01 oktyabr 2026 21:15
115

Müstəqil dövlətçiliyimizin əbədi memarı

Xalqımızın təkidli çağırışı ilə 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməyə razılıq verən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan həmin ilin daha bir günü – oktyabrın 3-ü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə yeni və parlaq bir mərhələnin – milli dövlət quruculuğu dövrünün vacib tarixi günü kimi həkk olunmuşdur. Həmin gün xalqın yekdil səsi ilə Prezident seçilən Ümummilli Lider Heydər Əliyev parçalanmaq, daxili xaos və iqtisadi tənəzzül astanasında olan bir ölkəni xilas edərək Azərbaycanın müstəqil dövlət kimi tarix səhnəsindəki yerini möhkəmləndirdi. Ulu Öndərin zəngin irsi, sarsılmaz iradəsi və uzaqgörən fəlsəfəsi bu gün də inkişafımızın əsas mayakıdır.

1990-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etsə də, dərin siyasi böhran, hakimiyyət boşluğu və vətəndaş qarşıdurması ilə üz-üzə qalmışdı. Ölkə daxildən parçalanır, səriştəsiz idarəçilik ucbatından torpaqlarımız bir-inin ardınca işğal olunur, iqtisadiyyat tamamilə çökürdü. Xalq həm daxili çəkişmələr, həm də xarici təhdidlər səbəbindən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Belə bir ağır və taleyüklü dönəmdə xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya dəvət olunan Heydər Əliyev hakimiyyətə qayıdaraq milli qurtuluşa gedən yolun başlanğıcını qoydu.

Böyük Lider hər bir addımında millətin mənəvi gücünə və müstəqillik ideyasına güvənirdi. Ulu Öndər 1996-cı ildə qürurla qeyd edirdi: “Biz dərk etməliyik, anlamalıyıq ki, xoşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil ölkədə yaşayırıq”.

Ümummilli Liderin dövlətçilik fəlsəfəsinin əsasını azad, demokratik və dünyəvi prinsiplər təşkil edirdi. O, ölkənin strateji hədəflərini müəyyən edərkən insan amilinə və hüququn aliliyinə xüsusi önəm verirdi: “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Bu üç söz bizim dövlət quruculuğumuzun əsas mənasını, məzmununu, əsas prinsiplərini təşkil edir. Bu sözlərin üçü də - demokratiya da, hüquq da, dünyəvilik də insan haqlarından irəliyə gələn sözlərdir. Beləliklə, biz müstəqil Azərbaycanda öz strateji yolumuzu artıq müəyyən etmişik və bu yolla gedirik”.

Heydər Əliyev sadəcə kabinetdə xalqın taleyi ilə bağlı həlledici qərarlar verən dahi rəhbər deyil, eyni zamanda milləti naminə həyatını təhlükə altına qoymuş qətiyyətli lider idi. Məhz dövlətin taleyi real təhlükədə, ölkə vətəndaş müharibəsi, vətən parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir zamanda Ulu Öndər Heydər Əliyev xalqın səsinə səs verərək hakimiyyətə qayıtmağa razılıq verib belə bir zamanda Azərbaycanı qorumaq kimi tarixi missiyanı öz üzərinə götürdü. Öz cəsarəti ilə problemlərin və düşmənin üzərinə getməkdə unikal nümunə göstərən Heydər Əliyev deyirdi: “Mən Azərbaycan Respublikasının bu ağır dövründə bu ağır yükü öz üzərimə götürmüşəm. Ona görə yox ki, bu vəzifə mənə lazımdır. Bəziləri buna can atırlar. Ona görə götürmüşəm ki, öz bacı-qardaşlarımıza, torpağıma xidmət edim... Mən bütün bu təxribatçıların, terrorçuların qabağında durmuşam və duracağam. Azərbaycanın müstəqilliyini qorumuşam və qoruyacağam. Əgər hər hansı bir namərd gülləsi, hər hansı bir terrorçu gülləsi məni həyatdan götürərsə, özüm də, övladlarım da müstəqil Azərbaycanın yaşaması yolunda qurban olmağa hazırıq”. 

Dövlət çevrilişləri cəhdlərinin, qardaş qanının axmasına səbəb olacaq müharibə təhlükələrinin qarşısına təkbaşına, xalqının iradəsi ilə çıxan böyük rəhbər ölkədə daxili sabitliyi bərpa etdi. Dövlətin daxili dayaqlarını sarsıdan cinayətkarlığa və qanunsuz silahlı dəstələrə qarşı barışmaz mübarizə aparıldı, ölkə daxilində asayiş, hüquq qaydası bərpa olundu və vətəndaşların dövlətə inamı özünə qaytarıldı.

Ulu Öndər hamıdan yaxşı bilirdi ki, siyasi sabitlik bərqərar olduqdan sonra siyasi müstəqillik iqtisadi suverenliklə möhkəmləndirilməlidir. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” başda olmaqla qlobal neft-qaz layihələri, beynəlxalq maliyyə institutları və dünyanın aparıcı enerji şirkətləri ilə qurulan əlaqələr Azərbaycanın gələcək inkişafının təməlini qoydu.

Ulu Öndər Heydər Əliyev beynəlxalq kürsülərdə öz güclü məntiqi, dərin siyasi biliyi və sarsılmaz xarizması ilə seçilən dahi dövlət xadimi idi. Onun rəhbərliyi dövründə formalaşan çoxvektorlu və balanslaşdırılmış xarici siyasət sayəsində Azərbaycan regional təcrid olunmaqdan xilas oldu, Avropa Şurasına üzv qəbul edildi, dünya nəhəngləri ilə bərabərhüquqlu tərəfdaşlıq əlaqələri qurdu. Onun 1997-ci ildə ABŞ-da səfərdə olarkən səsləndirdiyi bəyanat dövlətimizin beynəlxalq nüfuzunun mənəvi təməli idi: “Biz tam müstəqil bir dövlətik. Azərbaycan dünya birliyində müstəqil dövlət kimi özünəməxsus yer tutur. Bunun mənəvi əhəmiyyəti maddi əhəmiyyətindən daha da çoxdur”.

Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinin dünya ictimaiyyətinə çatdırılmasında, həqiqətlərin obyekti kimi tanıdılmasında Heydər Əliyevin şəxsi nüfuzu həlledici rol oynadı. O, hər bir beynəlxalq tribunadan erməni təcavüzünü qətiyyətlə ifşa edirdi. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycanın güclü ordusu formalaşdı, ölkənin iqtisadi qüdrəti artdı. O, hər zaman əmin idi ki, işğal altında olan torpaqlarımız mütləq azad olunacaq. Məhz onun təməlini qoyduğu güclü dövlətçilik və ordu quruculuğu strategiyası sonradan Zəfərə gedən yolun açarı oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci ilin o unudulmaz 8 noyabr günündə xalqımızın yaddaşına əbədi həkk olunmuş – “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!”, – müjdəsinin mənəvi özülünü və inamının əsasını Ümummilli Liderimizin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi bu sözlərin durduğu şübhəsizdir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu – biz onlarsız yaşaya bilmərik”.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyev özünün qlobal miqyaslı siyasi zəkası, idarəetmə məharəti və misilsiz liderlik keyfiyyətləri ilə ölkəmizin, regionumuzn sərhədlərini aşaraq dünya liderlərindən biri olduğunu təsdiqləmişdir. Müasirləri olan böyük dövlətlərin liderləri Ulu Öndərin uca şəxsiyyəti qarşısında öz heyranlıqlarını açıq ifadə edərək onu dərin zəkaya, güclü iradəyə və misilsiz həyat təcrübəsinə malik nadir dövlət xadimlərindən biri (B.Yeltsin), Azərbaycanı çətin sınaqlardan çıxararaq sabitlik və inkişaf yoluna yönəldən, öz liderliyi və uzaqgörənliyi ilə regionda sülhün və təhlükəsizliyin qorunmasında əvəzsiz rol oynayan (ata C.Buş), təkcə Azərbaycanın deyil, eləcə də türk dünyasının və bütövlükdə bəşəriyyətin böyük siyasət adamı (S.Dəmirəl) kimi yüksək qiymətləndirmişlər.

Heydər Əliyevin yaratdığı dövlət modeli zamanın bütün sınaqlarından uğurla keçdi. Ümummilli Liderimizin gələcək nəsillərə vəsiyyət etdiyi tezislər bu gün hər bir azərbaycanlının milli andıdır: “Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, yenilməzdir, sarsılmazdır. Biz Azərbaycanın dövlət müstəqilliyini bundan sonra da göz bəbəyimiz kimi qoruyacağıq, yüksəldəcəyik”. Elə bu anda sadiqliyinin nəticəsidir ki, Ulu Öndərin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş qüdrətli dövlətdir. Məhz 1993-cü il oktyabrın 3-də xalqımız tərəfindən yekdil şəkildə atılan o müdrik tarixi addım – Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi bu gün düşmən tapdağından azad və xilas edilmiş torpqlarımızda – Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanan üçrəngli bayrağımızın, bütöv və yenilməz Azərbaycanımızın əbədi təminatı olmuşdur.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent