03 oktyabr 2026 18:38
136

Yeni milli təhlükəsizlik konsepsiyası və ideoloji doktrina: Prezident İlham Əliyevin yeni dövr üçün strateji mesajları

Dövlətimizin başçısı Azərbaycanın yeni milli təhlükəsizlik və ideoloji yanaşmasının əsas konturlarını müəyyənləşdirdi. 

Son illərdə beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər, dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, geosiyasi rəqabətin dərinləşməsi və yeni təhlükəsizlik çağırışlarının meydana çıxması dövlətlərin milli təhlükəsizlik məsələlərinə yanaşmasını da dəyişir. Artıq təhlükəsizlik yalnız dövlət sərhədlərinin və ərazi bütövlüyünün qorunması ilə məhdudlaşmır. İnformasiya məkanı, kibertəhlükəsizlik, ideoloji təsirlər və cəmiyyətin informasiya manipulyasiyalarından qorunması da milli təhlükəsizliyin mühüm tərkib hissəsinə çevrilib.

Azərbaycan da yeni təhlükəsizlik reallıqlarını nəzərə alaraq bu məsələləri daim diqqət mərkəzində saxlayır. Bu gün ölkəmizdə sabitlik, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bununla yanaşı, Azərbaycanın müstəqil siyasət yürütməsi və beynəlxalq müstəvidə fəallığının artması ölkəmizin qarşısında yeni çağırışlar da yaradır. Sentyabrın 22-də Bakıda keçirilən “Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması” mövzusunda IV Bakı Təhlükəsizlik Forumu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Forumda müasir dünyada təhlükəsizlik mühitinin dəyişməsi, terrorçuluqla mübarizə və yeni çağırışlara qarşı beynəlxalq əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə olunub. Prezident İlham Əliyevin forum iştirakçılarına müraciəti də Azərbaycanın qlobal təhlükəsizlik gündəliyinə verdiyi əhəmiyyəti bir daha nümayiş etdirib.
Müasir dövrdə təhlükəsizliyə təhdidlər yalnız ənənəvi üsullarla formalaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı, sosial şəbəkələrin geniş yayılması və süni intellekt imkanlarının artması yeni təsir mexanizmləri yaradıb. Bu imkanlardan bəzən dezinformasiya yaymaq, ictimai rəyi manipulyasiya etmək, cəmiyyətdə çaşqınlıq yaratmaq və milli həmrəyliyə xələl gətirmək məqsədilə də istifadə olunur. Məhz buna görə ideoloji təhlükəsizlik məsələsi də xüsusi aktuallıq qazanır.  Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər dövlətimizin yeni tarixi mərhələdə qarşısında dayanan çağırışlara münasibətdə dövlət siyasətinin mühüm istiqamətlərini ortaya qoyur. Prezident, YAP-ın  Sədri cənab İlham Əliyevin bu çıxış yalnız siyasi partiyanın qarşısında duran vəzifələrin müəyyənləşdirilməsi baxımından deyil, eyni zamanda, müasir dövrdə milli təhlükəsizliyin mahiyyətinə, dövlətçilik dəyərlərinin qorunmasına və cəmiyyətin ideoloji dayanıqlığının təmin edilməsinə dair konseptual yanaşma kimi böyük önəm kəsb edir.

Xüsusilə dövlətimizin başçısının Qurultaydakı çıxışında ideoloji təhlükəsizliyi fiziki təhlükəsizliklə eyni səviyyədə mühüm məsələ kimi təqdim etməsi yeni mərhələnin reallıqlarını göstərir. Prezident İlham Əliyev çıxışında bildirdi:  “İdeoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir. Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq”.

Bəli, dövlətin təhlükəsizliyi artıq yalnız sərhədlərin, ərazi bütövlüyünün və hərbi potensialın qorunması ilə məhdudlaşmır. İnformasiya məkanı, cəmiyyətin düşüncə mühiti, milli-mənəvi dəyərlər və ictimai həmrəylik də təhlükəsizlik sisteminin mühüm komponentlərinə çevrilib. Bu baxımdan cənab Prezidentin dərin məzmunlu və proqram xarakterli bu çıxışı Azərbaycanın yeni milli təhlükəsizlik və ideoloji yanaşmasının konturlarını müəyyənləşdirən siyasi konseptual çərçivə kimi dəyərləndirmək olar. Çünki müasir dövrdə təhlükələr əvvəlki kimi yalnız fiziki sərhədlərdən keçmir. İnternet, sosial media, kiber məkan və süni intellekt yeni təsir imkanları yaradıb. Dövlət başçısının qeyd etdiyi kimi, ideoloji risklər sərhəd tanımır və bu səbəbdən dövlətin təhlükəsizlik siyasətində ideoloji istiqamətin çəkisi artır. Burada əsas məsələ vətəndaşın həmin təsirləri düzgün qiymətləndirə biləcək bilik və dünyagörüşünə malik olmasıdır. Prezident İlham Əliyev bu kontekstdə təhsili əsas müdafiə vasitələrindən biri kimi önə çəkdi. Bildirdi ki, “Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq”.  Təhsilli, məlumatlı və analitik düşünmə qabiliyyətinə malik cəmiyyət dezinformasiyaya, şayiələrə və manipulyativ ideoloji təsirlərə qarşı daha dayanıqlı olur. Beləliklə, təhsil yalnız sosial-iqtisadi inkişaf vasitəsi deyil, həm də milli təhlükəsizliyin mühüm komponentidir. İkinci mühüm istiqamət vətənpərvərlikdir. Vətənpərvərlik dövlətə, milli maraqlara, Konstitusiyaya və dövlətçilik dəyərlərinə bağlılıq kontekstində mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın əldə etdiyi tarixi uğurların gənc nəsildə düzgün dərk edilməsi, dövlətçilik şüurunun möhkəmləndirilməsi və cəmiyyətin vahid milli məqsədlər ətrafında birləşməsi bu yanaşmanın mühüm hissəsidir. Milli dövlətçilik şüurunun, Vətənə bağlılığın və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin xarici təsirlərə qarşı dayanıqlığını artıran əsas amillərdəndir. Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər də milli birlik və həmrəyliyin gücünü nümayiş etdirib.

Dövlət başçısı çıxışında digər mühüm vacib istiqamət ideoloji işin yeni dövrün tələblərinə uyğunlaşdırılmasıdır. Dövlət başçısı şablonlardan və formal xarakter daşıyan tədbirlərdən imtina edilməsinin, yeni və müasir ideoloji işin qurulmasının vacibliyini xüsusi vurğuladı. Bu yanaşma ideoloji fəaliyyətin yalnız tədbirlər və şüarlarla məhdudlaşmamalı, cəmiyyətin real informasiya ehtiyaclarına cavab verməli olduğunu göstərir. Deməli, yeni mərhələnin ideoloji siyasəti ənənəvi təbliğat üsullarından daha geniş anlayışdır. Buraya media savadlılığı, rəqəmsal mədəniyyət, süni intellekt dövründə informasiya təhlükəsizliyi, gənclərin dünyagörüşünün formalaşdırılması, milli-mənəvi dəyərlərin qorunması, dövlətçilik şüurunun gücləndirilməsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi kimi istiqamətlər daxildir. Bu mənada milli təhlükəsizlik anlayışı artıq yeni məzmun qazanır. Əgər əvvəlki mərhələlərdə təhlükəsizlik dedikdə ilk növbədə ərazi bütövlüyü, dövlət sərhədlərinin qorunması və hərbi müdafiə imkanları nəzərdə tutulurdusa, yeni reallıqlar bu anlayışa informasiya və ideoloji təhlükəsizliyi də əlavə edir. Azərbaycanın tarixi Zəfəri, suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasından sonra qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş nəticələrin qorunması və dövlətin dayanıqlılığının yeni çağırışlara uyğun şəkildə möhkəmləndirilməsidir. Bu baxımdan hərbi təhlükəsizliklə yanaşı, informasiya, kibertəhlükəsizlik, ideoloji dayanıqlılıq milli təhlükəsizlik sisteminin ayrılmaz elementlərinə çevrilir.

Beləliklə, Prezident, Müzəffər Ali Baş Komandan, YAP Sədri İlham Əliyevin Partiyanın Qurultayında səsləndirdiyi fikirlər Azərbaycanın yeni mərhələdə ideoloji və milli təhlükəsizlik siyasətinin əsas fəlsəfəsini təşkil edir. Bu yanaşmanın mərkəzində güclü dövlət, milli həmrəylik, savadlı və düşünən cəmiyyət, vətənpərvərlik, informasiya təhlükəsizliyi və müasir çağırışlara uyğun ideoloji fəaliyyət dayanır. Dövlətimizin başçısı Azərbaycanın yeni milli təhlükəsizlik və ideoloji yanaşmasının əsas konturlarını müəyyənləşdirdi. 

Qvami Məhəbbətoğlu, “İki sahil”