5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Oğuz rayonunda “Müəllimə ehtiram, biliyə inam” adlı intellektual bilik yarışması keçirilib.
“İki sahil” xəbər verir ki, yarışma Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsi və Oğuz rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub. M.F.Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İntellektual bilik yarışmasında Oğuz rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərini təmsil edən 19 komanda iştirak edib. Yarış zamanı komandalar müxtəlif mövzular üzrə sualları cavablandıraraq bilik və dünyagörüşlərini nümayiş etdiriblər. Yarışmanın nəticələrinə əsasən birinci yerə Sincan kənd tam orta məktəbi, ikinci yerə Ərmənət kənd tam orta məktəbi, üçüncü yerə isə Ərmənət kənd tam orta məktəbinin komandaları layiq görülüb. Qalib komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla, həmçinin sponsorlar tərəfindən müxtəlif hədiyyələrlə təltif olunublar.
Tədbirdə müəllim əməyinin cəmiyyətin inkişafında və gələcək nəslin formalaşmasında mühüm rolu vurğulanıb. Müəllimlər 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edilib, onlara möhkəm cansağlığı, ailə səadəti, pedaqoji fəaliyyətlərində uğurlar və yetirmələrinin nailiyyətlərindən daim qürur duymaları arzulanıb.
2020-ci il oktyabrın 3-də Suqovuşan və Talışda Azərbaycanın üçrəngli bayrağı qaldırılıb