Bakı Dövlət Universitetində (BDU) keçirilən "Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” Beynəlxalq fənlərarası seminarı çərçivəsində BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Universitetin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən bildirilib ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev imzalayıblar.
Memoranduma əsasən, BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu qoruq ərazisində yerləşən arxeoloji, qayaüstü təsvir və digər mədəni irs nümunələrinin elmi tədqiqi, sənədləşdirilməsi, rəqəmsallaşdırılması, mühafizəsi və təbliği, habelə bu sahələrdə müasir elmi və texnoloji metodların tətbiqi üzrə əməkdaşlıq edəcəklər. Tərəflər Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftının multidisiplinar tədqiqi məqsədilə geofizika, arxeologiya, tarix, coğrafiya, geologiya, informasiya texnologiyaları, məsafədən zondlama, coğrafi informasiya sistemləri (GIS), süni intellekt və digər müvafiq elmi istiqamətlər üzrə Qobustan ərazisinin arxeoloji və mədəni irs potensialını müasir elmi metodlarla kompleks şəkildə öyrənəcək, birgə ekspedisiya, sahə tədqiqatları həyata keçirəcəklər. Bununla yanaşı, BDU-nun tələbə, magistrant, doktorant və tədqiqatçılarının real arxeoloji və mədəni irs mühitində elmi-təcrübi fəaliyyətə cəlb edilməsi, Qobustanın elmi potensialının yerli və beynəlxalq akademik mühitdə tanıdılması da memorandumda əks olunub.
A.Quliyev: Bu gün artıq 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb
Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil - Gülnar Rzayeva
Beynəlxalq Astronavtika Konqresində kosmik texnologiyaların təhsilə inteqrasiyası müzakirə olunur