02 oktyabr 2026 20:30
102

“DOST Müfəttiş” layihəsinin iştirakçıları ilə görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Dövlət Əmək Müfəttişliyi Xidməti və Milli Observatoriyanın birgə həyata keçirdiyi “DOST Müfəttiş” layihəsinin iştirakçıları ilə görüş keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Observatoriyadan məlumat verilib. Bildirilib ki, görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisinin müavini Nərmin Mirzəyeva, Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov, DOST Agentliyinin əməkdaşları, eləcə də dövlət və özəl sektoru təmsil edən müəssisələrin nümayəndələri iştirak ediblər. Çıxış edən xidmətin rəis müavini Nərmin Mirzəyeva “DOST Müfəttiş” layihəsinin işəgötürənlərlə əmək qanunvericiliyinin tələbləri, əməyin mühafizəsi və insan resurslarının idarəolunması istiqamətlərində səmərəli əməkdaşlığın qurulmasına töhfə verdiyini bildirib. O, layihənin əhəmiyyətinə toxunaraq işəgötürənlərin əmək qanunvericiliyinə əməl olunması və əməyin mühafizəsi sahəsində mövcud yanaşmalarının təkmilləşdirilməsinə, qabaqlayıcı tədbirlərin təşviqinə və özünü-qiymətləndirmə ənənəsinin formalaşdırılmasına xidmət etdiyini qeyd edib.

Milli Observatoriyanın İdarə Heyəti sədrinin müavini Şaiq Kazımov layihə çərçivəsində keçirilən təlimlərdə əmək münasibətlərinin qiymətləndirilməsi, əməyin mühafizəsi standartlarının tətbiqi, müasir insan resurslarının idarə olunması yanaşmaları və ƏMAS sistemindən istifadə ilə bağlı iştirakçılara məlumat verildiyini diqqətə çatdırıb.

Görüşdə layihənin nəticələri və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda təlimləri uğurla başa vuran iştirakçılar sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, “DOST Müfəttiş” layihəsi könüllü və ödənişsiz əsaslarla həyata keçirilir. Layihə çərçivəsində indiyədək 35-dən çox müəssisədə qiymətləndirmə aparılıb və 8600 işçi əhatə olunub.