Müstəqilliyimizin ilk illəri son dərəcə ağır və ağrılı sınaqlarla müşayiət olunurdu. Ölkə dərin siyasi böhran, hakimiyyət boşluğu, anarxiya və vətəndaş qarşıdurması girdabında idi. İqtisadiyyat tamamilə çöküb, inflyasiya həddini aşmışdı, əhali sosial problemlərlə baş-başa qalmışdı. Cəbhə bölgələrində torpaqlarımızın ardıcıl olaraq işğal olunması, nizamsız hərbi birləşmələr dövlətin müdafiə qabiliyyətini tamamilə zəiflətmişdi. Daxildə baş qaldıran separatçılıq meyilləri və qardaş qırğını təhlükəsi ölkənin parçalanması təhlükəsini reallığa çevirmişdi. İqtisadiyyatın tənəzzülü, sosial gərginlik əhalinin vəziyyətini son dərəcə ağırlaşdırmışdı. Məhz belə bir tarixi məqamda – ümidsizliyin, xaosun və hərəkatın hökm sürdüyü vaxtda Azərbaycan xalqı öz taleyini bir insana – qüdrətli dövlət xadimi və xilaskara Heydər Əliyevə etibar etdi. Xalqın təkidli dəvəti ilə Naxçıvandan Bakıya qayıdan Ulu Öndər ölkəni bu bəlalardan qurtarmaq üçün müstəsna siyasi iradə nümayiş etdirdi.
1993-cü il oktyabrın 3-də keçirilən ümumxalq prezident seçkilərində seçicilərin mütləq əksəriyyəti – 98,8 faiz səs çoxluğu ilə Heydər Əliyevə səs verdi. Bu seçki sadəcə bir siyasi kampaniya deyil, xalqımızın öz dövlətinə, sabahına və xilaskarına olan sonsuz inamının, milli birliyinin təntənəsi idi. Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi idi. 3 oktyabr 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.
Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin müstəqil gənc respublikamıza rəhbərlik etdiyi dövrdə gördüyü əvəzsiz işlər Azərbaycanı çox qısa müddətdə beynəlxalq arenada böyük nüfuza və söz sahibinə malik bir ölkəyə çevirdi. Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Təsadüfi deyil ki, 1993-cü il Azərbaycanın tarixinə qurtuluş ili kimi daxil oldu.
1994-cü ilin may ayında Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasi iradəsi və diplomatiyası nəticəsində cəbhə xəttində qanlı döyüşlərin dayandırılması və Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə olunması müasir tariximizin ən mühüm və həlledici dönüş nöqtələrindən biri oldu . Mayın 12-də qüvvəyə minən bu razılaşma münaqişənin həllində ilk mərhələ və hərbi əməliyyatların dayandırılması baxımından əhəmiyyətli addım idi. Məhz bu sabitlik şəraitində ölkədə iqtisadi islahatlar həyata keçirildi, ordu quruculuğu gücləndirildi və Azərbaycan beynəlxalq arenada öz mövqelərini möhkəmləndirdi. Ulu Öndər Heydər Əliyevin o dövrdə atdığı bu addım diplomatiyanın gücünü göstərdi. Uzunmüddətli strateji hazırlığın, iqtisadi qüdrətin və güclü ordu quruculuğunun bünövrəsi məhz həmin illərdə qoyuldu.
Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, milli dövlətçiliyin, milli mənafelərin ifadəçisi kimi antiazərbaycan, antimilli qüvvələrin qarşısında sipərə çevrildi. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi.
1994-cü il sentyabrında Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan neft müqavilələri imzalandı. Bu müqavilənin imzalanması Ümummilli Lider Heydər Əliyevin gərgin siyasi iradəsi, uzaqgörənliyi və qətiyyəti sayəsində mümkün oldu. Həmin dövrdə ölkədə hökm sürən ağır siyasi və iqtisadi böhrana baxmayaraq, Ulu Öndər xarici investorların Azərbaycana inamını qazana bildi.Sonradan "Əsrin müqaviləsi" adlandırılan bu Saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Bu müqavilə Azərbaycanın zəngin enerji resurslarından səmərəli istifadə etməsinə, ölkənin iqtisadi potensialının artırılmasına və beynəlxalq enerji əməkdaşlığının genişlənməsinə imkan yaratdı.1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı.
1995-ci ilin 12 noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır
Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasi kursu, dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, bu gün uğurla davam etdirilir. Onun təməlini qoyduğu güclü, müstəqil və iqtisadi cəhətdən qüdrətli Azərbaycan dövlətçiliyi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün şanlı zirvəsinə ucalıb. 3 oktyabr 1993-cü ildə xaosdan qurtulan, ayağa qaldırılan Azərbaycan dövləti məhz bu gücün sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq, quruculuq və Böyük Qayıdış prosesi məhz Heydər Əliyev ideyalarının əbədiyaşarlığının və təntənəsinin əyani sübutudur.
Ümummilli Lider Heydər Əliyev təkcə Azərbaycanın deyil, həm də dünyanın nadir və bənzərsiz şəxsiyyətlərdən biridir. Onun əziz xatirəsi hər bir azərbaycanlının, hər bir soydaşımızın qəlbində əbədi yaşayır və yaşayacaq.
Gülxarə Tarverdiyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Vüqar Rəhimzadə: YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsi oldu
Prezident İlham Əliyev İraq Prezidenti Nizar Amidini milli bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Koreya Respublikasının Prezidenti Li Cemyönü təbrik edib