02 oktyabr 2026 02:01
98

Suqovuşan: Zəfərin ilk müjdəçisi

2020-ci ilin 3 oktyabr tarixində müzəffər Azərbaycan Ordusunun şücaəti ilə işğaldan azad edilən Suqovuşan qəsəbəsi və Talış kəndi Vətən müharibəsində əldə edilən ilk böyük strateji qələbələrdən biri kimi tarixə yazılıb

İkinci Qarabağ savaşının ən ağır döyüşlərindən biri Talış və Suqovuşan istiqamətində olmuşdu. Düşmən ən müasir qüvvələrini bu ərazidə cəmləşdirərək ordumuzun irəliləməsinin qarşısını almağa calışırdı. Burada çox güclü istehkamlar qurulmuş, bir neçə müdafiə xətti təşkil edilmişdi. Düşmən bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yollarda möhkəmlənmişdi. Onlar illərdi qurduqları müdafiə səddini ordumuzun yara biləcəyinə inanmırdılar. Üstəlik, əsgərlərimizin hücum etdiyi ərazi minalanmışdı. Lakin işğalçı ölkənin quldur dəstələri döyüşə atılanların Vətən sevdalı Azərbaycan əsgərləri, onlara rəhbərlik edən peşəkar zabitlər olduğunu unutmuşdular. Ölüm-dirim savaşında əvvəlcə Suqovuşanın ətrafındakı yüksəkliklər, postlar düşməndən təmizlənərək ordumuzun nəzarətinə keçdi. Ermənistan silahlı qüvvələrinin bölmələri bir neçə əks-hücumla hərbçilərimizi tutduqları mövqelərdən çıxarmağa çalışsalar da, uğursuzluğa düçar oldular. Ordumuzun uğurlu əməliyyatı nəticəsində düşmənin 6-cı dağatıcı alayı darmadağın edildi, müqavimət qırıldı. Hərbçilərimiz qəsəbəyə girəndə ermənilər artıq qaçmışdılar. Hər şey olduğu kimi qalmışdı. Düşmən hərbi texnikalarını, silah-sursat anbarlarını, bazaları dolu şəkildə qoyub digər yüksəkliklərə çəkilməyə məcbur olmuşdu. Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz və Talış kəndlərini işğaldan azad etdi. Bu xoş müjdəni özünün Tviter (indiki X) hesabından xalqımıza çatdıran dövlətimizin başçısı Madagiz qəsəbəsinin tarixi adını da bərpa edərək onu Suqovuşan adlandırdı. Milli Məclisin qərarı ilə Suqovuşan qəsəbəsi yenidən bərpa olunan Ağdərə rayonunun inzibati tərkibinə daxil edildi.

Suqovuşan və Talış Azərbaycan Ordusu üçün olduqca strateji əhəmiyyətə malik ərazilərdən idi. Suqovuşanın azad edilməsi ilə mühüm əhəmiyyətə malik təminat yolları Azərbaycanın nəzarətinə keçdi. Bu döyüşlərdə Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirdi. Suqovuşan və Talışdakı yüksəkliklər strateji baxımdan çox əhəmiyyətli olduğundan bu yaşayış məntəqələrinin azad edilməsi Azərbaycan Ordusuna ətrafdakı əraziləri nəzarətdə saxlamaq imkanı verdi. Prezident İlham Əliyev Suqovuşana səfəri zamanı bu ərazilərdə aparılan hərbi əməliyyatlardan danışarkən deyib: “Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”.

Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra həmin ərazilərin bərpasına başlanıldı. Artıq Qarabağın və Şərqi Zəngəzurun digər guşələri kimi, Suqovuşan qəsəbəsinə və Talış kəndinə də həyat yenidən qayıdıb. Yaşayış məntəqələri işğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start verildi. İlk olaraq ərazinin mina və partlamamış sursatlardan təmizlənməsinə başlanıldı. Uzunluğu 28,8 kilometr olan Tərtər-Çaylı-Suqovuşan-Talış avtomobil yolu qısa vaxtda ikinci texniki dərəcəyə uyğun yenidən quruldu. Suqovuşana 110/35/6 kV-luq Tərtər yarımstansiyasından 35 kV-luq yeni elektrik veriliş xətti çəkildi, qəsəbəsinin daxili şəbəkəsində 0,4 kV hava xətləri bərpa edildi. Qəsəbə elektrik enerjisi ilə təmin olundu. Gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri aparıldı. Tərtər və ətraf rayonların suvarma suyu ilə təmin olunmasında mühüm əhəmiyyətə malik Suqovuşan su anbarının təmirinə, Suqovuşan qəsəbəsində və Talış kəndində məskunlaşma olan obyektlərin su təchizatı məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilməsinə başlanıldı. Məlumdur ki, 28 il ərzində Suqovuşan su anbarı işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranmışdı. Bundan başqa suyun buraxılmaması Tərtərçayda kəskin ekoloji problemlər də yaratmışdı. Suqovuşanın işğaldan azad olunması ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaradıb.

İndi işğaldan azad olunan digər ərazilərimiz kimi, Suqovuşanda da dövlətimiz tərəfindən genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Artıq Suqovuşan ilk sakinlərini qarşılayıb və insanlar uzun illər sonra doğma yurda qovuşmağın sevincini yaşayırlar. Suqovuşan kəndinə ilk köç 2025-ci ilin mart-aprel aylarında baş tutub. Suqovuşan kəndinə planlaşdırılan köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə köçürülüb. Bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatdırılıb.

Sevinc Azadi, “İki sahil”