Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın həyat yoldaşı xanım Nqo Fıın Linin təşəbbüsü ilə paytaxt Hanoyda “İrsin qovuşması-gələcəyin qurulması” mövzusunda 2-ci Dünya Mədəniyyətləri Festivalı keçirilib.
“İki sahil” xəbər verir ki, Vyetnamın UNESCO-ya üzvlüyünün 50 illiyinə həsr edilən festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəni irsinin təqdim edilməsi, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun gücləndirilməsi, habelə Hanoyun beynəlxalq mədəniyyət və mədəni diplomatiya mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsidir. Dörd gün davam edən festivalda 50 ölkə və beynəlxalq təşkilat iştirak edib, 35 milli mətbəx pavilyonu, 18 ölkənin film proqramı və 19 dövlətin milli geyimlərinin təqdimatı olub. Həmçinin 5 qitədən 220-yə yaxın sənətçinin iştirakı ilə beynəlxalq incəsənət proqramları keçirilib.
Festivalın açılış mərasimində Vyetnamın Baş nazir müavini xanım Pham Thi Thanh Tra, mədəniyyət, idman və turizm naziri xanım Lam Thi Phuonq Thanh, Hanoy Xalq Komitəsinin sədri Vu Dai Thanq və digər rəsmi şəxslər, habelə UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazare Eloundou Assomo və diplomatik nümayəndəliklərin rəhbərləri iştirak ediblər. Açılış mərasiminin bədii proqramında Vyetnamın tanınmış sənətçiləri, həmçinin ənənəvi Vyetnam sənət kollektivləri, beynəlxalq proqramda isə müxtəlif ölkələrin musiqi, rəqs və döyüş sənəti nümunələri təqdim olunub, Azərbaycan, Çin, İndoneziya, İsrail, Cənubi Koreya, Laos, Pakistan, Banqladeş, Peru və Ukraynadan incəsənət kollektivləri çıxış ediblər.
Tanınmış saz ifaçısı, aşıq Ramin Qarayevin ifası Azərbaycanın zəngin aşıq musiqisi irsinin Vyetnamda və festivalın beynəlxalq auditoriyası arasında geniş şəkildə tanıdılmasına və təbliğinə mühüm töhfə olub. İfa tamaşaçılar və tədbirdə iştirak edən mədəniyyət və incəsənət sahəsinin nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb, Azərbaycan milli musiqi irsinin özünəməxsusluğu və saz sənətinin ifaçılıq xüsusiyyətləri auditoriyanın diqqətini cəlb edib.
Festival zamanı Azərbaycana ayrılmış 2 pavilyonda ölkəmizə aid milli suvenirlər, səfirlik tərəfindən Vyetnam dilində çap olunmuş kitablar və Ulu Öndər Heydər Əliyevin 1983-cü ildə Vyetnama və Vyetnam lideri Ho Şi Minin 1959-cu ildə Bakıya tarixi səfərlərini əks etdirən fotoşəkillər, eləcədə digər təbliğat materialları nümayiş etdirilib, habelə iştirakçılara və qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim edilib.
Rəsmi açılış mərasimindən sonra Vyetnam Baş nazirinin müavini xanım Pham Thi Thanh Tra və digər rəsmilər Azərbaycan stendini ziyarət edib, burada nümayiş etdirilən milli mədəniyyət nümunələri ilə tanış olub və Kəlbəcərin məşhur “İstisu” mineral suyundan dadıblar. “İstisu” mineral suyunun festival çərçivəsində təqdim edilməsi Azərbaycanın zəngin təbii sərvətlərinin və Kəlbəcərin özünəməxsus təbii irsinin beynəlxalq auditoriyaya tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb. Bunun davamı olaraq, yaxın zamanda qeydiyyat prosedurları bitdikdən sonra ölkəmizin mineral suyunun Vyetnama rəsmi idxalı və satışı nəzərdə tutulub.
Azərbaycan stendi yerli sakinlərin və xarici turistlərin ən çox ziyarət etdiyi pavilyonlardan biri olub. Hanoy Ticarət və Turizm Kolleci və kulinariya üzrə yerli iş adamları festivalda səfirliyin tərəfdaşı olublar.