13 yanvar 2017 14:25
587

Azərbaycan reallıqları beynəlxalq aləmə təqdim edilir

Dünya İqtisadi Forumu: Azərbaycan reallıqları beynəlxalq aləmə təqdim edilir

Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən və dünyanı  maraqlandıran qlobal problemlərin müzakirəsinə həsr olunan Dünya İqtisadi Forumunun növbəti 47-ci toplantısı yanvarın 17-də  öz işinə başlayacaq.  Təbii ki, belə toplantılar aktual məsələlər ətrafında fikir mübadiləsinin aparılması, səylərin birləşdirilməsi baxımından əhəmiyyətli olmaqla yanaşı, hər bir ölkənin malik olduğu potensialın təqdimatında da mühüm rol oynayır. Davos Ümumdünya İqtisadi Forumunun iqtisadi mövzularda müzakirələr üçün dünyanın əsas meydanlarından biri kimi dəyərləndirilməsi də səbəbsiz deyil. Forumlar  üçün seçilən mövzulara diqqət yetirdikdə dövrün çağırışlarına istinad edildiyi aydın görünür.  Yanvarın 20-dək davam edəcək toplantı “Bacarıqlı və məsuliyyətli liderlik” şüarı altında keçiriləcək. Foruma 3000-dən çox nümayəndə qatılacaq və bu, Forum tarixində rekord say olacaq.  Forum çərçivəsində 400-ə qədər müzakirənin aparılacağı gözlənilir.

Xatırladaq ki, Dünya İqtisadi Forumu 2013-cü ildə Bakıda keçirilib. Azərbaycan Foruma ev sahibliyi etməklə iqtisadi mərkəz olduğunu da dünyaya nümayiş etdirdi. Ümumiyyətlə, Davos İqtisadi Forumu əvvəldə də  qeyd etdiyimiz kimi,  iqtisadi imkanların təqdim olunduğu məkan kimi tanınır və qəbul olunur. Azərbaycan bu imkandan bəhrələnərək, müstəqillik tarixində qazandığı uğurları dünyaya təqdim edir, cənab İlham Əliyevin vurğuladığı kimi, yeni dostlar, tərəfdaşlar qazanır.

Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrü əhatə edir. Belə ki, Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan bir-birindən əhəmiyyətli iqtisadi uğurlara imza ataraq, dünya iqtisadiyyatının bir parçasına çevrilmişdir.  1995-ci ildə  ulu öndər Heydər Əliyev ilk dəfə olaraq Dünya İqtisadi Forumunda iştirak etmişdir. Ulu Öndər ölkəmiz haqqında, əldə olunan iqtisadi göstəricilər barədə tədbir iştirakçılarını məlumatlandıraraq, Azərbaycan reallıqlarının təqdimatında bu kimi tədbirlərin böyük rola malik olduğunu diqqətə çatdırmışdır.

Zəngin təbii resurslara və əlverişli coğrafi məkana malik olan Azərbaycan hər zaman dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin ilk illərində ölkədə xaosun, anarxiyanın baş alıb getməsi xarici investorların tərəddüdlərinə səbəb olmuşdur. 1993-cü ildən başlayaraq digər istiqamətlərdə olduğu kimi, bu sahədə də böyük dönüş yarandı. Bu gün böyük fəxrlə qeyd edirik ki, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 200 milyard dollara çatıb.  Təbii ki, bu, 1994-cü ildən ölkədə yaradılan sabitliyin, normal biznes mühitinin təsdiqidir. “Açıq qapı” siyasəti həyata keçirən Azərbaycan dövləti qapılarını ölkəyə xoş niyyətlə gələn xarici investorların üzünə açaraq bildirmişdir ki, onlar qoyacaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Azərbaycan çox qısa zamanda böyük investisiyalar məkanına çevrildi. Ulu öndər Heydər Əliyev Azərbaycanın ilk dəfə təmsil olunduğu Dünya İqtisadi Forumundakı  çıxışında da dövlətimizin bu siyasətini bir daha diqqətə çatdırmışdır:  “Zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır.” Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında  əlaqələrin genişləndirilməsinin ölkəmizin iqtisadi qüdrətinin artması üçün geniş imkanlar açdığı inkaredilməzdir.

Son on üç ildə Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və fəallığını ilbəil artırması Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin davamlı uğurları ilə bağlıdır. Prezident İlham Əliyev ilk dəfə  2007-ci ilin yanvarında “Güclərin qlobal balansının yerdəyişməsi” devizi altında  “Neft geosiyasətinin artan əhəmiyyəti” mövzusunda keçirilən Forumda iştirak etmişdir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu yüksək dəyərləndirilərək, bu inam ifadə olunmuşdur ki,  BTC və BTƏ neft-qaz kəmərlərinin  stimul verdiyi  digər layihələr qarşıdakı illərdə ölkəmizin bu rolunu daha da artıracaq.

Bütünlükdə dünyada, Avropada hələ də sıxıntısı duyulan iqtisadi böhrandan xilas olmağın yollarını  arayan  dövlət başçılarının fərdi görüşlərində aparılan danışıqlar bir daha göstərir ki, böhranlı vəziyyətdən çıxmağın yeganə yolu qlobal əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimad və  inama güvənməkdir.  Ənənəvi Davos Forumunu keçirməkdə məqsəd budur ki, bütün diqqətlər belə bir fakta yönəlsin ki,   dünyada ən qlobal problemlərin həlli, sülh və siyasi sabitliyə nail olmağın yeganə yolu regional və beynəlxalq əməkdaşlığı genişləndirməkdir. Keçirilən hər bir  Forumda əvvəlki illərdə müzakirə olunan məsələlərin nəticələrinə əsasən  yeni prioritetlər  müəyyənləşdirilir.

Forumun proqramına enerji məsələləri xüsusi olaraq daxil edilir. Dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olan Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin bu gün ölkələr, xalqlar arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələr göz qabağındadır.  Enerji daşıyıcıları  yeddi neft-qaz kəməri vasitəsilə nəql edilən, malik olduğu  təbii qaz ehtiyatlarının alternativ layihələr vasitəsilə, şaxələndirilmiş yeni kəmərlərlə ixracında maraqlı olan Azərbaycan  hər il keçirilən Foruma qazandığı  böyük uğurlarla  qatılır. Neftdən daha çox “mavi yanacağ”a  ehtiyac duyulduğu müasir dövrümüzdə Azərbaycan qazına tələbatın artması dünya birliyini maraqlandıran əsas prioritet kimi aktuallığını qoruyur. Dünya bazarında  karbohidrogen nəqlinin şaxələndirilmiş, alternativ layihələrlə çatdırılmasında həmişə olduğu kimi təşəbbüskarlığını bu gün də  diqqətə çatdıran Prezident İlham Əliyev regionda sabitliyin yaranmasına, siyasi, iqtisadi əməkdaşlığın möhkəmlənməsinə  xidmət edən bütün təkliflərə tərəfdar olduğunu bütün enerji sammitlərində, iqtisadi forumlarda  bəyan edir. Təşəbbüsləri gerçəkliyə çevirən Azərbaycanın iştirakçısı olduğu layihələr dünyanın enerji təhlükəsizliyinin təminatında  rolunun artmasında stimuldur. Artıq dünya mətbuatı “Cənub Qaz Dəhlizi”nin perspektivlərini şərh edir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən bu layihənin Azərbaycana qazandırdığı uğurları şərh etməyə ehtiyac yoxdur. 

Təbii ki, fəaliyyəti dövründə ən çox enerji təhlükəsizliyi məsələlərinin həllinə yönəlmiş Forumun bölmə iclaslarında, ayrı-ayrı dövlət və şirkət  başçıları arasında aparılan fərdi görüşlərdə danışıqların əsas mövzusu iqtisadi və maliyyə böhranının aradan qaldırılmasında başlıca amil olan enerji təhlükəsizliyi məsələlərinin müzakirəsidir.  2013-cü ilin aprelində Azərbaycanın Dünya İqtisadi Forumuna ev sahibliyi etməsi də ölkəmizin uğurlarının təsdiqi idi.

Dünyanı bürüyən, nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranının yaşanmasında da iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmadığı, hər bir ölkənin hansı imkanlara malik olduğu özünü qabarıq şəkildə büruzə verdi.  Azərbaycanın şaxələndirmə siyasətini yüksək səviyyədə həyata keçirməsi, neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq  prinsipini öndə saxlayaraq  mühüm sosial-iqtisadi layihələrin icrasını sürətləndirməsi maliyyə imkanlarının genişlənməsində əhəmiyyətli rol oynadı. Dövlətimizin başçısı İlham Əliyevin “Biz  qapılarımızı geniş şəkildə  açmışıq  və dostlarımızı, tərəfdaşlarımızı Azərbaycanda işləməyə, sərmayə qoymağa dəvət etmək istəyirik. Əlbəttə, Dünya İqtisadi Forumu bu baxımdan ən əlverişli məkandır. Yəni burada beynəlxalq  biznes və siyasi dairələrin elitası toplaşır. Beləliklə, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri və  nümayəndələri buraya gəlirlər. Ona görə də  bura ölkənin təqdimatını keçirmək üçün ən yaxşı məkandır”  fikirləri Dünya İqtisadi Forumunun əhəmiyyətini açıqlamaqla yanaşı, hər bir ölkənin özünün təqdimatını aparması üçün  əsas məkan olduğunu təsdiqləyir. Bu  kontekstdən yanaşdıqda Forumun əhəmiyyəti daha aydın şəkildə bəlli olur.

Azərbaycana inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmindən də aydın görünür. Bu günlərdə keçirilən  Nazirlər Kabinetinin 2016-cı ilin  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  səsləndirilən rəqəmlər də bunu bir daha təsdiqlədi. Ötən il ölkə iqtisadiyyatına  8 milyard dollar xarici investisiya cəlb olunub.  Bu, onu göstərir ki,  Azərbaycan xarici şirkətlər üçün cəlbedici ölkədir və bu, yalnız  neft və qazla bağlı deyil. Azərbaycan dövlətinin  apardığı şaxələndirmə siyasətinin bəhrələrindən biri kimi  Davos İqtisadi Forumunun reytinqinə əsasən  ölkəmiz  iqtisadiyyatın rəqabətdavamlılığına görə ön yerlərdədir.  “İndi biz qarşımızda yeni məqsəd qoymuşuq. Məqsəd artıq  üç dəfə artmış ümumi daxili məhsulu yenidən ikiqat artırmaqdır.  Lakin iqtisadiyyatı əsasən qeyri-enerji  sektorunun inkişaf etdirilməsi hesabına ikiqat artırmaq istəyirik” söyləyən dövlətimizin başçısı İlham Əliyev neft-qaz gəlirlərinin iqtisadiyyatın real sektorlarına- informasiya texnologiyaları, təhsil sahələrinə yönəldilməsini qarşıya qoyulan məqsədə çatmaq istiqamətində atılan addımlardan biri kimi qeyd edir.   Azərbaycanın iqtisadi və enerji siyasətinin  siyasi çəkisinə transformasiya olunduğunu xüsusi vurğulayan  ölkə Prezidenti  İlham Əliyev iqtisadi uğurların Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərdiyini də  diqqətə çatırır.

Bütün bunlar onu deməyə əsas verir ki,  düzgün təmələ əsaslanan siyasət davamlı inkişaf üçün əsasdır. Azərbaycanın inkişaf strategiyası gələcək uğurlarımızın təməlidir.  Forum üçün seçilən mövzuya da diqqət yetirdikdə hər bir ölkənin malik olduğu imkanların əsasında dayanan düzgün idarəçilik faktorunun rolu daha qabarıq şəkildə özünü büruzə verir. Daim təkmilləşməyə, yeniləşməyə səy göstərən Azərbaycanın inkişaf modelinin beynəlxalq səviyyədə dəstəklənməsi və öyrənilməsi də həyata keçirilən siyasətə dəstəkdən irəli gəlir. Bu baxımdan düşünürük ki,  Davos İqtisadi Forumunun builki toplantısı da əlaqələrin inkişafına daha böyük töhfə olacaq. Azərbaycanın ötən toplantıdan keçən dövr ərzində imza atdığı uğurlar onun Forumda yeri və rolunu daha da möhkəmləndirəcək, əlaqələrin inkişafında yeni istiqamətlərin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərəcək. Ən əsası Azərbaycan uğurlu addımları, həyata keçirdiyi layihələri ilə dövlətlər, xalqlar arasında oynadığı körpü roluna töhfələrini bir daha dünyaya təqdim edəcək.

Yeganə Əliyeva, “İki sahil”