3 oktyabr 1993-cü il tarixi müasir Azərbaycan tarixinin taleyüklü məqamlarından biridir. Həmin gün ümumxalq səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu, sadəcə bir şəxsin yüksək vəzifəyə gətirilməsi deyildi. Xalq dağılmaq təhlükəsi ilə üz-üzə qalmış dövlətin taleyini sınaqdan çıxmış liderə etibar etdi. Ulu Öndər dövlət quruculuğunun əsas istiqamətini belə müəyyənləşdirmişdi: “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik.” Bu kəlamlar sonrakı illərdə həyata keçirilən siyasətin əsas mahiyyətini ifadə edir.
Müstəqilliyimizin ilk illəri ağrılı və əzablı bir mərhələ oldu. 1990-cı ilin Qara Yanvar faciəsi xalqın azadlıq iradəsini qana boyadı, 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi, lakin müstəqillik elan etmək onu qoruya bilmək demək deyildi. Ermənistanın təcavüzü davam edirdi, Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşına dərin yara saldı, torpaqlarımızın xeyli hissəsi işğal altına düşdü. Ölkədə hakimiyyət uğrunda çəkişmələr, siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül və hərc-mərclik hökm sürürdü. Ordu formalaşmamışdı, dövlət institutları zəifləmişdi, silahlı dəstələr mərkəzi hakimiyyətə tabe olmurdu. 1993-cü ilin yayında Gəncədə baş verən qiyam ölkəni vətəndaş müharibəsi astanasına gətirdi. Ağdamın işğalı, yüz minlərlə soydaşımızın qaçqın və məcburi köçkün həyatına məhkum olunması vəziyyətin nə qədər ağır olduğunu göstərirdi. Belə bir vaxtda xalq öz nicatını yalnız Heydər Əliyevdə görürdü və onun Bakıya qayıtmasını israrla tələb edirdi.
Ulu Öndər xalqın çağırışına cavab verərək 1993-cü ilin iyununda paytaxta gəldi. İyunun 15-də Milli Məclisin sədri seçildi, sonra isə oktyabrın 3-də ümumxalq səsverməsi ilə Prezident seçildi. Onun qarşısında həm ölkəni parçalanmaqdan xilas etmək, həm də dövlətçiliyi möhkəmləndirmək vəzifəsi dururdu. İlk növbədə hakimiyyətin bütövlüyünü təmin etmək, qanunsuz silahlı birləşmələrin fəaliyyətinə son qoymaq, ordu quruculuğunu sürətləndirmək lazım idi. 1994-cü ilin may ayında atəşkəs əldə edildi və cəbhədə qan tökülməsi dayandırıldı. Bu, ölkəyə nəfəs almaq, dövlət institutlarını bərpa etmək və inkişaf yoluna çıxmaq imkanı verdi. Müstəqilliyin qorunması yalnız sərhədlərin müdafiəsi ilə məhdudlaşmırdı. O, həm də daxili sabitliyin, hüquq qaydasının və dövlət hakimiyyətinin bütövlüyünün qorunması demək idi. 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında dövlətçiliyə qarşı törədilən çevriliş cəhdlərinin qarşısının qətiyyətlə alınması da bu siyasətin ifadəsi idi. Heydər Əliyev göstərdi ki, müstəqil dövlət yalnız güclü iradə, qanunun aliliyi və xalqla birlik əsasında yaşaya bilər. Bu barədə o, belə demişdir: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir.”
Heydər Əliyevin dünya miqyaslı siyasi peşəkarlığı onun uzun illər ərzində topladığı zəngin idarəetmə təcrübəsinə, strateji təfəkkürünə və mürəkkəb şəraitdə düzgün qərar qəbul etmək bacarığına əsaslanırdı. O, siyasətdə emosiyalara qapılmır, real vəziyyəti dəqiq qiymətləndirir, ölkənin imkanlarını və xarici mühitin tələblərini nəzərə alaraq addımlar atırdı. Məhz bu keyfiyyətlər sayəsində Azərbaycan çətin geosiyasi məkanda öz mövqeyini qoruya bildi. Onun rəhbərliyi ilə hazırlanan siyasi kurs həm daxildə sabitliyi, həm də xaricdə etibarlı tərəfdaş imicini formalaşdırdı. Dünyanın tanınmış dövlət və hökumət başçıları Ulu Öndərin siyasi müdrikliyini, danışıqlar aparmaq məharətini və uzaqgörənliyini dəfələrlə etiraf etmişlər.
Bu dövrdə formalaşan azərbaycançılıq ideologiyası müstəqil dövlətin mənəvi əsasına çevrildi. Heydər Əliyev azərbaycançılığı etnik mənsubiyyətdən asılı olmayaraq, bütün vətəndaşları vahid Vətən, dil, tarix və taleyin ətrafında birləşdirən ideya kimi təqdim edirdi.
Uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirən mühüm amillərdən biri oldu. Heydər Əliyev balanslı, çoxvektorlu və qarşılıqlı hörmət prinsiplərinə söykənən siyasət yeritdi. Azərbaycan qonşu dövlətlərlə dostluq və əməkdaşlıq münasibətləri qurdu, qərb və şərq arasında körpü rolunu oynadı, Türkiyə ilə strateji tərəfdaşlığı dərinləşdirdi, Gürcüstanla regional layihələrdə birgə çıxış etdi. Ölkə BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirdi, Dağlıq Qarabağ münaqişəsində ədalətli həll mövqeyini qətiyyətlə müdafiə etdi. Enerji layihələri isə Azərbaycanı təkcə neft-qaz ixracatçısı deyil, həm də regional təhlükəsizlik və əməkdaşlıq məkanının mühüm iştirakçısı etdi.
Bütün bunlar Heydər Əliyevin dövlətçilik siyasətinin nə qədər dərin və çoxşaxəli olduğunu göstərir. O, xalqın iradəsinə söykənən, milli maraqları qoruyan, sabitliyi inkişafla, demokratiyanı qanunun aliliyi ilə uzlaşdıran siyasət yürütdü. Bu siyasət bu gün də Azərbaycan dövlətinin əsas istinad nöqtəsi olaraq qalır. 3 oktyabr 1993-cü il isə xalqın öz gələcəyini müəyyənləşdirdiyi, dövlətçiliyin xilas edildiyi və yeni inkişaf mərhələsinin başladığı tarix kimi əbədi yaşayacaqdır.
Ramiz Hüseynov,
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri