30 sentyabr 2026 15:00
111

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

 

Türkiyənin Ankara Universiteti və Türkiyə İnkişaf Pediatriyası Dərnəyinin təşkilatçılığı ilə keçirilən 3-cü İnkişaf Pediatriyası Konqresində TƏBİB nümayəndələri iştirak ediblər. 

Konqresdə “Azərbaycan Respublikasında Universal Proqressiv Ev Ziyarəti Modelinin Tətbiqi” mövzusunda Respublika Pediatriya Mərkəzinin nəzdindəki Uşaq Bərpa Mərkəzinin həkim-nevroloqu Təranə Seyid-Məmmədova təqdimatla çıxış edib. Təqdimatda hamilə və zahı qadınlara, eləcə də 0-3 yaşlı uşaqlara göstərilən patronaj modelinin inkişafı, ilkin pilot mərhələdən milli səviyyədə genişləndirilməsinə qədər keçdiyi yol, ilkin qiymətləndirmənin nəticələri, eləcə də modelin uşaqların sağlamlığı və erkən inkişafının, ailələrin və hamilə qadınların dəstəklənməsində rolu təqdim olunub.

Təqdimat konqresin “Modellər” kateqoriyasında I yerə layiq görülüb. Bu nəticə TƏBİB tərəfindən ana və uşaq sağlamlığı, eləcə də erkən uşaq inkişafı sahəsində göstərdiyi xidmətlərin və görülən işlərin beynəlxalq elmi platformada təqdim olunması və yüksək qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Konqres çərçivəsində əldə olunan elmi və peşəkar təcrübənin, eləcə də Azərbaycanda hamilə və zahı qadınlara və 0-3 yaşlı uşaqlara göstərilən patronaj xidmətinin, 2027-ci ilin dekabr ayında İnkişaf Pediatrları Beynəxalq Assosiasiyasının 7-ci Konqresində təqdim olunması planlaşdırılır.