01 oktyabr 2026 11:16
123

Cəbrayıl rayonu sürətlə abadlaşır və bərpa olunur

İkinci Qarabağ müharibəsindəki birinci hərbi uğurumuz  məhz Cəbrayıl rayonu ilə bağlıdır. Bu, qələbə ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki müharibənin birinci həftəsində, oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Xatırladaq ki, 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhəri və rayonun 9 kəndi – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad olunub. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edilib. Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Prezident İlham Əliyevin oktyabrın 4-də xalqa müraciətində elan edib. Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti  İlham Əliyev 31 iyul 2023-cü il tarixdə imzaladığı  sərəncamla 4 oktyabr Cəbrayıl Şəhəri Günü elan olunub. Artıq hər il cəbrayıllılar, eləcə də  bütün Azərbaycan xalqı bu təqvim gününü yüksək əhval ruhiyyədə böyük təntənə ilə qeyd edirlər.

Zəfər tarixinə işğaldan azad edilmiş ilk şəhər kimi həkk olunan Cəbrayılda da azad edilmiş digər ərazilərimiz kimi, yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Postmüharibə dövründə  dövlətimizin başçısı dəfələrlə  rayona  səfər edərək, görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Qeyd edək ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev rayona səfərləri  zamanı Cəbrayıl şəhərində və qədim Xudafərin körpüsündə dövlət bayrağımızı ucaldıb.

Elə bunun nəticəsidir ki, hər il Cəbrayıl şəhərində respublikamızın müxtəlf  bölgələrindən köçürülərək  daimi məskunlaşmaları  təmin edilmiş yüzlərlə şəhər sakini  Cəbrayıl şəhəri gününü öz döğma ata-baba yurdlarının əbədi sakinləri kimi qeyd edirlər. Əlbəttə ki, ərazisində  park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da olan, bütün avadanlıqları ilə tam təmin olunmuş  dördmərtəbəli və beşmərtəbəli binaların mənzillərində yaşayan cəbrayıllıların  sevincinin həddi-hüdudu yoxdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə nəticələnən şanlı Vətən müharibəsində Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumlar mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub.

 Bu gün Cəğrayılda iqtisadi və sosial və mədəni inkişaf sürəilə davam edir. Xüsusilə “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb. Cəbrayıl yarımstansiyasının istifadəyə verilməsi də önəmli hadisələrdəndir. Cəbrayıl rayonunun elektriklə təchizatı demək olar ki reallaşıb. Baş plana əsasən Böyük Mərcanlı kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi  ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq. 2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 500- dən çox ailənin köçürülməsi üçün 149 fərdi ev tikilir. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri