01 oktyabr 2026 14:47
132

Cəbrayılın azadlığı və inkişafı Zəfər salnaməsinin parlaq səhifəsidir

Vətən müharibəsində Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə Azərbaycan Ordusunun Zəfər yürüşündə mühüm mərhələnin əsası qoyuldu. Bu tarixi hadisə Cəbrayılın taleyində yeni mərhələnin başlanğıcı oldu. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 4 oktyabrın Cəbrayıl şəhəri günü kimi müəyyənləşdirilməsi isə şanlı tarixin dövlət səviyyəsində əbədiləşdirilməsinə xidmət edir.

Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğaldan əvvəl 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan rayon 1050 kvadratkilometr ərazini əhatə edirdi və burada 52 minə yaxın insan yaşayırdı. İşğal nəticəsində yaşayış məntəqələri ilə yanaşı, məktəblər, səhiyyə müəssisələri, mədəniyyət ocaqları və digər sosial obyektlər dağıdıldı, rayonun iqtisadi potensialından istifadə dayandırıldı.

Cəbrayılın zəngin tarixi-mədəni irsi də işğal dövründə ciddi zərər gördü. Xudafərin körpüləri, Çələbilər kəndindəki məscid kompleksi, Şıxlar kəndindəki Dairəvi Türbə, Xubyarlıdakı türbə və məqbərələr, eləcə də digər tarixi abidələr dağıntılara məruz qaldı. Cəbrayıl sakinləri isə uzun illər ərzində ölkənin müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşamağa məcbur oldular. Bununla belə, doğma yurda qayıdış ümidi xalqın yaddaşında və məcburi köçkün ailələrinin arzularında daim qorundu.

Cəbrayılın azadlığına gedən yol bir sıra mühüm mərhələlərdən keçdi. 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin nəzarətə götürülməsi Cocuq Mərcanlının təhlükəsizliyinin təmin olunmasına və kənddə həyatın yenidən qurulmasına imkan yaratdı. Cocuq Mərcanlıya qayıdış sonrakı Böyük Qayıdış prosesinin mühüm nümunələrindən birinə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Cəbrayılın taleyində həlledici mərhələ oldu. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar, oktyabrın 3-də bir sıra kəndlərin azad edilməsindən sonra oktyabrın 4-də Cəbrayıl şəhəri işğaldan azad edildi. Sonrakı günlərdə rayonun digər kəndlərinin də azad olunması ilə Cəbrayılın bütün ərazisində dövlət suverenliyinin bərpası istiqamətində mühüm nəticələr əldə edildi.

Cəbrayıl şəhərinin azad edilməsi yalnız rayonun işğaldan qurtuluşu baxımından deyil, müharibənin sonrakı gedişi baxımından da mühüm əhəmiyyət daşıyırdı. Düşmənin ərazidə yaratdığı müdafiə istehkamlarının yarılması Azərbaycan Ordusunun digər istiqamətlərdə irəliləməsi üçün imkanlar yaratdı. Cəbrayıl istiqamətində əldə olunan uğurdan sonra Xocavənd, Hadrut, Zəngilan, Qubadlı və Laçın istiqamətlərində hərbi əməliyyatların davam etdirilməsi üçün əlverişli şərait yarandı.

Cəbrayılın azadlığı həm də tarixi yaddaş baxımından xüsusi məna daşıyır. Rayon ərazisində yerləşən Xudafərin körpülərində Azərbaycan bayrağının ucaldılması xalqımız üçün Zəfərin rəmzlərindən birinə çevrildi. Tarixi abidənin üzərində dövlət bayrağının dalğalanması Cəbrayılın milli-mədəni irsinin yenidən öz sahibinə qayıtmasının simvolik ifadəsi oldu.

İşğaldan azad edildikdən sonra Cəbrayıl rayonunda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Yeni şəhər infrastrukturu, avtomobil yolları, elektrik təchizatı sistemi, yaşayış kompleksləri və sosial obyektlər yaradılır. Cəbrayıl şəhərinin inkişafına dair Baş planının təsdiqlənməsi şəhərin gələcək inkişafının sistemli şəkildə həyata keçirilməsi üçün mühüm əsas formalaşdırıb.

Rayonun iqtisadi potensialının canlandırılması da diqqət mərkəzindədir. Postmüharibə dövründə yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı Cəbrayılın sənaye və logistika imkanlarının genişləndirilməsinə hesablanıb. Burada müxtəlif istehsal və xidmət müəssisələrinin yaradılması, yeni iş yerlərinin açılması və sahibkarlıq fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, günəş elektrik stansiyaları və digər enerji layihələri rayonun gələcək iqtisadi inkişafında bərpaolunan enerjinin rolunu artırır. Cəbrayılın nəqliyyat imkanları da mərhələli şəkildə genişləndirilir. Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd və Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yollarının inşası rayonun digər ərazilərlə əlaqəsini gücləndirməklə yanaşı, iqtisadi fəallığın artmasına və yaşayış məntəqələrinin inkişafına şərait yaradır.

Cəbrayılın bərpasının əsas məqsədlərindən biri doğma yurdlarından didərgin düşmüş insanların geri qayıdışını təmin etməkdir. 2024-cü il sentyabrın 26-da Cəbrayıl şəhərinə ilk köç karvanının yola salınması bu baxımdan tarixi hadisə oldu. Bundan sonra şəhərə və rayonun kəndlərinə köç prosesi mərhələli şəkildə davam etdirildi.

2026-cı il sentyabrın 28-nə olan məlumata görə, Cəbrayıl şəhərində 680 ailə, 2 974 nəfər, Horovlu kəndində 321 ailə, 1 326 nəfər, Şükürbəyli kəndində isə 599 ailə, 2 749 nəfər məskunlaşıb. Beləliklə, ümumilikdə 1 600 ailə, 7 022 nəfər artıq Cəbrayıl rayonunda yaşayır. Bu rəqəmlər Böyük Qayıdış prosesinin konkret nəticələrini göstərməklə yanaşı, Cəbrayılın yenidən canlı yaşayış məkanına çevrildiyini nümayiş etdirir.

Cəbrayıl yaşayış komplekslərinin yaradılması da qayıdış prosesinin mühüm istiqamətlərindəndir. Birinci yaşayış kompleksində 33 binada 712 mənzil inşa edilib. Növbəti yaşayış komplekslərinin tikintisi ilə şəhərin məskunlaşma imkanlarının daha da genişləndirilməsi nəzərdə tutulur. Müasir mənzillərlə yanaşı, sosial və ictimai infrastrukturun yaradılması qayıdan ailələrin rahat yaşayışının təmin edilməsinə yönəlib.

Artıq Cəbrayılın tarixində yeni səhifə açılıb, bir vaxtlar işğal və dağıntı ilə xatırlanan şəhərdə indi yeni yaşayış məhəllələri salınır, yollar çəkilir, sənaye və enerji layihələri həyata keçirilir, insanlar doğma evlərinə qayıdırlar. 4 oktyabr tarix həm də Zəfərdən bərpaya, bərpadan Böyük Qayıdışa uzanan yolun rəmzidir. Cəbrayılın yenidən qurulması və məskunlaşması ilə 27 illik işğalın ağır izləri tədricən aradan qaldırılır, şəhərin gələcəyi yeni quruculuq və inkişaf mərhələsi üzərində formalaşır.

Asif Əsgərov,
Milli Məclisin deputatı