02 oktyabr 2026 13:58
202

Güclü dövlət, müstəqil siyasət - Azərbaycanın əsas seçimi

“Bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır”.

Prezident İlham Əliyev bu fikirləri Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı səsləndirib. Dövlətimizin başçısı Azərbaycanın xarici siyasətinin əsas prinsiplərindən birinin milli maraqların qorunması və heç bir xarici qüvvənin ölkənin daxili və xarici siyasətinə müdaxiləsinə yol verilməməsi olduğunu vurğulayıb: “Biz xarici siyasəti elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin. Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil”.

Bu fikirlər Azərbaycanın son illərdə keçdiyi inkişaf yolunun mahiyyətini də aydın şəkildə ifadə edir. Bu gün Azərbaycan öz tarixinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə sadiq qalaraq sürətlə inkişaf edən, müstəqil qərarlar qəbul edən dövlət kimi tanınır. Ölkəmizin əldə etdiyi mühüm siyasi, iqtisadi və hərbi nailiyyətlər məhz xalqın iradəsinə və milli maraqlara əsaslanan siyasətin nəticəsidir.

Azərbaycanın Ermənistanla uzun illər davam edən münaqişəyə, işğala son qoyması və ərazi bütövlüyünü, suverenliyini bərpa etməsi də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə isə Azərbaycanın bütün ərazisində suverenliyi tam təmin olundu. Bununla da Cənubi Qafqazda yeni siyasi reallıq formalaşdı. Bu gün həmin reallıqlar regional münasibətlərin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan artıq təkcə regionda baş verən proseslərin iştirakçısı deyil, həm də regional gündəmin formalaşmasına mühüm təsir göstərən dövlətlərdən biridir. Bakı tərəfindən irəli sürülən təşəbbüslər nəqliyyat, enerji, iqtisadi əməkdaşlıq və regional bağlantıların inkişafı baxımından da geniş əhəmiyyət kəsb edir.

Azərbaycanın müstəqil siyasəti yalnız siyasi və diplomatik müstəvidə deyil, ölkənin daxili inkişafında da özünü göstərir. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq layihələrinin həyata keçirilməsi bunun bariz nümunəsidir. Qarabağ və Şərqi Zəngəzurda şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. İşğaldan azad edilmiş ərazilərdə yaşayan, fəaliyyət göstərən və təhsil alan insanların ümumi sayı isə 90 mini ötüb. Bütün bunlar Azərbaycanın öz imkanlarına, iqtisadi potensialına və insan resurslarına arxalanaraq qarşıya qoyduğu strateji məqsədləri mərhələli şəkildə həyata keçirdiyini göstərir. Qarabağ və Şərqi Zəngəzurun bərpası yalnız dağıdılmış şəhər və kəndlərin yenidən qurulması deyil, eyni zamanda, Böyük Qayıdış proqramının reallaşdırılması və həmin ərazilərin ölkənin iqtisadi həyatına yenidən inteqrasiyası deməkdir.

Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən biri də balanslaşdırılmış və çoxtərəfli əməkdaşlığa əsaslanmasıdır. Ölkəmiz müxtəlif dövlətlərlə qarşılıqlı maraqlara və bərabərhüquqlu tərəfdaşlığa söykənən münasibətlər qurur. Bu yanaşma Azərbaycanın həm regional, həm də beynəlxalq müstəvidə əməkdaşlıq imkanlarını genişləndirməsinə şərait yaradır. Enerji siyasəti də Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan uzun illər ərzində öz enerji resurslarından səmərəli istifadə etməklə Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkələrdən birinə çevrilib. Azərbaycan qazının müxtəlif Avropa ölkələrinə çatdırılması ölkəmizin enerji xəritəsindəki əhəmiyyətini daha da artırıb.
Azərbaycanın müstəqil siyasəti bəzi dairələrin ölkəmizə qarşı təzyiq və təbliğat cəhdləri fonunda da özünü göstərir. Müxtəlif təşkilatlar və lobbi qrupları zaman-zaman Azərbaycanla bağlı əsassız iddialar və qərəzli yanaşmalar ortaya qoyurlar. Rəsmi Bakı isə belə yanaşmalara öz mövqeyini konkret faktlar və arqumentlərlə ortaya qoymaqla cavab verir.

Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xarici siyasətini hər hansı kənar təsirin diktəsi ilə deyil, öz milli maraqları əsasında formalaşdırır. Ölkəmizin son illərdə əldə etdiyi nəticələr də bu siyasətin ardıcıl xarakter daşıdığını göstərir. Müstəqil qərar qəbul etmək, milli maraqları qorumaq və qarşıya qoyulan strateji məqsədlərə öz imkanlarına əsaslanaraq nail olmaq Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Məhz bu baxımdan Azərbaycanın müstəqil siyasəti yalnız bu günün deyil, gələcəyin də əsas təminatlarından biri kimi çıxış edir. 

Qvami Məhəbbətoğlu, “İki sahil”