövlüyünü, Azərbaycanın varlığını azərbaycançılıq sevgisi ilə siyasət fenomeni, böyük tarixi şəxsiyyət Heydər Əlirza oğlu Əliyev qorudu və yaşatdı…

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqında”  Konsti­tu­si­ya Aktı qəbul edildi, Azərbaycan imperiyanın ilhaqından xilas oldu.

Azərbaycanda müxtəlif səbəblərdən siyasi vəziyyət kəskinləşmişdi. Səriştəsizlik, idarəet­mə­də naşılıq, kadr çatışmazlığı, separatçılq meyilləri, … siyasi vəziyyəti son dərəcədə kəs­kin­ləş­dirmişdi, bunların nəticəsi olaraq respublikada vətəndaş qarşıdurması, və­tən­daş müha­ri­bəsi yaran­maq­da idi. Belə bir vəziyyətdə xalq son çarə kimi böyük tarixi şəxsiyyət Heydər Əliyevi ciddi tə­kidlə hakimiyyətə dəvət etdi. Həmişə xalqı düşünən, fəaliyyətini xalqın yaşamına səfərbər edən dahi şəxsiyyət xalqın sabahları naminə, Azərbaycan dövlətçiliyinin qorun­ması naminə bu dəvəti böyük səmimiyyətlə qəbul etdi. 1993-cü il iyunun 9-da Bakıya gəldi. Çox qısa müddətdə Gəncə qiyamı yatırıldı, separatçılığın qarşısı alındı, vətəndaş müharibəsinin başlan­ma­sına imkan veril­mə­di, Azərbaycan dövlətçiliyi labüd süqutdan xilas edildi…

Dövlətçiliyin xilası dövlətçiliyin möhkəmləndirilməsini tələb edirdi. Respublikaya prezi­dent seçilməli idi. Bu seçkilər oktyabrın 3-nə təyin olunmuşdu. Seçicilərin böyük əksəriyyəti bö­yük tarixi şəx­siyyət Heydər Əliyevə səs verdi. Heydər Əliyev Azərbaycan Respublikasının Pre­zidenti seçil­di. Prezident Heydər Əliyev xalqa və dövlətə içdiyi sədaqət andında nitqində dedi: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azər­baycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istə­yirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azər­baycan Res­publikasının gələcək inkişafına sərf edəcəyəm”.

Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkil­də sürətləndi. Ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü və nəza­rəti ilə gərgin iş aparıldı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, ordu quruculuğu isti­qa­mə­tində kompleks tədbirlər həyata keçirildi, yerli müdafiə batalyonları buraxıldı, orduda vahid ko­mandanlıq yaradıldı, respublikamızın sosial-iqtisadi yüksə­li­şini təmin edə biləsi ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik yaradıldı, dövlət çev­rilişinin qarşısı alındı.

Ulu Öndər Heydər Əliyev siyasi uzaqgörənliyi, bənzərsiz istedadı, müdrikliyi, qətiyyətliyi, siyasi iradəsi, dərin zə­kası, ensiklopedik biliyə malik olması, geniş dünyagörüşü, azərbaycançılığı fəaliyyətinin başlıca qayəsi bilməsi, tarixi şəraiti düzgün dəyərləndirməsi, … ilə gənc Azərbaycan dövlətinin iqtisadi inkişafının da etibarlı təməlini qoydu, siyasi nüfuzunu da yüksəltdi.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev insanları gerçəkliklərə inandırmağı bacarırdı. Həm də dərin, nüfuzlu məntiqi ilə inandırırdı.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissələrindən biri oldu. Onun siyasi kursunun başlıca qayəsi olan azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarını vahid ideologiya ətrafında bir­ləş­dirərək milli məfkurəyə çevrildi. “Azərbaycan dövlətinin milli ideo­logiyasının özəyini, əsasını təşkil edən azərbaycançılıqdır. Dövlətçilik, milli-mənəvi dəyərlər, ümum­bəşəri dəyərlər - bunlar hamısı azərbaycançılıq anlayışının tərkib hissələridir” deyən Ümummilli Lider qısa müd­dətdə öl­kə­yə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçək­ləşdi­ril­məsinə nail oldu. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, sosialyönümlü mahiyyət daşı­yan iq­tisa­diyyat modeli idi.

Dövlətçiliyinin əsasları 1993-cü ildə qoyulan Azərbaycan dövlətinin Konstitusiyası qəbul edil­di, milli ideologiyamız müəyyənləşdirildi, siyasi islahatlar aparılmağa başlanıldı, demokratik inkişafla bağlı zəruri qərarlar, qanunlar qəbul edildi, iqtisadi sahədə liberallaşma siyasəti aparıl­mağa başladı.

Ulu Öndər Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azər­bay­canın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkə­nin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına imkan yaratdı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çı­xarıldı.

Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tari­xin­də hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsas­larını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu.

Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdi. Azərbaycanın xarici siyasət kursunun mühüm prioritetlərindən biri də Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq norma­ları əsasında, ölkəmizin ərazi bütövlüyünün tam bərpası ilə həll olunması təşkil edirdi.

Ümummilli Lider Heydər Əliyevin siyasi dühası ilə məsələnin mahiyyəti dünya ictimaiy­yə­tinin diqqətinə çatdırıldı.

Qərbə inteqrasiyaya böyük diqqət yetirən Heydər Əliyev dönməz siyasi iradəsi ilə milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısını alırdı, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi məhz böyük tarixi şəxsiyyət Heydər Əliyein iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi gerçəkliyə çevrildi.

 “9 Eylül” Universitetinin fəxri doktoru adı verilməsi mərasimində (1997-ci il mayın 7-də) Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev nitqində demişdi: “Azərbaycanın döv­lət müs­təqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bun­dan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik.” 

“Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik”.  Böyük tarixi şəxsiyyət Heydər Əliyevin 1998-ci il dekabrın 10-da Azərbaycan Dövlət Musiqili Komediya Teatrında keçirilən Birləşmiş Millətlər Təş­kilatının ümumdünya insan hüquqları bəyannaməsinin 50 illiyinə həsr olunmuş təntənəli yı­ğıncaqda nitqində dediyi bu fikir Azərbaycan dövlətçiliyinin manifesti kimi dinlənilmişdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük tarixi şəxsiyyət Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir. Dövlət başçımız böyük tarixi şəxsiyyətin ən böyük arzusunu gerçəkləşdirdi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu.

3 oktyabr 1993-cü il. Bu tarix də 1918-ci ilin 28 mayı kimi, 1991-ci ilin 18 oktyabrı kimi, 1993-cü ilin 9 iyunu kimi Azərbaycanın dövlətçilik tarixininin sədaqət tarixlərindəndir. Bu sədaqət xalqa sədaqətdir, dövlətə sədaqətdir, dövlətçiliyə sədaqətdir…

Səbinə Xasayeva,

Milli Məclisin deputatı