Ölkəmiz bu gün müsəlman dünyası üçün çox vacib olan böyük bir missiyanı öz öhdəsinə götürüb
Prezident İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi Azərbaycan dövlətinin dünyaya, xüsusən də İslam ölkələrinə mütərəqqi, xoşniyyətli yeni mesajıdır. Xüsusən İslam aləminin bu gün çox böyük həmrəyliyə, birliyə, sabitliyə ehtiyacı olduğu bir vaxtda belə bir bəşəri ideyanın irəli sürülməsi göstərir ki, Azərbaycan İslam dünyasının favorit ölkələrindədir. Ölkəmiz İslami dəyərlərə və hər bir məzhəb sahibinin dini inanclarına böyük sayğı göstərməklə, eyni zamanda, beynəlxalq aləmə dünyəvi dövlətçiliyin inkişaf tendensiyasını da nümayiş etdirir.
2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunmasının mahiyyətində İslamın da buyurduğu kimi, həmrəyliyə çağırış prinsipləri var. Bu gün İslam həmrəyliyi günün ən vacib məsələsidir. Ona görə ki, indi bəzi İslam ölkələrində müsəlman müsəlmana qarşı hərbi savaş açıb, insanlar saxta məzhəblərin mübarizəsinin qurbanlarına çevriliblər. Məhz bir neçə ildir ki, Suriyada, İraqda, Əfqanıstanda, Yəməndə, Liviyada və digər islam ölkələrində müsəlmanların biri-birinə qarşı başlatdığı məzhəb müharibələri yüzminlərlə insanın həlak olmasına, 10 milyonlarla insanın məcburi köçkünə çevrilməsinə, onlarla şəhərin viran qalmasına səbəb olub.
Təbii ki, bütün bu tip müharibələr bir çox hallarda bəzi missioner təşkilatlardan və İslam düşməni ölkələrdən qaynaqlanır. Xüsusən o ölkələrdə məzhəb savaşları davam edir ki, orada dünyəvilikdən və müasirlikdən çox cəhalət və fanatizm mövcuddur. Nəticədə həmin ölkə vətəndaşları yuxarıda qeyd etdiyimiz missioner ölkələrin və təşkilatların təsirinə daha tez düşə bilirlər.
İslam yaradıcı, barşıdırıcı, inkişafa meyilli bir dindir. Ondan yararlandıqda insan kamilləşir, bəşəriyyətə ən ali xidmətin nümunəsini göstərir. İslamda ən böyük günah onun elmə və təhsilə olan həqiqi münasibətini fanatizm və cəhalətlə əvəzləməkdir. İslam ədalətin, demokratiyanın özüdür. Ondan səhv yararlanmağın nəticəsidir ki, bu gün İslam ölkələrində məzhəb qarşıdurmaları vətəndaş müharibələrinə çevrilibdir.
Bütün bunlara rəğmən Azərbaycan İslam ölkəsi kimi, bu gün tolerantlıq adlandırdığımızdini dözümlülüyə hər zaman sadiq qalıb və əks etiqada ehtiram göstərib. Eyni zamanda, dövlətimiz haqlı olaraq İslamın mənəvi təsirləri ilə kifayətlənməyi, dinin siyasi proseslərə qoşulmamasını, ictimai həyatda mütləq üstün mövqedən kənar qalmasını istəyib. Bununla da Azərbaycan xalqı ateizm və mövhumat arasında ən doğru orta yolu seçib. Bu yol dini cəhalətdən dünyəvi maarifçiliyə keçiddir və bu yöndə İslamın cəmiyyət həyatında yalnız bəşəri dəyərlərə xidmət etməsini diktə edir. Bu proses müstəqillik illərində dövlətin əsas prioritetlərindən birinə çevrilib. Ulu öndər Heydər Əliyev tərəfindən böyük peşəkarlıq və həssaslıqla hazırlanan bu siyasətin əsas mahiyyəti belədir: dini dəyərlərimizin milli xüsusiyyətlərimizlə uzlaşdırılması Azərbaycanı digər ölkələrdə olduğu kimi, savaşa, məzhəblərarası konfliktlərə deyil, inkişafa, barışa yönləndirməlidir. Məhz bunun nəticəsidir ki, müstəqillik dövrümüzdə çox istiqamətlər üzrə nümunələr, örnəklər yaradan ölkəmizdə İslamın cəmiyyət və dövlət həyatına effektiv təsirlərini təmin edən, İslamı zərərli və dağıdıcı təsirlərdən qoruyan mükəmməl Azərbaycan modeli formalaşıb. Bu modelin səmərəliliyinin nəticəsidir ki, son 25 ildə ölkədə 2000 yeni məscid tikilsə də onlar cəhalət yuvasına çevrilmədi. Xüsusən son 13 ildə Prezident İlham Əliyevin humanitar siyasətində ən önəmli məsələ dini maarifçiliyin genişlənməsi və ruhani zümrənin məzhəblərarası əməkdaşlığa cəlb edilməsidir. Bu isə son nəticədə Azərbaycanda dini radikalizmin, ekstremizmin yayılmasına qarşı da etibarlı vasitədir.
Ölkəmizin başçısı inanclı insandır. O, dəfələrlə ailəsi ilə İslamın müqəddəs məkanı Kəbəni ziyarət edib. Eyni zamanda Prezident ölkədəki məscidləri ziyarət edir, onların təmir və bərpasını daim diqqətdə saxlayır. Ölkəmizdə din xadimlərinə hörmət və sayğı mühtiti yaradılıb. Xüsusən, dövlətimizin başçısı prezident seçkilərindən sonrakı andiçmə mərasimlərində səlahiyyətlərinin icrasına başlayarkən Qurani-Kərimə and içir.
Acı həqiqətdir ki, bu gün dünyada İslamı terrorizmin, cəhalətin ünvanı kimi təqdim edən və buna qismən də nail olan ölkələr var. Xüsusən son bir neçə ildə məhz İslam ölkələrində yaranan İŞİD, “Taliban”, “Hizbullah”, “Əl-Qaidə” kimi radikal dini cərəyanları və terrorçuları Qərb yaradaraq silahlandırır. Məqsəd İslamı dünyada gözdən salmaq, müsəlman həmrəyliyini parçalamaqdır. Təbii ki, onlar bu tip terroçu və antiislamçı qrupları o ölkələrdə yaradırlar ki, orada müasir təhsilin, dünyəviliyin əvəzinə cəhalət hökm sürür.
Bu baxımdan, ölkəmiz bu zəncirin ən sərt həlqəsidir. Onu dünyəvilikdən qoparmaq mümkün deyil. Ölkəmizin başçısı beynəlxalq miqyasdakı “qlobal sülh və əməkdaşlıq” hərəkatının əsas simalarından biri kimi, sivilizasiyalar və dinlər arasında faydalı əməkdaşlığın, qarşılıqlı etimadın yaradılması üçün ciddi səy göstərir. Bu sahədəki məqsədyönlü, düşünülmüş siyasətin nəticəsidir ki, “Tolerantlığın Azərbaycan nümunəsi” dünyanın örnək göstərdiyi modelə çevrilib. Ölkəmizin başçısının son dövrlərdəki fəaliyyəti göstərir ki, qlobal miqyasda sülhü əldə etmək üçün ilk növbədə müsəlman dünyasında birliyə nail olmaq, məzhəblər arasında etimad yaratmaq, müasir düşüncə tərzini yaymaq, cəhalətdən uzaqlaşmaq gərəkdir.
Prezidentin bu sahədəki fəaliyyətinin ilk istiqaməti Azərbaycan nümunəsində İslamın kamil, təkmil, yüksək mənəvi etiqad üslubunu yaratmaq və din-dövlət münasibətlərini düzgün məcraya yönəltməkdir. Ona görə də Prezident İlham Əliyev yeni təşəbbüslə çıxış edərək İslam həmrəyliyinə nail olmaq, müsəlman ölkələrindəki vətəndaş müharibələrinə son qoymaq və son nəticədə dünyaya İslamın əsl mahiyyətinin sülh və sabitlik olduğunu göstərmək istəyir. Prezident bu barədə bildirib: “Çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”.
Bununla da “Tolerantlığın Azərbaycan modeli”, “Multikulturalizmin Azərbaycan örnəyi”, “Sivilizasiyalararası əməkdaşlığın Bakı Prosesi” kimi qlobal təşəbbüslərin davamı olaraq Prezident İlham Əliyev öz üzərinə “İslam həmrəyliyi” missiyasını götürür. Təbii ki, Azərbaycan dövləti bu şərəfli işi uğurla başa çatdıracaqdır. Ona görə ki, indi dünyada “İslam həmrəyliyinin Azərbaycan nümunəsi” mövcuddur.
Elçin Zaman, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu