İnfarkt yalnız yaşlı insanlarda baş vermir. Siqaret, fiziki hərəkətsizlik, qeyri-sağlam qidalanma, piylənmə, yüksək arterial təzyiq və xolesterin, şəkərli diabet, eləcə də ailədə ürək-damar xəstəliklərinin olması gənclərdə də infarkt riskini artıra bilər.
Türkiyəli kardioloq Sıddıq Ərdoğan bildirib ki, gənc yaşda olmaq ürək-damar xəstəliklərindən uzaq olmaq anlamına gəlmir. Risk faktorlarının erkən müəyyənləşdirilməsi və nəzarətdə saxlanılması ürək sağlamlığının qorunmasında mühüm rol oynayır.
2025-ci ildə İsveçdə aparılan və 18-59 yaş arasında infarkt keçirən 44 mindən çox şəxsin məlumatlarının araşdırıldığı tədqiqatda iştirakçıların təxminən dörddə üçündə ən azı bir ürək-damar risk faktoru aşkarlanıb.

Bu əlamətlərə diqqət edin
Döş qəfəsində təzyiq, sıxılma və ya ağrı, nəfəs darlığı, soyuq tər, ürəkbulanma, başgicəllənmə, ağrının qola, kürəyə, boyuna və ya çənəyə yayılması infarktın əlamətləri ola bilər. Belə əlamətlər yaranarsa, vaxt itirmədən təcili tibbi yardım çağırmaq lazımdır.
Ailəsində erkən yaşda infarkt və ya ürək-damar xəstəliyi olan gənclərin fərdi riskləri həkim tərəfindən qiymətləndirilməlidir. Özlərini sağlam hiss edən şəxslər də ailə tarixçələrini nəzərə almalı, arterial təzyiq, xolesterin və qanda şəkərin səviyyəsini mütəmadi yoxlatdırmalıdırlar.
Ərdoğan ürək sağlamlığını qorumaq üçün müntəzəm fiziki aktivliyi, balanslı qidalanmanı, sağlam bədən çəkisinin saxlanılmasını və siqaretdən uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, sağlam vərdişlərin erkən yaşda formalaşdırılması və risk faktorlarının vaxtında müəyyənləşdirilməsi sonrakı illərdə ürək-damar sağlamlığının qorunmasına kömək edə bilər. Xüsusilə risk qrupunda olan gənclər müntəzəm tibbi müayinələrə laqeyd yanaşmamalıdırlar.
Şahnigar Əhmədova, "İki sahil"
"Nokia" və "Iceye" Avropada hərbçilər üçün təhlükəsiz peyk rabitəsi sistemi yaradacaqlar
SOCAR və tərəfdaşlarından tarixi anlaşma: “Abşeron” yatağı tam gücü ilə işləniləcək