44 günlük haqq savaşımızda Vətən uğrunda canından keçərək Zəfər tariximizə qanı ilə öz adını yazan və əbədi xalqın yaddaşına köçən igidlərimizdən biri də Sahil Ağaverdi oğlu Məmişlidir. 1991-ci il avqustun 21-də Biləsuvarın Çaylı kəndində dünyaya göz açan Sahilin ömrü yarımçıq qalıb, amma döyüş meydanında göstərdiyi şücaətlə bütöv bir qəhrəmanlıq salnaməsinə çevrilib. Vətən qarşısında göstərdiyi xidməti də dövlət tərəfindən öz yüksək qiymətini alıb. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, eləcə "Vətən uğrunda", Füzulinin, Şuşanın azadlığına görə və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. O, cismən aramızdan getsə də, onun adında yurdunun daşına, torpağına, divarına ilahi bir sevgi yaşayır. Bu sevginin təməli elə onun böyüdüyü ailədə qoyulub. Çünki yaşadığı halal ocaqda bütün arzuların zirvəsində bir qayda olaraq Vətənin, xalqının xoşbəxtliyi dayanıb.
Sahil orta məktəbdə yaxşı oxuyub. Yurduna nankor erməni dığaların dadanması ona rahatlıq verməyib. Qanında mərdlik, cəngavərli ruhu dövr edən yeniyetmə belə bir vaxtda ordu sıralarına gedib canından əziz saydığı Vətənin keşiyində durmağı hər şeydən əsas bilib. Böyük həvəslə əsgərliyə yollanıb, arzusunda olduğu cəbhə bölgəsində şanlı forma geyib, xidmətə başlayıb. Vətən sevgisi, cəsurluğu, verilən tapşırıqlara vaxtında əməl etməsi onu qısa zaman kəsiyində əsgərlərin, zabitlərin yanında başıuca edib. Qarabağımızı erməni tapdağından azad edəcəyini düşünən əsgər qatıldığı təlimlərdə də göstərdiyi əla döyüş keyfiyyətləri ilə seçilib.
Ordudan üzüağ qayıdan Sahil Məmişlinin vicdanı Vətənin dar günündə evdə qalmağı qəbul etməyib. Əlinə silah götürüb erməni dığalardan qisas almaq onun amalına dönüb. Ona görə də həyat istiqamətini dəyişib hərbiçi olmağa qərar verib. Döyüş bölgəsində xidmət etmək istəyini deyib. Arzusu yerinə yetirilib, burada kəşfiyyatçı peşəsinə yiyələnib. Məqamı gələndə düşmənlə döyüşə getməyə özünü tam hazır bilib. Yoldaşlarına da deyib:” Ürəyimə damıb, tezliklə Qarabağda Azərbaycanın üçrəngli qələbə bayrağı dalğalanar. O müqəddəs gün üçün qan tökməyə dəyər. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz. And içirəm ki, müharibə olsa, Qarabağın azadlığı naminə mən dığalarla son damla qanıma qədər döyüşərəm. Yağıdan qisas almaq bizim üzərimizə düşür. Bu yolda şəhid olmağın özü isə böyük şərəfdir.”
2020-ci il sentyabrın 27-də müharibənin başlaması ağır olsa da, Sahili sevindirib. Axı yağıdan alacağı öc yetişmişdi. Azərbaycanın igid oğlu haqq savaşımıza birincilər sırasında yollanıb. Ölümün gözünə dik baxıb, üzərinə yağan güllə yağışından qorxmadan vurduğu sarsıdıcı zərbələrlə dığaların kabusuna çevrilib. O, Füzuli, Cəbrayıl, Qubadlı, Xocavənd, Şuşa və digər ərazilərdə gedən qanlı döyüşlərdə mərdliklə vuruşaraq şücaətlər göstərib. Günlərlə mühasirədə qalsa da, heç bir çətinlik qələbə əzmini qıra bilməyib. Ağır, şiddətli müharibə meydanından zəfərlə çıxıb, 70-dən çox düşmənin canlı qüvvəsini məhv edib. Həmçinin Sahil Məmişli böyük igidlik, cəsarət göstərərək min əzab-əziyyətlə 90-dan artıq yaralını xilas etməklə, onların sağ-salamat qalmasına imkan yaradıb. Təəssüf ki, ölüm-dirim savaşlarda Vətənin hər qarış torpağı uğrunda can qoyan Sahil Məmişli noyabrın 10-də Şuşada pusquda durmuş düşmənin snayper gülləsindən yayına bilməyib, iki gündən sonra doğma Çaylı kəndində böyük bir izdiham və ehtiramla torpağa tapşırılıb.
Vətən, haqq, ədalət naminə mərdliklə döyüşüb, ömrünün 29-cu ilində cismən bu dünyanı tərk edən Sahillə bütün Azərbaycan qürur duyur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü