04 oktyabr 2026 10:43
138

Yeni dövrün təhlükəsizlik çağırışları və Azərbaycanın strateji xətti

Milli təhlükəsizlik hər bir dövlətin milli maraqlarının həm daxili, həm də xarici siyasət vasitəsilə  qorunmasının, müdafiə tədbirlərinin həyata keçirilməsinin məcmusudur.Təhlükəsizliyin xarici siyasət vasitələri ilə təmin edilməsi özündə ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasını, beynəlxalq təhlükəsizliyə töhfələrimizi, müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin yeni istiqamətlər üzrə inkişaf etdirilməsini, regional əməkdaşlığın  möhkəmləndirilməsinə xidmət edən addımlarımızı və sair kimi mühüm məqamları ehtiva edir. Daxili siyasətə gəldikdə isə, bu məsələdə  iqtisadi və sosial inkişaf,  milli və dini tolerantlıq mühitinin qorunması, demokratiyanın,  ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsi, enerji və nəqliyyat, həmçinin  informasiya təhlükəsizliyi  prioritetdir.

Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycanın qeyd olunan istiqamətlərdə atdığı addımların və bu fonda  əldə edilən uğurların təqdimatıdır. Bu baxımdan  dövlət başçısının oktyabrın 2-də keçirilən Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı dərin məzmunlu, proqram xarakterli çıxışı Azərbaycan dövlətinin  yeni milli təhlükəsizlik konsepsiyası  və ideoloji doktrinası kimi  qiymətləndirilir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən, regionda yeni reallıqlar yaradan, dünyaya sülh təcrübəsini təqdim edən Azərbaycan daim təkmil inkişaf strategiyası ilə beynəlxalq ictimaiyyətin diqqətində olub. Bu kontekstdə xüsusi vurğulamaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından başlanan inkişaf yolunun uğurları  bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Məlum olduğu kimi, hər bir ölkənin inkişafında sabitlik və iqtisadi tərəqqi əsasdır. Dövlət başçısı İlham Əliyev YAP-ın VIII Qurultayında  Azərbaycanın daxili və xarici siyasət uğurlarından geniş bəhs edərək  bu mühüm məqamı xüsusi  vurğuladı ki, enerji resursları ilə zəngin olan  ölkəmiz bu gün çox ciddi geosiyasi və təhlükəsizlik amilinə çevrilir. Çünki enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyi deməkdir və bizim bu istiqaqmətdə  rolumuz daha da artacaq.

Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələri ölkələri, xalqları birləşdirərək yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac edilir.  Azərbaycan  neftinin və təbii qazının ixrac coğrafiyasının  genişlənməsini şərtləndirən ehtiyatlarımız kifayət qədərdir. Dövlət başçısı İlham Əliyev çıxışında vurğuladı ki, Azərbaycana bir çox ölkələrdən müraciətlər daxil olur, xahişlər gəlir ki,  istehsal etdiyimiz neft məhsullarını o ölkələrə ixrac edək: “Biz isə bütün işləri vaxtında görmüşük. Bizim bu gün potensialımız, - mən təkcə neft məhsullarını nəzərdə tuturam, - 30 milyon tondur. Bunun 7 milyon tonu Azərbaycanda neftayırma zavodunda emal olunur, 23 milyon tonu isə xaricdə. Bax, bunu biz vaxtında etdik. Bir zavodu sıfırdan qurduq, iki zavod aldıq. Bu gün 30 milyon ton neft məhsullarına sahib olan, - özü də tək yerdə yox, üç yerdə, - ölkələr də çox deyil. Ona görə nəzərə alsaq ki, bir daha deyirəm, əfsuslar olsun, bizim ətrafımızda gedən müharibələr dayanmır, - biz çox istərdik ki, dayansın, amma dayanmır, - ona görə bizim məhsullarımıza, qazımıza tələbat daha da artacaq… bu, uzunmüddətli strategiyadır, ölkəmizin önəmi getdikcə daha da artacaq. Buraya əgər biz nəqliyyat sektorunu əlavə etsək, - bu barədə də çox danışmaq istəmirəm, - sadəcə olaraq deyə bilərəm ki, bu il Azərbaycan ərazisindən keçən gözlənilən tranzit yüklərin həcmi 16 milyon tona çatacaq. Yəni bu, böyük bir artımdır. Vaxtilə biz 3-4 milyon tonu arzulayırdıq. İnfrastruktur yaratdıq, təmaslar qurduq, o cümlədən lazımi inzibati tədbirləri gördük və bu dəhlizləri - Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik. Ancaq biz yarı yoldayıq. Mən qarşıya hədəf qoymuşam ki, Azərbaycan ərazisindən keçən tranzit yüklər orta müddətdə 30 milyon tona çatacaq. Gör nə qədər bizə əlavə vəsait gələcək, minlərlə iş yerləri yaradılacaq və ölkəmizin önəmi daha da artacaq.”

  Azərbaycanın iqtisadi inkişafı və onun güclü sosial siyasətlə tamamlanması, həmçinin ölkəmizin yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul edilməsi də günümüzün əsas reallıqları sırasındadır. Bu günlərdə Azərbaycanın ikinci dəfə ev sahibliyi etdiyi Beynəlxalq İnvestisiya Forumu da bütün bu reallıqlarımızın dünyaya təqdimatında əhəmiyyətli rol oynadı.  Prezident İlham Əliyev YAP-ın VIII Qurultayında diqqəti bu forumlara yönədərək bildirdi ki,  hər iki forumda imzalanmış investisiya kontraktlarının ümumi həcmi 20 milyard dollardan çoxdur.

Ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin yaradılması ayrı-ayrı dövlətlərlə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini şərtləndirən əsas amillər sırasındadır. Təbii ki, hər bir ölkə iqtisadi əlaqələr qurmaq istədiyi dövlətdə sabitliyə, təhkükəsizliyə, demokratik inkişafa xüsusi önəm verir. Azərbaycanın demokratik inkişafı, həyata keçirdiyi islahatlar təqdir edilir. çağırışlarda daim  bu məqam xüsusi vurğulanır ki, demokratiya sadəcə bir şüar, niyyət deyil, ölkənin hərtərəfli inkişafının əsasıdır. Sabitlik, təhlükəsizlik, demokratiya bütün sahələrdə, o cümlədən xarici siyasətdə  əsas faktorlardan biridir. Azərbaycan mütəmadi olaraq müxtəlif mövzularda beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bu uğurumuzda sabitlik məkanı, təhlükəsiz ölkə kimi nüfuz qazanmağımız, tanınmağımız öz sözünü deyir. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu reallıqlara da diqqəti yönəltdi. Bildirdi ki, xarici siyasətlə bağlı addımlarımız dünyada böyük təqdirlə qarşılanır. Nüfuzumuz artır. Biz bir çox yeni formatlara qoşuluruq. Bu gün Azərbaycan qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bir çox ölkələrlə,  bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə çətin tapılsın.

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri də təbii ki, Türk dünyasının, İslam aləminin birliyinə, həmrəyliyinə davamlı töhfələr verməsi və bunu bütün çağırışlarında öndə saxlamasıdır. Dövlət başçısı İlham Əliyev hər bir çıxışında bu  məsələnin vacibliyini əsaslı şəkildə diqqətə çatdırır. Bu baxımdan Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışı xüsusi əhəmiyyət kəsb etdi. İslam Əməkdaşlıq Təşkilatı ilə çox sıx əlaqələrimizin olduğunu bildirən dövlət başçısı  onu da əlavə etdi ki, gələn il Azərbaycanda Zirvə Görüşü keçirilməlidir: “Bu Zirvə Görüşü sıradan Zirvə Görüşü olmayacaq, çünki bu gün əfsuslar ki, İslam ölkələri bir-biri ilə müharibə aparırlar. Bu bizi çox narahat, məyus edir, bu,  heç vaxt olmamalı idi. Hamı yaxşı bilir ki, biz İslam həmrəyliyinin gücləndirilməsi üçün nə qədər böyük səylər göstəririk və burada da birləşdirici rol oynayırıq. Buna həm bizim tariximiz və bu günümüz, siyasi addımlarımız və imkanlarımız şərait yaradır.”

Reallıq budur ki, Azərbaycan beynəlxalq arenada tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən, hər bir çağırışını real addımları ilə təsdiqləyən ölkə kimi tanınır, nüfuz qazanır. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyi İli” elan edilməsi, Azərbaycanın 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi özündə bütün məqamları ehtiva edir. Şərqlə Qərbin qovuşduğu məkanda  yerləşən Azərbaycan müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirir, onlar arasında körpü rolunu oynayır.

 Bir vacib məqamı da xususi qeyd etmək yerinə düşər ki, milli təhlükəsizliyimizin təmin edilməsində daxili və xarici siyasət uğurlarımızı sadalamaqla bitməz. Burada təhsilin inkişafını, yeni texnologiyaların tətbiqini, həmçinin gənclərimizin milli ruhda, vətənpərvərlik ruhunda tərbiyəsini də xüsusi qeyd etmək lazımdır. Dövr, zaman dəyişir, hər gün qarşıda yeni çağırışlar, vəzifələr dayanır. Onların yüksək səviyyədə cavablandırılması kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. Azərbaycan dövləti hər zaman bu tədbirlərin görülməsini, milli maraqlarının müdafiəsi məsələlərini həyata keçirdiyi siyasətin önündə saxlayır. Ölkəmizin beynəlxalq təhlükəsizliyin,bütün dünyada  sülhün qorunmasına verdiyi töhfələr də davamlılığı ilə diqqətdədir. Bu günlərdə keçirilən IV Bakı Təhlükəsizlik Forumu bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin Forum iştirakçılarına müraciətində vurğuladığı kimi, bu gün dünya sürətli və mürəkkəb dəyişikliklər dövrünü yaşayır: “Beynəlxalq münasibətlər sistemində baş verən proseslər, geosiyasi rəqabətin kəskinləşməsi, müxtəlif regionlarda davam edən münaqişələr və qarşıdurmalar qlobal təhlükəsizlik mühitinə ciddi təsir göstərir. Etimad böhranının kəskinləşməsi və qarşılıqlı anlaşmanın çətinləşməsi milli təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsini və beynəlxalq sabitliyin qorunmasını bütün ölkələrin qarşısında duran fundamental və təxirəsalınmaz prioritetə çevirir. Dünyada sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması bütün dövlətlərin ortaq məsuliyyətidir. Müasir çağırışların miqyası və təhdidedici xarakteri qarşılıqlı əməkdaşlığın gücləndirilməsini, çevik və əlaqələndirilmiş yanaşmaların tətbiqini zəruri edir. Çünki təhlükəsizlik anlayışı artıq ayrı-ayrı dövlətlərin sərhədləri ilə məhdudlaşmır. Hər hansı bir regionda meydana gələn böhran və ya gərginlik ocağı qısa müddət ərzində digər regionlara təsir göstərə, siyasi və iqtisadi sabitliyə, enerji və ərzaq təhlükəsizliyinə xələl gətirə, nəqliyyat və kommunikasiya əlaqələrində ciddi fəsadlara yol aça bilir.” Prezident İlham Əliyev bu fikirləri ilə bir daha Azərbaycanın ölkə  daxilində və onun  hüdudlarından kənarda təhlükəsizlik tədbirlərinin görülməsinə xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyir.

Bütün bu qeyd edilənlərin fonunda Azərbaycanın yeni milli təhlükəsizlik konsepsiyasının istiqamətləri təqdim edilir. Dövlət başçısı İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında  “Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var. Bu, bizim reallıqlarımızdır. Ona görə təhlükəsizlik tədbirləri daim gündəlikdə olmalıdır” söyləyərək  bildirdi ki, ölkə daxilində hər hansı - nə fiziki, nə ideoloji, nə hansısa başqa risklər mövcud deyil. Bütün risklər hüdudlarımızın kənarında formalaşır. Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq: “Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın. Bu gün Azərbaycan reallıqları belədir ki, biz bir çox ölkələr üçün örnək olmuşuq. Ona görə risklərlə bağlı, - həm fiziki, həm ideoloji risklərlə bağlı, - ciddi tədbirlər görülür və görüləcək.”

Prezident bir daha vurğuladı ki, ideoloji təhlükəsizlik də fiziki təhlükəsizlik kimi önəmlidir: “Çünki ideoloji təxribat ölkənin içinə istiqamətləndirilir. Biz sərhədlərimizi qoruyuruq və bu da vəzifələrdən biridir. Dövlət sərhədlərimizin mühafizəsinə, qorunmasına müasir texnologiyalardan istifadə etməklə nail olmuşuq. Amma ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki dünyada, internet dünyasında, kiberhücumlar dünyasında, süni intellekt dünyasında. Ona görə biz özümüzü ideoloji təxribatlardan qorumalıyıq. Necə? İlk növbədə, əlbəttə ki, təhsil. Xalqımız nə qədər təhsilli, bilikli, savadlı olarsa, o qədər də bax, bu yalanlara, bu şayiələrə, zəhərlə dolu olan bu ideoloji təxribatlara uymayacaq. İkinci növbədə, vətənpərvərlik. Əminəm ki, biz hamımız, hər bir vətənpərvər azərbaycanlı, Azərbaycan vətəndaşı öz dövləti ilə fəxr edir. Biz dünyada misli görünməmiş Qələbə qazanmışıq. Özü də yenə də deyirəm, təkbaşına… Ona görə biz həm Qələbəmizlə fəxr edirik, həm cəsarətimizlə fəxr edirik, iradəmizlə fəxr edirik, xalqımızla fəxr edirik, dövlətimizlə fəxr edirik. Ona görə bu da ideoloji təxribatlara qarşı ciddi bir maneədir. Əlbəttə ki, bizim ideoloji məkanımız yad ünsürlərdən, yad təsirlərdən azad olmalıdır. Bu, eyni zamanda, bizim xarici siyasət strategiyamızdır. Xarici siyasəti biz elə qururuq və bundan sonra da qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin.”

   Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında  YAP fəallarına bu çağırışı etdi ki, ideoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var: “Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır.”

Vüqar Rəhimzadə,
Milli Məclisin deputatı