Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində xalqımız Vətən müharibəsində tarixi Zəfər qazandı. Bu Qələbə yalnız torpaqlarımızın işğaldan azad edilməsi ilə məhdudlaşmadı, eyni zamanda xalqımızın yaddaşına qürur və iftixar hissi ilə həkk olunan yeni şanlı tarix səhifələri yazdı. Əgər vaxtilə xalqımız doğma torpaqlarımızın işğal günlərini kədər və hüznlə yad edirdisə, bu gün həmin ərazilərin azad olunduğu tarixlər böyük sevinc və fəxarət hissi ilə qeyd edilir. Bu əlamətdar günlər təhsil müəssisələrində gələcək nəsillərə çatdırılır, məktəblilərin yaddaşında xalqımızın qəhrəmanlıq salnaməsinin mühüm səhifələri kimi yaşadılır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncamla işğaldan azad edilmiş şəhərlərin günlərinin təsis edilməsi həmin şanlı tarixlərin dövlət səviyyəsində əbədiləşdirilməsinə mühüm imkan yaratdı. Bu addım xalqımızın Zəfər yaddaşının qorunması, tarixi hadisələrin gələcək nəsillərə çatdırılması və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu qəhrəmanlıq salnaməsində mühüm yer tutan tarixlərdən biri də 4 oktyabrdır. Məhz 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhəri və rayonun bir sıra kəndləri işğaldan azad edildi.
Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşən Cəbrayıl rayonunun ərazisi 1050 kvadrat kilometrdir. Rayon inzibati baxımdan 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarətdir. Sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngin olan Cəbrayıl həm də mühüm iqtisadi potensiala malikdir.
Lakin 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Cəbrayıl rayonu ağır faciələrlə üzləşdi. İşğal nəticəsində rayona 13 milyard 928 milyon ABŞ dolları həcmində iqtisadi və infrastruktural zərər vuruldu. Rayon ərazisində 72 məktəb, 8 xəstəxana və 132 tarixi abidə tamamilə dağıdıldı. Birinci Qarabağ müharibəsi zamanı Cəbrayıldan 362 nəfər şəhid oldu, 191 nəfər əlil qaldı, 6 nəfər isə göstərdiyi misilsiz qəhrəmanlığa görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.
İşğal yalnız insanların doğma yurdlarından didərgin salınması ilə nəticələnmədi. Cəbrayılın zəngin tarixi və mədəni irsi də Ermənistan tərəfindən həyata keçirilən vandalizm siyasətinin hədəfinə çevrildi. Əsrlərin yadigarı olan Dağtumas kəndi yaxınlığındakı “Divlər Sarayı” mağarası, Qalacıq kəndində yerləşən “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə və Mərmərnənə məqbərələri, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbələr və qədim türk qəbiristanlıqları dağıdılaraq məhv edilmişdir.
Məscidlərin, hamamların, türbələrin və qədim qalaların dağıdılması ilə Cəbrayılın çoxəsrlik tarixi-mədəni irsinə ağır zərbə vurulmuş, bölgənin tarixi simasının və milli-mədəni kimliyinin izlərini silməyə cəhd göstərilmişdir.
1994-cü il yanvarın 5-də keçirilən Horadiz əməliyyatı zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin işğaldan azad edilməsi bölgədə həyatın bərpasının ilk mühüm addımlarından biri oldu və gələcək Böyük Qayıdışın təməlini qoydu. 2016-cı ilin Aprel döyüşləri zamanı isə rayon ərazisində yerləşən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edilərək Azərbaycan Ordusunun nəzarətinə keçdi.
2020-ci ildə başlayan Vətən müharibəsi Cəbrayıl rayonunun tam azadlığı ilə nəticələndi. Sentyabrın 27-də Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad olunması ilə başlayan uğurlu əməliyyatlar sonrakı günlərdə də davam etdirildi. Oktyabrın 3-də Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, oktyabrın 4-də isə Cəbrayıl şəhəri ilə yanaşı, Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri işğaldan azad edildi. Beləliklə, həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində Cəbrayıl rayonunun 1 şəhəri və 90 kəndi düşmən işğalından qurtarıldı.
Cəbrayıl istiqamətində aparılan döyüşlər Vətən müharibəsinin ən mürəkkəb və ağır mərhələlərindən biri idi. Düşmən burada çoxsaylı müdafiə istehkamları yaratmış və mövqelərini ciddi şəkildə möhkəmləndirmişdi. Buna baxmayaraq, Azərbaycan Ordusunun hərbi qulluqçuları böyük şücaət və fədakarlıq nümayiş etdirərək qarşıya qoyulan məqsədlərə nail oldular.
Cəbrayılın strateji mövqeyi əldə edilən Qələbənin əhəmiyyətini daha da artırırdı. Rayon ərazisindəki yüksəkliklərin və mühüm keçidlərin nəzarətə götürülməsi Azərbaycan Ordusuna Hadrut və Xocavəndin cənub istiqamətlərində, eləcə də digər ərazilərdə hərbi əməliyyatları uğurla davam etdirmək imkanı verdi. Bu uğurların ardınca Zəngilan və Qubadlı rayonları, həmçinin Laçının cənub hissəsi işğaldan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Bu baxımdan Cəbrayıl uğrunda əldə olunan Qələbə ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm dönüş nöqtəsi oldu.
26 noyabr 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Bu medala 20 mindən çox hərbi qulluqçunun layiq görülməsi torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəmanlara dövlət tərəfindən verilən yüksək qiymətin ifadəsi idi.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsündə Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldması isə xalqımızın yaddaşında xüsusi yer tutan tarixi hadisəyə çevrildi. Bu hadisə Azərbaycanın ərazi bütövlüyünün və milli iradəsinin təntənəsinin rəmzlərindən biri kimi tarixə düşdü. Əsrlər boyu Azərbaycan tarixinin mühüm şahidlərindən olan Xudafərin körpüsü bir daha milli qürur simvoluna çevrildi.
Hazırda işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması rayonun və bütövlükdə regionun iqtisadi inkişafı baxımından mühüm layihələrdəndir. Cəbrayıl yarımstansiyası istifadəyə verilmiş, yeni enerji infrastrukturu formalaşdırılmış, 4–6 zolaqlı avtomobil yollarının tikintisi həyata keçirilmişdir. Rayonun bərpa proqramı təsdiqlənmiş, həyata keçirilən layihələr dövlət başçısının diqqət və nəzarətində saxlanılmışdır. Prezident İlham Əliyevin Cəbrayıla çoxsaylı səfərləri də dövlətin bu əraziyə göstərdiyi xüsusi diqqətin göstəricisidir.
Böyük Mərcanlı kəndinin yenidən qurulması və burada əhalinin müasir yaşayış şəraiti ilə təmin olunması istiqamətində də mühüm layihələr hazırlanmışdır. Layihəyə əsasən, 2040-cı ilədək kənddə 6230 nəfərin məskunlaşması üçün 1074 fərdi evin və çoxmərtəbəli yaşayış binalarının inşası nəzərdə tutulur.
Karxulu kəndində və digər yaşayış məntəqələrində də genişmiqyaslı bərpa işlərinin aparılması nəzərdə tutulur. Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun inşası ilə rayonun digər ərazilərlə nəqliyyat əlaqəsinin daha da gücləndirilməsi planlaşdırılır. Layihə çərçivəsində 4428 sakinin məskunlaşması üçün 940 fərdi ev, məktəb, uşaq bağçası, müasir ictimai binalar və xidmət obyektlərinin inşası nəzərdə tutulur. Ümumi sahəsi 313 hektar olan layihə Karxulu kəndinin yenidən qurulmasını Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən birinə çevirir.
Sarıcallı kəndində də genişmiqyaslı quruculuq layihələri həyata keçiriləcək. İlk mərhələdə 104 hektarlıq ərazidə 1016 sakinin yerləşdirilməsi üçün 242 fərdi evin tikilməsi nəzərdə tutulur. Bununla yanaşı, kənddə inzibati bina, klub-icma mərkəzi, idman və sağlamlıq mərkəzləri, həmçinin biznes sahələrinin yaradılması planlaşdırılır. Bu layihələr əhalinin sosial ehtiyaclarının qarşılanması ilə yanaşı, məşğulluq imkanlarının genişləndirilməsinə də xidmət edəcək.
Maşanlı kəndinin yenidən qurulması da Cəbrayıl rayonunda həyata keçirilən bərpa layihələrinin mühüm istiqamətlərindən biridir. Layihəyə əsasən, 2040-cı ilədək kəndin ümumi ərazisinin 157,54 hektara çatdırılması və burada 2360 nəfərin məskunlaşdırılması nəzərdə tutulur. Əhalinin təhsil və sosial ehtiyaclarının təmin edilməsi məqsədilə yeni məktəb və uşaq bağçasının tikilməsi, eyni zamanda məşğulluğun artırılması üçün müasir ictimai obyektlərin yaradılması planlaşdırılır.
Prezident İlham Əliyev 2025-ci il oktyabrın 28-də Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib, sakinlərə mənzillərin açarları təqdim olunub, Cəbrayıl şəhər məscidinin, ikinci və üçüncü yaşayış komplekslərinin təməli qoyulub, həmçinin “Şəfəq” Günəş Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışı və Şahvəlli kəndində “Şəms” və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlqoyma mərasimləri keçirilib.
2026-cı il mayın 9-da dövlət başçımız İlham Əliyevin iştirakı ilə Cəbrayıl rayonunun Şükürbəyli kəndinin açılışı olub, kəndə köçən sakinlərlə görüş keçirilib, fərdi evlərdə yaradılmış şəraitlə tanışlıq baş tutub, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının yeni binasının tikintisi ilə tanışlıq keçirilib və Soltanlı kəndində “AzərEnerji” ASC-nin 330 kV-luq “Şəfəq” yarımstansiyası istifadəyə verilib.
Şübhəsiz ki, işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Cəbrayıl rayonu da həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri nəticəsində qısa müddətdə öz tarixi simasını yenidən qazanmağa davam edəcək. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cəbrayılın müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulması, sakinlərin doğma torpaqlarına qayıdışı və burada layiqli yaşayış şəraitinin yaradılması rayonun gələcək inkişafının möhkəm əsaslarını formalaşdırır. Cəbrayılın yenidən dirçəlməsi Böyük Qayıdışın parlaq nümunələrindən birinə çevriləcək və bu qədim Azərbaycan torpağı gələcəkdə ölkəmizin ən gözəl və inkişaf etmiş guşələrindən biri olacaqdır.
Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini