03 oktyabr 2026 12:31
81

“Açıq qapı” günləri davam etdirilir

Azərbaycan Vəkillər Kollegiyası (VK) tərəfindən 44 gün ərzində respublikanın müxtəlif ərazilərində keçirilən pulsuz hüquqi yardım aksiyaları çərçivəsində “Açıq qapı” günləri davam etdirilir.

“İki sahil” xəbər verir ki, Vəkillər Kollegiyasından bildirilib ki, sentyabrın 27-dən başlayan aksiya çərçivəsində vətəndaşlara müxtəlif ünvanlarda pulsuz hüquqi yardım göstərilir. Belə ki, bu həftə ərzində “Mərkəz” Vəkil Bürosunun, Bakı şəhəri 1 saylı, 3 saylı və 4 saylı Vəkil bürolarının vəkilləri tərəfindən “Açıq qapı” günləri təşkil olunub. Keçirilən aksiyalar zamanı vətəndaşların müraciətləri əsasən cinayət və inzibati işlər, mülkiyyət hüququ, hüquqi faktın müəyyən edilməsi, pensiya təminatı, kredit mübahisələri, mənzil təminatı və digər sosial məsələlərlə bağlı olub. Müraciətlər üzrə vətəndaşlara hüquqi məsləhətlər verilib, zəruri hüquqi sənədlər hazırlanıb, o cümlədən yazılı ərizələr tərtib edilib. Aksiyalar zamanı ümumilikdə 20 vətəndaşa pulsuz hüquqi yardım göstərilib.

Qeyd edək ki, növbəti həftə ərzində Bakı şəhəri 5 saylı, 6 saylı, 7 saylı, 8 saylı və 9 saylı Vəkil bürolarında pulsuz hüquqi yardım aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Aksiya çərçivəsində aztəminatlı və sosial həssas qruplara aid vətəndaşlar qeyd olunan vəkil qurumlarına müraciət edərək hüquqi məsələləri ilə bağlı pulsuz məsləhət və digər hüquqi yardımlardan yararlana bilərlər.