ABŞ vasitəçilərlə bəzi təkliflər irəli sürüb, İran isə Hörmüz boğazının açılması ilə bağlı tutduğu mövqedən geri çəkilmir.
“İki sahil” xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İslam Şurası Məclisinin plenar sessiyasında bildirib.
"Mediada başqa cür danışan amerikalılar, bu yaxınlarda vasitəçilər vasitəsilə bəzi təkliflər irəli sürüblər. Amma onlar anlamalıdırlar ki, vaxtı uzatmaq və birtərəfli tələbləri diktə etmək dövrü keçib. İranın mövqeyi tamamilə aydın və qətidir", - o bildirib və əlavə edib ki, İslamabad anlaşmasına əsaslanan yeddi şərt yerinə yetirilməlidir, əks halda Hörmüz boğazı açılmayacaq.
Onun sözlərinə görə, İran ABŞ-dən qorxmur.
Xatırladaq ki, sentyabrın 30-da "Axios"da yayılan yazıda qeyd olunub ki, qətərli vasitəçilərin ABŞ və İran arasındakı münasibətlərdə diplomatik irəliləyişə nail olmaq cəhdləri əhəmiyyətli nəticələr verməyib. ABŞ və İran arasında münaqişənin nizamlanması çərçivəsində son təmaslar isə sentyabrın 29-da olub.